Məhkəmə qərarları › İş №3(5-95)-582/2026

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(5-95)-582/2026

10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-95)-582/2026 10.03.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X6 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin sahə inspektoru, polis baş leytenantı X1, Zərər çəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2001-ci ildə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 510.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X8 tərəfindən Şəxs İXM-nin 510.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin sahə inspektoru, polis baş leytenantı X4 izahat verərək bildirmişdir ki, X5 ərizə ilə müraciət edərək Şəxs borc verdiyini və pulu geri istədikdə Şəxs onu söyüb təhqir etdiyini qeyd etmişdir. Şəxs polisin çağırışına gəlməmiş və inzibati qaydada tutularaq barəsində İXM-nin 510.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilmişdir. Zərər çəkmiş şəxs X5 izahatında göstərmişdir ki, Şəxs ona verdiyi pulu geri qaytarmasını istəyib, onunla “WhatsApp” vasitəsi ilə danışıb və bu zaman Şəxs onu söyüb təhqir etmişdir. Daha sonra Şəxs onun evinə gəlmiş və aralarında yaranan mübahisə zamanı yenə onu uca səslə təhqir etmiş eyni zamanda polisin də ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirmişdir ki, X5 ilə “WhatsApp” vasitəsi ilə danışıb və ona səsli mesaj göndərərək təhqir etmiş, lakin onun evinə getməmişdir. Söyməsinin səbəbi isə qarşı tərəfin onu söyüb təhqir etməsi olmuş, polisi təhqir etməmişdir. “İnzibati qaydada tutma haqqında” 09 mart 2026-cı il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməlidir. Belə ki, İXM-nin 510.1-ci maddəsinin dispozisiyasına əsasən xırda xuliqanlıq dedikdə ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissiilə törədilən, o cümlədən zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir. Təqdim edilmiş materiallardan görünür ki, Şəxs tərəfindən ictimai qaydanın necə və nə cür pozulması müəyyən olunmur, bu barədə hər hansı bir formada əsaslandırma aparılmamış, məhkəmə iclasında da müəyyən edilməmişdir. Şəxs tərəfindən xırda xuliqanlıq törədilməsinə görə protokol tərtib edilsə də, işin hallarından müəyyən olunur ki, Şəxs X2 ünvanına cəmiyyət arasında nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmamış, belə bir halın olması başqa şəxslər tərəfindən müşahidə olunmamışdır. İXM-nin müddəalarına görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İXM-nin 8.2 və 8.3-cü maddələri). İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (İXM-nin 76.1-ci maddəsi). Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir (İXM-nin 53.2-ci maddəsi). İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir (İXM-nin 105-ci maddəsi). Qeyd olunanlara əsasən Şəxs İXM-nin 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməli sübuta yetirilmədiyindən onun inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və İXM-nin 40, 43, 53.2, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs İXM-nin 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməli sübuta yetirilmədiyindən onun inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin Şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar