Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-95)-67/2026 13.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Vüqar Sarvan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 206 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-dən daxil olmuş, xx.xx.2026-cı il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən, Şəxs qanunsuz olaraq narkotik vasitələrin istehlakında və ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamaqda təqsirli bilinir. Bununla da onun barəsində İXM-in 206 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Proses iştirakçılarının izahatı: İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru, polis baş leytenantı X3 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə axşam saatlarında Binə qəsəbəsində xidməti ərazidə olan zaman Şəxs özünü qeyri-adekvat hərəkətlər etdiyini görüb ona yaxınlaşaraq şəxsiyyətini dəqiqləşdirmək üçün şəxsiyyət vəsiqəsini təqdim etməsini bildirmiş, sonuncu şəxsiyyət vəsiqəsinin üzərində olmadığını dedikdə onun şəxsiyyətini dəqiqləşdirmək üçün Xəzər RPİ-nin 3-cü PŞ-nə dəvət etmiş, lakin Şəxs onun qanuni tələblərinə məhəl qoymayaraq xidməti vəzifəsinin icrasına çətinliklər yaratmışdır. Sonuncu ilə uzun profilaktik söhbətlər aparıldıq sonra Xəzər RPİ-nin 3-cü PŞ-nə aparılmış və müvafiq araşdırma başlanılmışdır. Araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, Şəxs qanunsuz olaraq qəbul etdiyi narkotik vasitənin təsiri altında olduğuna görə polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq qanuni pozmuşdur. Qeyd edilənlərə əsasən Şəxs barəsində qanuna müvafiq tədbir görülməsi üçün inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməllərdə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Binə qəsəbəsində yerləşən evində narkotik vasitə qəbul etmiş, həmin narkotik vasitənin təsirindən həmin gün axşam saatlarında ona yaxınlaşaraq şəxsiyyətini müəyyən etmək üçün polis şöbəsinə dəvət edən polis əməkdaşlarının qanuni çağırışlarına məhəl qoymamışdır. O törətdiyi əməllərdən səmimi peşman olduğunu, himayəsində xəstə övladının olmasını, valideynləri ilə birgə yaşadığını və ailə-məişət şəraitinin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: xx.xx.2026-cı il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Şəxs barəsində Polis Şöbəsinin əməkdaşlarının Raportu əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, xx.xx.1983-ci il təvəllüdlü Şəxs və xx.xx.1985-ci il təvəllüdlü X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti icra edilməsindən ötrü inzibati ərazidə xidmət aparan sahə inspektoruna həvalə olunması qərara alınmışdır. Ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2026-cı il tarixli, 257 nömrəli rəyindən görünür ki, Şəxs sidiyində narkotik vasitə olan THC (+), MTD (+) aşkar olunur, kannabinoidlərin qəbulu nəticəsində asılılıq sindromu aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji tibbi müəssisədə dispanser qeydiyyata alınması məsləhət görülür. İnzibati qaydada tutma haqqında xx.xx.2026-cı il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 22:00-da tutulmuşdur; Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru, polis baş leytenantı X3 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs polisin qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik göstərmiş və qanunsuz olaraq narkotik vasitə istifadə etmişdir. Tətbiq edilən qanunvericilik Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. 206-cı maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə - iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, inzibati xəta haqqında iş üzrə toplanmış materialları, o cümlədən xx.xx.2026-cı il tarixli MN seriyalı ******* saylı nömrəli inzibati xəta haqqında protokolları, Respublika Narkoloji Mərkəzinin rəyini, inzibati xəta haqqında protokolu tərtib etmiş polis əməkdaşının və barəsində icraat aparılan şəxs Şəxs izahatını və digər sənədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiq edərək, öz daxili inamı ilə qiymətləndirərək hesab edir ki, Şəxs əməlində İXM-in 206 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların tərkib elementləri mövcuddur və onun inzibati məsuliyyətə cəlb edilməsi üçün kifayət qədər hüquqi və faktiki əsaslar vardır. İXM-in 535.1-ci maddəsi üzrə: Bu inzibati xətanın obyekti idarəçilik qaydaları, xüsusilə də dövlət hakimiyyəti nümayəndəsinin normal fəaliyyətinin təmin edilməsi ilə bağlı yaranan ictimai münasibətlərdir. Obyektiv cəhətdən xəta, ictimai qaydanın pozulmasının qarşısını almaq məqsədilə ona yaxınlaşan və özünü təqdim edən polis əməkdaşının qanuni tələblərinə məhəl qoymamaqda ifadə olunmuşdur. Belə ki, Şəxs polis əməkdaşının onu şöbəyə dəvət etməsinə baxmayaraq, onunla getməkdən imtina etmiş, ictimai qaydanın pozulmasına yönələn hərəkətlər etmiş, bu hərəkətsizliyin dayandırılması ilə bağlı tələblərə qarşı açıq tabesizlik göstərmişdir. Qeyd olunan hallar inzibati xəta tərkibinin mövcudluğunu sübut edir. Subyektiv cəhətdən bu əməl də birbaşa qəsdlə törədilmişdir. Şəxs qarşısındakı şəxsin polis əməkdaşı olduğunu və onun tələblərinin qanuni xarakter daşıdığını dərk etmiş, lakin buna baxmayaraq, qəsdən onun tələblərini yerinə yetirməkdən imtina etmişdir. İXM-in 206-cı maddəsi üzrə: Bu xətanın obyekti ictimai sağlamlıq və narkotik vasitələrin qanuni dövriyyəsi qaydalarıdır. Obyektiv cəhətdən əməl, psixotrop maddələrin istehlakında ifadə olunur. Bu fakt X1 13 yanvar 2026-cı il tarixli, 257 nömrəli saylı rəyi ilə təkzibedilməz şəkildə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş xətaların zaman ardıcıllığını və hüquqi xarakterini təhlil edərək müəyyən edir ki, burada inzibati xətaların real məcmusu mövcuddur. Şəxs fərqli vaxtlarda, bir-birinin ardınca müxtəlif hərəkətlərlə iki müstəqil inzibati xəta törətmişdir. Bu səbəbdən, tənbeh təyin edilərkən İXM-in 34.4-cü maddəsinin prinsipləri rəhbər tutulmalıdır. İnzibati tənbeh tədbirinin növünü və həddini müəyyən edərkən, məhkəmə İXM-in 31ci maddəsinin tələblərini rəhbər tutur. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən, Şəxs törətdiyi əməllərdən səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında İXM-in 33-cü maddəsi ilə müəyyən edilmiş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməllərin məcmusu onun ictimai təhlükəliliyinin yüksək olmasından xəbər verir. O dövlət hakimiyyətinin nüfuzuna (İXM 535.1), habelə ictimai sağlamlığa (İXM 206) qəsd edən hüquqazidd əməllər silsiləsi törətmişdir. Tətbiq edilən tənbeh həm törədilmiş xətaların cəmindən irəli gələn ictimai təhlükəyə mütənasib olmalı, həm də İXM-in 21-ci maddəsində nəzərdə tutulan islah və preventiv məqsədlərə nail olmağı təmin etməlidir. Məhkəmənin qənaətinə görə, hazırki iş üzrə inzibati cərimə tənbehinin tətbiqi törədilən xətaların məcmusunun ciddiliyi ilə mütənasib deyildir və şəxsin islah olunması üçün kifayət qədər çəkindirici təsirə malik olmayacaqdır. İctimai asayişi nümayişkaranə şəkildə pozmaq, bu pozuntunun qarşısını alan hakimiyyət nümayəndəsinin qanuni göstərişlərinə tabe olmamaq, eyni zamanda narkotik vasitə istehlak etmək, şəxsin hüquqi nizama və cəmiyyətdə bərqərar olmuş davranış qaydalarına qarşı dərin hörmətsizliyini göstərir. Belə şəraitdə, yalnız cəmiyyətdən müvəqqəti təcrid edilməni nəzərdə tutan inzibati həbs tənbehi ultima ratio (son vasitə) olaraq tənbehin məqsədlərinə nail olmağa imkan verə bilər. Məhkəmə, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini, inzibati məsuliyyəti yüngülləşdirən hal kimi əməllərindən səmimi peşmançılıq çəkməsini (İXM-in 32.1.1 maddəsi), ağırlaşdıran halların müəyyən olunmamasını və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, o, İXM-in 206 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli, İXM-in 34.3-cü maddəsinə əsasən ona İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbiri tətbiq edilməli və narkomaniyadan məcburi müalicə təyin edilməklə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İXM-in 89.5-ci maddəsinə uyğun olaraq, inzibati həbsin əvvəli onun faktiki tutulduğu xx.xx.2026-cı il tarixdən saat 22:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-in 206 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 30 (otuz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli xx.xx.2026-cı il tarixdən saat 22:00-dan hesablansın. Şəxs İXM-in 115.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi tibbi müəssisədə dispanser qeydiyyata alınsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüqar Məhərrəmov
Məhkəmə qərarları › İş №3(5-95)-67/2026
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(5-95)-67/2026
13.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver