Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-95)-91/2026 05.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Vüqar Sarvan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs - X1 işirakları ilə, X1 Bakı şəhəri Baş Polis İdarəsinin X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, İXP7068055 nömrəli protokolu əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP7566681 nömrəli inzibati tənbeh vermə barədə qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, İXP7068055 nömrəli protokolu əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP7566681 nömrəli inzibati tənbeh vermə barədə qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X2 barəsində xx.xx.2025-ci il tarixində İPX7068055 nömrəli protokol əsasında inzibati cərimə tətbiq edilməsi haqqında qəbul edilmiş qərardan xx.xx.2025-ci il tarixində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müvafiq ərizə ilə şikayət etmiş, qarşı tərəfin iddia və qərarını təsdiq edən hər hansı sübut təqdim etməməsi səbəbindən məhkəmə tərəfindən şikayət qismən təmin edilərək xx.xx.2025-ci il tarixli İPX7068055 nömrəli qərar ləğv edilərək yenidən araşdırılması üçün Bakı şəhəri Baş Polis İdarəsinin X6 İdarəsinə göndərilməsi haqqında qərar qəbul olunmuşdur. Məhkəmə qərarının qəbul edilməsindən təxminən iki ay keçməsinə baxmayaraq ona tətbiq edilmiş inzibati cərimələr elektron informasiya sistemindən silinməmiş, həmçinin barəsində xx.xx.2025-ci il tarixli, TP7566681 nömrəli inzibati tənbehvermə haqqında qərar qəbul edilərək 100 (yüz) manat məbləğində cərimə və 3 (üç) bal tətbiq edilmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP7566681 nömrəli inzibati xəta haqqında qərara məhkəmə qaydasında baxılaraq şikayətin tam təmin olunmaqla həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatı: Məhkəmə iclasında X2 verdiyi şikayətin məzmununa uyğun çıxış edərək qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə Buzovna qəsəbəsində istifadəsində olan BMW markalı 428İ modelli avtomobili yolun hərəkətsiz hissəsinə çəkərək tam şəkildə mühərriki söndürməklə saxlamış, bu vaxt arxa oturacaqda oturmuş oğlu arxa oturacaqdan ön oturacaqların arasından keçərək onun sağ tərəfindən sürücünün sağ yanındakı oturacağa keçmişdir. Bir az sonra X4 əməkdaşı ona yaxınlaşaraq uşağın ön oturacaqda əyləşməsini ona irad bildirib uşağın guya avtomobil hərəkət halında olarkən ön oturacaqda əyləşdiyini iddia etmiş və bu barədə barəsində xx.xx.2025-ci il tarixində İPX7068055 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Həmin qərardan Bakı şəhər Xəzər Rayon Məhkəməsinə şikayət etmiş, şikayəti qismən təmin edilərək qərar ləğv edilmiş və yenidən araşdırılması üçün Bakı şəhəri Baş Polis İdarəsinin X6 İdarəsinə göndərilmişdir. Bakı şəhəri Baş Polis İdarəsinin X6 İdarəsi isə onun iştirakını təmin etmədən, ondan xəbərsiz yenidən araşdırma aparmaqla guya xx.xx.2025-ci il tarixdə yuxarıda baş verməsi iddia olunan inzibati xəta hadisəsinə görə barəsində xx.xx.2025-ci il tarixli, TP7566681 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X6 İdarəsi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP7566681 nömrəli inzibati tənbeh haqqında qərarın qanunsuz və əsassız olduğuna görə ləğv edilməsini, başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP7566681 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2, xx.xx.2025-ci il tarixində, saat 17:56-da Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, C.Cabbarlı küçəsi ərazisində idarə etdiyi “BMW 428İ” minik markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən sərnişin daşıma qaydalarının pozulması səbəbindən o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 100 manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(003)-1391/2025 nömrəli qərarından görünür ki, X1 şikayəti qismən təmin edilmiş, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə inzibati xəta törətməsinə dair Bakı şəhər X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, İXP7068055 nömrəli protokolu əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər X6 İdarəsinə göndərilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsaslardan biri də (135.1.5-1.) həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunmasıdır. 327.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən ... sərnişin daşıma ... qaydalarının pozulmasına ... görə yüz manat məbləğində cərimə edilirlər. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməli, Bakı şəhəri Baş Polis İdarəsinin X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP7566681 nömrəli qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarından görünür ki, X2 barəsində Bakı şəhər X5 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, İXP7068055 nömrəli protokol əsasında inzibati tənbeh tətbiq edilmiş, həmin qərardan verilmiş şikayət Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, inzibati tənbeh vermə haqqında qərar ləğv olunaraq iş yenidən baxılması üçün inzibati orqana qaytarılmışdır. Bundan əlavə, xx.xx.2025-ci il tarixli, TP7566681 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi zamanı inzibati xətanın törədilməsini təsdiq edən mötəbər və qanuni sübutlar təqdim edilməmişdir. İnzibati xəta haqqında protokol və qərar yalnız polis əməkdaşının subyektiv mülahizələrinə əsaslanmış, nə video-görüntü, nə şahid ifadəsi, nə də digər obyektiv sübutlarla təsdiqlənmişdir. Məhkəmə iclasında şikayətçinin izahatından müəyyən edilmişdir ki, azyaşlı uşağın avtomobilin ön oturacağına əyləşməsi nəqliyyat vasitəsi hərəkətsiz vəziyyətdə olduğu zaman baş vermişdir. Nəqliyyat vasitəsinin hərəkətdə olması halı sübuta yetirilmədiyindən, Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin obyektiv tərəfi mövcud deyildir. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və 8.3-cü maddəyə görə şəxsin təqsirli olması barədə bütün şübhələr onun xeyrinə həll edilməlidir. Hazırkı iş üzrə şikayətçinin təqsirliliyini təsdiq edən sübutlar olmadığından, mövcud şübhələr onun xeyrinə qiymətləndirilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası İXM-in 53.1-ci maddəsinə uyğun olaraq, inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bu norma Məcəllənin 105.1-ci və 114.2.1-ci maddələri ilə də təsbit olunmuşdur. Qərarından şikayət verilən inzibati orqanın nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etmək, habelə müvafiq sübutları təqdim etməsinə şərait yaratmaq məqsədilə məhkəmə tərəfindən bir neçə dəfə inzibati orqana məktub göndərilmiş, bir neçə dəfə bu səbəbdən məhkəmə iclasları təxirə salınmışdır. Buna baxmayaraq inzibati orqan tərəfindən nümayəndəsinin iştirakı təmin edilməmiş, ehtimal olunan inzibati xəta hadisəsinin törətdilməsini təsdiq edən hər hansı sübut məhkəməyə göndərilməmişdir. İnzibati orqan tərəfindən bu kimi davranış göstərməsi inzibati tənbeh vermə haqqında qərarın əsassız olduğunu bir daha təsdiq edir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhər X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP7566681 nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır, inzibati xəta tərkibi sübuta yetirilməmişdir və bu səbəbdən həmin qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanununun: 1-ci maddəsinə əsasən, yol hərəkəti dedikdə nəqliyyat vasitələrinin avtomobil yollarında və yolun hərəkət üçün nəzərdə tutulmuş hissəsində hərəkəti başa düşülür. 2-ci maddəsinə görə isə yol hərəkətinin təhlükəsizliyi yol hərəkətində iştirak edən şəxslərin hüquq və vəzifələrinin qanunla müəyyən edilməsi yolu ilə təmin edilir. Məhkəmə həmçinin qeyd edir ki, sürücü yalnız nəqliyyat vasitəsi hərəkətdə olduğu zaman sərnişinlərin təhlükəsiz daşınmasını təmin etməyə borcludur. Bu maddənin məzmunundan da aydın olur ki, sərnişin daşıma qaydalarının pozulması anlayışı yalnız nəqliyyat vasitəsinin faktiki hərəkətdə olduğu hallara şamil edilir. Nəqliyyat vasitəsinin yolun hərəkətsiz hissəsində dayanmış vəziyyətdə olması halında bu tələblərin pozulması inzibati məsuliyyət üçün əsas hesab edilə bilməz. Bundan əlavə, Azərbaycan Respublikasının “Avtomobil yolları haqqında” Qanununun: 1-ci maddəsinə əsasən, avtomobil yolu nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş mühəndis qurğular kompleksi hesab olunur. Həmin Qanunun tələblərinə əsasən, yol hərəkəti yalnız avtomobil yolunun hərəkət üçün nəzərdə tutulmuş hissəsində baş verdiyi halda hüquqi nəticələr doğurur. 2-ci maddəsinə əsasən avtomobil yolları Azərbaycan Respublikasının ərazisində avtomobillərlə daxili və ya tranzit yük və sərnişin daşımalarının təhlükəsizliyinin təmin edilməsi sahəsində bütün hüquqi və fiziki şəxslərin, dövlət hakimiyyəti orqanlarının zəruri tələbatının ödənilməsinə, habelə dövlətin təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsinə xidmət edir. Hazırkı iş üzrə nəqliyyat vasitəsinin avtomobil yolunun hərəkət hissəsində hərəkətdə olması faktı inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Bu isə inzibati xəta tərkibinin mövcudluğunu istisna edir. Eyni zamanda, “Sərnişin daşıma” anlayışı qanunvericilikdə nəqliyyat vasitəsi ilə sərnişinlərin hərəkət prosesində bir məntəqədən digərinə aparılması kimi nəzərdə tutulmuşdur. Nəqliyyat vasitəsinin hərəkətsiz olduğu halda sərnişinin avtomobilə minməsi və ya yerini dəyişməsi sərnişin daşıma qaydalarının pozulması kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə qənaətə gəlir ki, X2 Bakı şəhəri Baş Polis İdarəsinin X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP7566681 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməli, qeyd olunan qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2, 114, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ:
1. Şikayət təmin edilsin.
2. Bakı şəhəri Baş Polis İdarəsinin X6 İdarəsinin X2 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP7566681 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin.
3. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Vüqar Məhərrəmov