Məhkəmə qərarları › İş №3(5-95)-93/2026

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(5-95)-93/2026

05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-95)-93/2026 05.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Vüqar Sarvan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ32009693 inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: X3 şikayət ərizəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən barəsində xx.xx.2025-ci il tarixli, EQ32009693 nömrəli elektron protokol və həmin protokol əsasında qərar qəbul edilmiş, həmin qərardan Baş X5 İdarəsinə şikayət verməsinə baxmayaraq məlum qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərara görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı, yəni nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durmasında təqsirli bilinir. Lakin o qeyd edilən inzibati xətanı törətməmiş, həmin vaxt yol hərəkətinin iştirakçısı olan piyada yol keçdiyindən məcburiyyət qarşısında qalaraq avtomobili saxlamış və həmin piyadanın hərəkətini davam etdirərək yolun hərəkət hissəsindən kənarlaşmasına şərait yaratmış, lakin onun bu hərəkəti İXM-in 346.4-cü maddəsində nəzərdə tutulan əməl kimi qiymətləndirilmiş, piyadanın yolu keçməsi fotoşəkildən də görünməsinə baxmayaraq nəzərə alınmamışdır. Qeyd edilənlərə əsasən barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ32009693 nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Proses iştirakçılarının izahatı: Məhkəmə iclasında X3 verdiyi şikayətin məzmununa uyğun çıxış edərək və məhkəməyə barəsində qəbul edilmiş digər inzibati tənbeh vermə haqqında qərara əlavə olunmuş müvafiq foto şəkilləri təqdim edərək xx.xx.2025-ci il tarixli, EQ32009693 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən səlahiyyətli orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, həmçinin hadisə ilə əlaqədar videogörüntüləri təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ32009693 nömrəli inzibati tənbeh vermə haqqında qərardan çıxarışdan görünür ki, X3 yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanma və ya durmasına görə Azərbaycan Respublikası İXM-in 346.4-cü maddəsi ilə təqsirli bilinib 2 bal və 80 manat cərimə edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə - səksən manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci və 14-cü maddələrinə əsasən, yol hərəkətinin əsas məqsədi hərəkət iştirakçılarının həyat və sağlamlığının qorunmasıdır və sürücü yol hərəkətində təhlükəsizliyi təmin etmək üçün zəruri tədbirlər görməyə borcludur. Eyni zamanda, həmin Qanunun müddəalarına görə, təhlükənin qarşısının alınması məqsədilə nəqliyyat vasitəsinin məcburi şəkildə dayandırılması dayanma anlayışına aid edilmir və inzibati xəta tərkibi yaratmır. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, nəqliyyat vasitəsinin qarşısından piyada hərəkət etmiş, həmin ərazidə piyada zolağı mövcud olmamışdır. Bu halda sürücünün piyadanın vurulmasının qarşısını almaq məqsədilə avtomobili müvəqqəti olaraq dayandırması obyektiv zərurətdən irəli gəlmiş və yol hərəkətinin təhlükəsizliyi prinsiplərinə uyğun olmuşdur. Belə hərəkət inzibati xətanın subyektiv tərəfini – təqsiri istisna edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Habelə, İXM-in 8.4-cü maddəsinə görə, şəxsin təqsirli olması ilə bağlı aradan qaldırıla bilməyən şübhələr onun xeyrinə həll edilməlidir. İş üzrə inzibati orqan tərəfindən inzibati xətanın törədilməsini təsdiq edən yetərli və mötəbər sübutlar – videogörüntü məhkəməyə təqdim edilməmiş, iş materiallarına əlavə edilmiş foto şəkillərdən isə avtomobilin qarşısında piyada olduğuna görə hərəkəti məcburi dayanma hərəkəti etdiyi görünür. Bakı şəhər X5 İdarəsi tərəfindən müəyyən edilmiş müddətdə videogörüntülər məhkəməyə təqdim edilməmişdir. Şikayətə baxılması ilə bağlı təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X5 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və X2 istinad edilən xətanın əsaslılığına dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, sözgedən uyğunsuzluq, yəni R.B.Rzayevin yolun nəqliyyat vasitəsinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayandırmasının məcburi dayanma olub-olmamasını, şəxsin avtomobilinin qarşısında olan və şəkildə əks edilmiş şəxsin həmin avtomobildən düşüb-düşməməsinin müəyyən edilməsi habelə iş üçün əhəmiyyətli olan digər hallar araşdırıldıqdan sonra, inzibati xəta tərkibinin əlamətlərinin olub-olmamasına hüquqi qiymət verilməsi mümkündür. Göründüyü kimi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, EQ32009693 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X5 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ32009693 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və hazırki qərar inzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 115, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ:

1. Şikayət qismən təmin edilsin.

2. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinib 80 manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ32009693 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin.

3. X1 İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə dair iş üzrə əlavə araşdıma aparılması üçün qərarın surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi göndərilsin

4. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim Vüqar Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar