Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-95)-96/2026 14.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Vüqar Sarvan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X2, Müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, evli, orta təhsilli, məhkum olunmamış, Cəlilabad rayonu, Privolnoye ərazi dairəsi, Privolnoye kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş, xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməməkdə təqsirli bilinir. Bununla da onun barəsində İXM-in 528.1-ci maddəi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Proses iştirakçılarının izahatı: Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən icra məmuru X6 protokolu müdafiə edərək, bildirmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-903/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə 6300,0 manat məbləğində aliment borcunu ödəməkdən yayınmış və icra məmurunun icra sənədinin icrası ilə bağlı qanuni tələblərini yerinə yetirməmişdir. Hazırda tələbkar borcun tam ödənilməsini xahiş etmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, borc tələbinin ödənilməsindən qəsdən boyun qaçırmır. O, hazırda fəhlə kimi çalışdığını, gündəlik gəlirinin 25 (iyirmi beş) manat təşkil etdiyini, azyaşlı uşaqlarının saxlanılması ilə məşğul olduğunu, onlara mütəmadi olaraq ərzaq və geyimlə təminat göstərdiyini bildirmişdir. Şəxs hazırkı maddi vəziyyəti səbəbindən borcu birdəfəlik ödəmək imkanının olmadığını, lakin borcun hissə-hissə ödənilməsi istiqamətində öhdəlik götürdüyünü və gələcəkdə də öhdəliklərin icrasından yayınmayacağını bəyan etmişdir. Bununla əlaqədar olaraq, barəsində daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X10 izahatında bildirmişdir ki, Şəxs üzərinə düşən öhdəliklərin icrasından yayınmaq niyyəti yoxdur. Vəkil qeyd etmişdir ki, hüquqlarını müdafiə etdiyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs borc tələbinin yerinə yetirilməsinə münasibətdə vicdanlı mövqe nümayiş etdirdiyindən bu səbəbdən ona qarşı həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli, protokoldan görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-903/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-903/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2025-ci il tarixdən başlayaraq, yetkinlik yaşına çatmayan xx.xx.2018-ci il təvəllüdlü X8, xx.xx.2021-ci il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutumalıdır. xx.xx.2025-ci il tarixdə Cəlilabad rayon İcra və probasiya şöbəsi tərəfindən icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və 10 gün müddətində könüllü icra edilməsi üçün Şəxs göndərilmişdir. xx.xx.2025-ci il tarixdə Cəlilabad rayon İcra və probasiya şöbəsi tərəfindən Şəxs “xəbərdarlıq” olunaraq icra sənədində olan tələbi könüllü icra etməyəcəyi halda barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati protokol tərtib ediləcəyi nəzərinə çatdrılmışdır. xx.xx.2025-ci il tarixdə Cəlilabad rayon İcra və probasiya şöbəsi tərəfindən “borclunun axtarışı haqqında” qərar qəbul edilməklə Şəxs barəsində axtarış elan edilmişdir. xx.xx.2025-ci il tarixdə Cəlilabad rayon İcra və probasiya şöbəsi tərəfindən “icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” qərar qəbul edilməklə icra sənədi icra olunması üçün Bakı şəhəri Xəzər rayon icra şöbəsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Xəzər rayon icra şöbəsi tərəfindən Şəxs “xəbərdarlıq” olunaraq icra sənədində həmin tarixə olan tələbi, yəni 6000 (altı min) manat məbləğində borcunu könüllü icra etməyəcəyi halda barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati protokol tərtib ediləcəyi nəzərinə çatdrılmışdır. Şəxs Bakı şəhəri Xəzər rayon İcra Şöbəsində verdiyi izahatdan görünür ki, o icra sənədi barədə xəbərdardır, cəmi 300,0 manat ödəniş edib, hazırda işsizdir. Tətbiq edilən qanunvericilik «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-in: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 528.1-ci maddəsinə əsasən, İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, işin araşdırılmış hallarından müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın icra sənədi barədə məlumatı olmuş, lakin icra sənədi üzrə tələbi icra məmuru tərəfindən verilmiş müddətdə yerinə yetirməmiş və icra məmurunun çağırışlarına gəlməkdən qəsdən boyun qaçırmış, nəticədə barəsində axtarış elan olunmuş, bundan sonra icra şöbəsinə könüllü gəlmişdir. İcra sənədi üzrə tələbin yerinə yetirilməməsinin səbəbi isə maddi durumunun aşağı olmasıdır. Bu səbəbin isə üzrlü hesab edilməsi əsassızdır. Ona görə də məhkəmə hesab edir ki, onun barəsində İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokol əsaslıdır. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən Şəxsnın hərəkəti düzgün olaraq İXM-in 528.1-ci maddəsi ilə tövsif etmiş və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Barəsində icraat aparılan şəxs Şəxs, borclarını işləməməsi səbəbindən ödəyə bilməməsini bildirmişdir. Lakin məhkəmə bu dəlili üzrlü səbəb kimi qəbul etmir. Borclu öz üzərinə düşən vəzifəni yerinə yetirməmişdir. Məhkəmə qərarının icrası hamı üçün zəruridir. Daha sonra çağırışlardan yayındığı barəsində axtarış elan edilmişdir. Bu isə onun borcların ödənilməsinə laqeyd yanaşmasını və məhkəmə qərarlarının icrasına kifayət qədər məsuliyyətlə yanaşmadığını göstərir. İnzibati tənbeh tədbirinin növünü və həddini təyin edərkən, məhkəmə İXM-in 31-ci maddəsinin tələblərini rəhbər tutur. Məhkəmə, İXM-in 32-ci maddəsinin tələblərinə uyğun olaraq, Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hər hansı bir hal müəyyən etməmişdir. Məhkəmə iclasında İXM-in 33-cü maddəsi ilə müəyyən edilmiş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bütün bu halların məcmusunu – törədilmiş xətanın davamlı və inadkar xarakterini, zərərçəkmiş şəxslərin hüquqlarının kobud şəkildə pozulmasını və borclunun islah olunmağa meylli olmamasını, yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının müdafiəsinin ən mühüm prinsiplərdən olmasını – nəzərə alaraq, məhkəmə hesab edir ki, İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbehinin tətbiqi qeyrieffektiv və qeyri-mütənasib olardı. Belə şəraitdə, İXM-in 21-ci maddəsində nəzərdə tutulmuş tənbeh məqsədlərinə nail olmaq üçün yeganə adekvat tədbir, onun cəmiyyətdən müvəqqəti təcrid edilməsini nəzərdə tutan inzibati həbs növündə tənbehin tətbiq edilməsidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2026-cı il tarixdən saat 18:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X7 X1 həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə şikayət və ya protest verilə bilər. Hakim Vüqar Məhərrəmov
Məhkəmə qərarları › İş №3(5-95)-96/2026
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(5-95)-96/2026
14.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver