Məhkəmə qərarları › İş №3(5-96)-245/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-245/2026

04.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-245/2026 04.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 31162787 nömrəli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 31162787 nömrəli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-a məxsus DAF markalı ** JT *** qeydiyyat nişanı yük avtomobili xx.xx.2025-ci il tarixdə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi istiqamətində hərəkətdə olarkən avtomobil yolunun 44.6-cı km EQ31162787 saylı elektron protokola əsasən İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsinə əsasən 353.2-ci (yəni yüklə birlikdə çəki normasını aşmaqla idarə edilməsinə görə) maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzbati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsi ilə 1200 manat məbləğində cərimə olunmuşdur. Qeyd edilən yük avtomobili Qaradağ sement məhsullarının daşımasını təmin edir. Yük avtomobili zavoddan çıxarkən yüklə birlikdə çəkisi qanunla göstərilən normadan (norma 40 tondur) artıq olmamışdır. Həmin yük avtomobilinə qeyd edilən tarixdə nəqliyyata tam uyğun olması barədə yük-nəqliyyat qaiməsi verilmişdir. Cərimə qanunsuz yazıldığı üçün inzibati xəta haqqında qərar ləğv edilərək cərimə silinməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 31162787 nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəsi ilə bağlı izahat verərkən X2 bildirmişdir ki, idarə etdiyi yük maşınını yola çıxmamışdan əvvəl MMC-nin həyətində olan tərəzidə çəkərkən 38 ton olduğu müəyyən edilmişdir, yolda quraşdırılan tərəzi isə onun avtomobilinin 45 ton 490 kiloqram olması barədə yanlış məlumat ötürmüş, bu səbəbdən onun barəsində inzibati xəta haqqında qərar qəbul edilmişdir. Qərarla razılaşmır, şikayətinin təmin edilməsini qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilmiş orqana rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün hesab edir. Məhkəmə şikayət ərizəsinə, həmçinin təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 31162787 nömrəli qərarına əsasən X2 xx.xx.2025-ci il tarixdə idarə etdiyi DAF yük markalı **-JT-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materialına əlavə edilmiş çəki qəbzindən aydın olur ki, X2 xx.xx.2025-ci il tarixdə, saat 02:10 radələrində **-JT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 61km/saat sürət həddini aşmışdır. Beləliklə, məhkəmə X1 şikayətinin dəlillərini işdə olan sübutlar və izahatlara əsasən qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və rədd edilməlidir. Məhkəmə təqdim olunmuş sübutlara əsaslanaraq qeyd edir ki, şikayət ərizəsinə əlavə olunmuş qəbzin əldə edildiyi tərəzinin müvafiq şəhadətnaməsi, həmin tərəzinin sonuncu dəfə hansı tarixdə sertifikasiya olunması barədə şikayət verən şəxs tərəfindən müvafiq sənədlər təqdim edilmədiyindən həmin tərəzinin standartlara uyğunluğunu müəyyən etmək mümkün olmamışdır. X2 xx.xx.2025-ci il tarixdə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi istiqamətində hərəkətdə olarkən "xxxx" MMC-a məxsus DAF markalı, ** JT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmişdir. Bu isə istinad edilən normativ hüquqi akta əsasən Azərbaycan Respublikasında nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş, icazə verilən həddin aşılması ilə nəticələnmişdir. Həmin normativ hüquqi aktda qeyd olunan parametrlər avtomobilə münasibətdə deyil, üzərində hərəkət olunan yola münasibətdə tətbiq olunur. İş materialına əlavə edilmiş hərəkət halında çəki ölçmə nəzarət sistemindən əldə olunmuş məlumata əsasən belə növdə olan nəqliyyat vasitələrinə yük daşıma üçün icazə verilən ən yuxarı həddə çəki parametri 40 tondur. Qeyd edilmiş qərarla icazə verilmiş həddən yuxarı çəkidə yük daşıyan nəqliyyat vasitələri avtomobil yollarını zədələyərək deformasiyasına, sıradan çıxmasına səbəb ola bilir. Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yollarında iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin ölçülməsi məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən istifadə edilən hərəkət halında çəki ölçmə nəzarət sistemi ilə digər özəl və ya kommersiya məqsədli tərəzilər arasında bir sıra mühüm fərqlər mövcuddur. AYNA-nın tətbiq etdiyi hərəkət halında çəki ölçmə nəzarət sistemi nəqliyyat vasitələrinin çəkisinin və ox yükünün hərəkət zamanı ölçülməsini təmin edən avtomatlaşdırılmış sistemdir. Bu sistem vasitəsilə nəqliyyat vasitələri dayandırılmadan, yol örtüyünə quraşdırılmış sensorlar sayəsində ölçülür, qeydiyyat nömrəsi, hərəkət sürəti, tarix və vaxt kimi əlavə məlumatlarla birlikdə məlumatlar real vaxtda mərkəzi nəzarət sisteminə ötürülür. Bu yanaşma nəqliyyat axınının pozulmaması, ölçmələrin yüksək dəqiqliklə və insan müdaxiləsi olmadan aparılması baxımından üstünlük təşkil edir. Eyni zamanda bu sistem vasitəsilə aparılan ölçmələr hüquqi əsas daşıyır və normadan artıq çəki və ölçü ilə hərəkət edən nəqliyyat vasitələri barəsində inzibati tədbirlərin görülməsi üçün əsas kimi istifadə olunur. Bunun əksinə olaraq, digər özəl şirkətlər və kommersiya obyektlərində istifadə edilən tərəzilər adətən stasionar və ya portativ olur və nəqliyyat vasitəsinin dayandırılaraq tərəziyə daxil olunmasını tələb edir. Ölçmə prosesi bəzi hallarda yarıavtomatik və ya tamamilə əllə idarə olunduğundan insan faktoru və müdaxilə ehtimalı daha yüksəkdir. Həmçinin bu tərəzilərdən alınan nəticələr hər zaman hüquqi əsas daşımaya bilər və yalnız daxili nəzarət məqsədləri üçün istifadə oluna bilər. Beləliklə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tətbiq edilən hərəkət halında çəki ölçmə sistemi texniki baxımdan daha üstün, avtomatlaşdırılmış, dəqiq və hüquqi cəhətdən etibarlı nəzarət mexanizmi kimi qiymətləndirilir. Digər tərəzilər isə daha çox kommersiya və texniki nəzarət məqsədilə istifadə olunan, lakin hüquqi cəhətdən məhdud əhatəyə malik olan ölçmə vasitələridir. Bu səbəbdən məhkəmə hazırki şikayətə əlavə edilmiş özəl şirkətlərdən əldə olunan ölçmə nəticəsini mötəbər hesab etmir. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşqulu, üçoxlu dartıcı ikioxlu yanmqoşqulu və üçoxlu dartıcı üçoxlu yanmqoşqulu nəqliyyat vasitələri üçün icazə verilən qabarit və çəki parametri 40 tondur. Həmin qərarın 1.3-cü maddəsinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. Həmin qərarın 1.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş yol vergisindən başqa, ümumi istifadədə olan avtomobil yollarında müəyyən olunmuş qabarit və çəki normalarını aşmaqla ölkədaxili və beynəlxalq yük daşımalarını həyata keçirən nəqliyyat vasitələrinə onların avtomobil yolları və yol qurğularına vurduğu ziyana görə bu qərara uyğun olaraq ödənişlər tətbiq edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinə əsasən dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 31162787 nömrəli inzibati xəta tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan, X2 isə şikayətini əsaslandıracaq faktları təqdim etmədiyindən şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 31162787 nömrəli inzibati tənbehvermə haqqında qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar