Məhkəmə qərarları › İş №3(5-96)-255/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-255/2026

25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-255/2026 25.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Nümayəndə Qaradağ RPİ-nin YNH üzrə baş inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Cəbrayıl rayonun, C.Mərcanlı kəndində yaşayan. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara əsasən, Şəxs 12.12. 2025ci il tarixdə etibarnamə əsasında idarə etdiyi **-SD-*** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində hərəkətdə olarkən qarşıda sağ tərəfdə olan yolayrıcına dönərək, qarşısında dayanmış dövlət qeydiyyat nişanlı xatırlamadığı VAZ 21011 markalı avtomobili ötərək yenidən əsas yola qayıtmışdır. Bu zaman sol tərəfdən gələn avtomobili gözləmədiyi üçün X3 idarə etdiyi **-UZ-*** dövlət qeydiyyat nişanlı Toyota Corolla markalı avtomobillə toqquşmuşdur. Toqquşma nəticəsində X3 idarə etdiyi **-UZ-*** dövlət qeydiyyat nişanlı Toyota Corolla markalı avtomobildə sağ ön oturacaqda sərnişin qismində əyləşmiş X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid xəsarətlər almışdır. Hadisə nəticəsində X3 idarə etdiyi **-UZ-*** dövlət qeydiyyat nişanlı Toyota Corolla markalı avtomobilə maddi ziyan dəymişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında özünü təqsirli bildiyini, inzibati xətanı qəsdən törətmədiyini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin olmadığını, həmçinin zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi ilə bağlı təkliflər etdiyini, tar instrument üzrə musiqi müəllimi işlədiyini bildirmiş, ilk dəfə inzibati məsuliyyətə cəlb olunduğunu nəzərə alaraq, barəsində sürücülük hüququnun məhrum edilməsi ilə bağlı olmayan tənbeh tədbirinin seçilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən Qaradağ RPİ-nin YNH üzrə baş inspektoru X4 izahatında bildirmişdir ki, hadisə xx.xx.2025-ci il tarixdə baş vermişdir. Hadisə üzrə zərərçəkmiş şəxsin aldığı xəsarətin dərəcəsi yüngül olduğundan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, Şəxs inzibati məsuliyyətə cəlb edilmiş barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs hərəkətlərində cinayət məsuliyyəti əks etdirən hallar olmadığından sonuncu Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Qaradağ RPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli 973 saylı rəyindən görünür ki, Vət. R.T.Qasımovun məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət-başın alın nahiyəsinin əzilmiş yarası bərk küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X10 müraciət etdiyi xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. İş materiallarında olan zərərçəkmiş şəxs X5 izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə dostu Məhərrəmov Murad ilə birlikdə Murada məxsus Toyota Corolla markalı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində hərəkətdə olmuşlar. Avtomobili Murad idarə etdiyi zaman özü ön sağ tərəfdə əyləşmişdir. Qəflətən sağ tərəfdən Toyota Prius markalı nqəliyyat vasitəsi onlarla toqquşmuş, toqquşma nəticəsində baş nahiyəsindən xəsarət almışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs etibarnamə əsasında idarə etdiyi **-SD-*** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində hərəkətdə olarkən qarşıda sağ tərəfdə olan yolayrıcına dönərkən sol tərəfdən gələn avtomobili gözləmədiyi üçün X3 idarə etdiyi **-UZ-*** dövlət qeydiyyat nişanlı Toyota Corolla markalı avtomobillə toqquşmuşdur. Toqquşma nəticəsində X3 idarə etdiyi **- UZ-*** dövlət qeydiyyat nişanlı Toyota Corolla markalı avtomobildə sağ ön oturacaqda sərnişin qismində əyləşmiş X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid xəsarətlər almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarını, zərərçəkmiş şəxsin şikayət, tələbinin olmamasını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130, 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar