Məhkəmə qərarları › İş №3(5-96)-258/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-258/2026

24.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-258/2026 24.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, X4 qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 26 dekabr 2025-ci il tarixli, 00100-04005/25 saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/017505 saylı xx.xx.2025-ci il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, "Şəxs" MMC ünvanına 65651986 nömrəli nəqliyyat vasitəsi ilə gələn Bakı Baş Gömrük İdarəsində xx.xx.2025-ci il tarixli **********1943 sorğu nömrəli gömrük bəyannaməsi Bakı Baş Gömrük İdarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin "X1 Sistemi informasiya resursundan "malın çatdırılması və boşaldılması"-na dair çıxarışdan görünür ki, 65651986 nömrəli nəqliyyat vasitəsi ilə "Şəxs" MMC-nin ünvanına göndərilən mallar xx.xx.2025-ci il tarixdə saat 02:24 radələrində "Yalama" gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair qısa idxal bəyannaməsi gömrük orqanına verilməmişdir. "Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və digər buraxılış sistemlərindən istifadə Qaydalarının" təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar aks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Nəticədə Şəxs MMC tərəfindən (inzibati xətanı törədən fiziki şəxsin adı, atasının adı ve soyadı, hüquqi şəxsin adı) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 3-33- 1100/012/040370 saylı xx.xx.2025-ci il tarixli raport, Gömrük Xidmətinin "X1 sistemi" informasiya resursundan "Malin çatdırılması və boşaldılması"na dair çıxarış və işdə olan digər sənədlərlə tam və kifayət qədər təsdiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 izahatında bildirmişdir ki, Şəxs MMC tərəfindən Şirkətin ünvanına gələn mallara dair qısa idxal bəyannamələrinin verilməməsinə səbəb sənədlərin bizə gec göndərilməsi olmuşdur.Bu səbəbdəndə qısa idxal bəyannamələrini gömrük orqanına təqdim edə bilməmişik. Gömrük qaydalarının pozulduğunu etiraf edirik. Məhkəmənin 10 fevral 2026-cı il tarixli iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X3 öz izahatında protokolu qismən qəbul edərək bildirmişdir ki, mexaniki səhv nəticəsində qısa idxal bəyannaməsi verilməmişdir. Belə ki, həmişə ilk olaraq qısa idxal bəyannaməsini verib sonra AQTA-dan fitosanitar haqqında sertifikat almışlar. Lakin bu dəfə birinci AQTA-dan sertifikat alınmışdır. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə Şəxs MMC-yə və Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məlumat verilməsinə baxmayaraq həmin təşkilatlardan nümayəndələr məhkəmə iclasında iştirak etməmişlər, bunun səbəbləri barədə də məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə işə nümayəndələrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: AZ1063, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN:**********) 26 dekabr 2025-ci il tarixli, 00100-04005/25 saylı protokol üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onu surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar