Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-264/2026 27.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Hüseynova Günay Nəsimi qızının katibliyi, Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, deməsinə görə “Qızılqaya” daş karyerində müdir vəzifəsində çalışan, Ağdam rayonu, Saybalı kəndində qeydiyyatda olmaqla, deməsinə görə ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsindən daxil olmuş inzibati materialdan aydın olur ki, Şəxs Qaradağ rayon Məhkəməsinin 16(002)-108/2025 saylı, 14 avqust 2025-ci il tarixli icra sənədinə əsasən icra sənədində qeyd olunan ərazidən texnika və avadanlıqları ərazidən çıxarmadığına görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibatı protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin icra məmuru X7 protokolu müdafiə edərək bildirmişdir ki, Qaradağ rayon Məhkəməsinin 16(002)-108/2025 saylı, 14 avqust 2025-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin icraatında olan 2(002)-3371/2025 saylı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Abşeron rayon İcra Hakimiyyət Başçısının 108 saylı xx.xx.2013-cü il tarixli sərəncamı ilə X1 ayrılmış 5,5 ha torpaq sahəsindən cavabdehler X2, X5 və digər şəxslər tərəfindən istifadə edilməsi qadağan edilməsi, eyni zamanda onlar tərəfindən mübahisəli torpaq sahəsində işlərin görülməsində istifadə etdikləri texnika və avadanlıqlar həmin ərazidən çıxarılması və qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Həmin icra sənədi icra olunması üçün Qaradağ rayon icra şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq 18 avqust 2025-ci il tarixdə tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. O öz izahatında daha sonra göstərmişdir ki, qeyd olunan icra sənədini icrası ilə əlaqədar həmin əraziyə dəfələrlə gedilmişdir. Mübahisələndirilən ərazinin X1 məxsus olmasını müəyyən etmək məqsədi ilə rəsmi dövlət orqanlarından mütəxəssislər dəvət edilsə də qeyd olunan ərazinin müvafiq çıxarışı və koordinatlarına dair dəqiq məlumatlar olmadığına görə rəy verilməsindən imtina edilmişdir. Onun tərəfindən iddiaçının göstərdiyi və təqdim etdiyi sənədlər əsasında qeyd olunan ərazinin X1 məxsus olması müəyyən edilmişdir. Qeyd olunan ərazidə dəfələrlə, o cümlədən sonuncu dəfə 09 yanvar 2026-cı ildə və 12 yanvar 2026-cı ildə gedilmiş və bununla bağlı Şəxs iştirakı ilə müvafiq aktlar tərtib edilmişdir. Əraziyə baxış zamanı orada Şəxs məxsus texnikaların olduğu müəyyən edildiyinə görə texnikaların ərazidən çıxarılması ilə bağlı ona xəbərdarlıq edilmişdir. Lakin buna baxmayaraq Şəxs tərəfindən həmin ərazidə iş aparılmasa da texnikaların ərazidən çıxarılması təmin edilməmişdir. Odur ki, tərtib etdiyi protokolu müdafiə edərək Şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən borclu Şəxs öz izahatında barəsində tərtib edilmiş protokolu qəbul etməyərək göstərmişdir ki, o heç bir pozuntu törətməmişdir. O, özünə məxsus olan “Qızılqaya” daş karxanasında fəaliyyət göstərir. Qarşı tərəf onun öz ərazisində fəaliyyət göstərməsinə mane olur. Onun fəaliyyət göstərdiyi ərazinin X1 məxsus olması sübut edilməmişdir. Lakin buna baxmayaraq o icra məmurunun tələbinə tabe olaraq ərazidən çıxmış və texnikalarını da kənara çəkmişdir. Odur ki, bütün bu qeyd etdiklərinin nəzərə alınaraq əməlində inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxs barəsində tərtib edilmiş protokolu qəbul etməyərək bildirmişdir ki, Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Birincisi icra məmurlarının olduqları ərazinin X1 heç bir aidiyyatı yoxdur. Belə ki, qeyd olunan ərazi ilə bağlı əvvəllər, uzun müddətli məhkəmə çəkişmələri olmuş və sonuncu dəfə, sözügedən, mübahisə edilən torpaq sahəsinin iddiaçıya aid olmadığı müəyyən edildiyindən iddia tələbi rədd edilmişdir. Bunu sonuncu qəbul edilmiş Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-3491/2024, xx.xx.2024-cü il tarixli qərarı da təsdiq edir. Bundan başqa həmin sənədlər özü də bir daha onu göstərir ki, mübahisəli torpaq sahəsinin konkret harada yerləşməsi keçirilən məhkəmə proseslərində də dəqiq müəyyən edilməmişdir. İcra məmuru tərəfindən də müvafiq araşdırılma aparılmadan, bu barədə rəsmi hər hansı bir sənəd və mütəxəssis rəyi olmadan, yəni mübahisəli ərazinin yeri və sahibi müəyyən edilməyərək qanunsuz protokol tərtib edilmişdir. Bundan başqa qeyd olunan ərazinin hətta X1 məxsus olması müəyyən edilsəydi belə Şəxs həmin ərazdə yerləşən torpaq sahəsindən istifadə etməsi halı mövcud olmadığından barəsində inzibati xəta haqqında protokol tərtib edilə bilməzdi. Odur ki, bütün bu qeyd etdiklərinin nəzərə alınaraq hüquqlarını müdafiə etdiyi Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını, təqdim edilmiş sübutları və icra işini nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs əməlində inzibati xəta tərkibi olduğundan barəsində tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı icra məmuru tərəfindən borclu Şəxs iştirakı ilə tərtib edilmiş aktlardan da aydın olur ki, Şəxs, X1 məxsus torpaq sahəsindən texnika və avadanlıqları çıxarmaqdan imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, borclunun qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasından xeyli müddət keçməsinə baxmayaraq qərarı icra etməməsi qərəzli yayınma kimi qiymətləndirilməlidir. Buna görə də məhkəmə yuxarıda qeyd olunanları və törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin aşağı həddə tətbiq edilməsi daha qanuni, əsaslı və ədalətlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 27 yanvar 2026-cı il tarixdən saat 18:00-dan hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. 4.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Sədrlik edən: Rufan Mürsəlov