Məhkəmə qərarları › İş №3(5-96)-329/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(5-96)-329/2026

02.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-96)-329/2026 02.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlu, Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci PŞ-dən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci PŞ-də tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, toplanmış material Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci PŞ-ə qaytarılmalıdır. Belə ki, zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları alınmamışdır. Bununla yanaşı zərərçəkmiş şəxs X1 yetkinlik yaşına çatmayan şəxs olmasına baxmayaraq onun qanuni nümayəndəsi işə cəlb edilməmişdir. Bununla da zərərçəkmiş şəxsin qanunvericlikdə nəzərədə tutulmuş prosessual hüquqları pozulmuşdur. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət əleyhinə olan iznibati xətalarda dəymiş ziyanın ödənilməsi və zərərçəkmiş şəxslə barışıq əldə edilibedilməməsi məsələsi aydınlaşdırılmalıdır. Buna baxmyaraq qeyd edilən məsələlər müəyyənləşdirilmədən toplanmış material məhkəməyə göndərilmişdir. Bundan başqa oğurlanmış predmetin qiymətinin 200 manat olduğu qeyd edilsə də bunu təsdiq edən hər hansı sübut (mütəxəssis rəyi və sair) iş materiallarına əlavə edilməmişdir. Oğurlanmış predmetin qiymətinin müəyyən edilməsi işin hərtərəfli tam və obyektiv araşdırılması üçün vacib əhəmiyyət daşıyır. Belə ki, həmin predmetin dəyəri şəxsin cinayət, yaxud inzibati məsuliyyətə cəlb edilməsinin müəyyən edilməsində həlledici rol oynayır. İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Göründüyü kimi sözügedən maddə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinə istinad edir. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Hazırda isə iş materiallarında zərərin qiymətləndirilməsi ilə hər hansı prosessual hərəkət edilməsini təsdiq edən sənədlər iş materiallarına əlavə edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 63.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir. İnzibati Xətalar Məcəlləsinin 70.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərin nəticəsində şəxsən maraqlı olmayan, sübutların aşkar edilməsində, götürülməsində və rəsmiləşdirilməsində, habelə texniki vasitələrin tətbiq edilməsində kömək göstərilməsi üçün xüsusi biliyə malik olan şəxs icraatında inzibati xəta haqqında iş olan hakim, vəzifəli şəxs tərəfindən inzibati xətalar haqqında iş üzrə icraatda iştirak etmək üçün mütəxəssis kimi dəvət olunur. İnzibati Xətalar Məcəlləsinin 79.2-ci maddəsinə görə zərər çəkmiş şəxsin və şahidin izahatları inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən nöqsanlar, yəni zərərçəkmişin qanuni nümayəndəsinin işə cəlb edilməməsi, zərərçəkmişin izahatının alınaraq toplanmış materiallara əlavə edilməməsi, oğurlanmış əmlakın qiymətləndirilməsinə dair mütəxəssis və ya ekspert rəyinin alınmaması halları aradan qaldırılması üçün inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48, 63,70,79 və 109-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və toplanmış material Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci PŞ-nə qaytarılsın. Hakim: Emin Fətəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar