Məhkəmə qərarları › İş №3(5-96)-336/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-336/2026

02.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-336/2026 02.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Hüseynova Günay Nəsimi qızının katibliyi, Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis kapitanı X3, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxxx 1997-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, deməsinə görə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən “Socar”-a aid binada yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 206, 510 və 535.1-ci maddələri ilə inzibati inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-nin polis sahə inspektoru, polis kapitanı X6 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün Bakı şəhər Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PŞ-nin polis sahə inspektoru, polis kapitanı X6 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki,. Şəxs 01 fevral 2026-cı il tarixdə saat 06:45 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Binə” TM-nin qarşısında yerləşən “Nəvələrim” adlanan kafedə sərxoş vəziyyətdə davadalaş yaradaraq səs-küy salmış və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bundan sonra PŞ-nə gətirilmiş və müayinə zamanı onda orta dərəcə alkoqol sərxoşluğu və narkotik vasitələrdən istifadə etməsi müəyyən edilmişdir. O izahatında daha sonra bildirmişdir ki, İXM-nin 206, 510 və 535.1-ci maddələri ilə təqsirli bilinən Şəxs 01 fevral 2026-cı il tarixdə saat 07:30-da inzibati qaydada tutulmuşdur. Bundan sonra Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə 02 fevral 2026-cı il tarixli, MN ******* saylı inzibati protokol tərtib edilmişdir. Odur ki, protokolu müdafiə edərək barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs tənbeh edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 öz izahatında göstərmişdir ki 01 fevral 2026-cı il tarixdə səhər saat təxminən 07:00 radələrində sonradan adını bildiyi Ənvər adlı şəxs sərxoş vəziyyətdə onun işlətdiyi “Binə” TM-nin qarşısında yerləşən “Nəvələrim” adlanan kafeyə gələrək ucadan heç bir səbəb olmadan səs-küy salaraq nalayiq ifadələr işlətməyə başlamışdır. O, bu hadisənin əvvəllər də bir neçə dəfə təkrar olduğunu qeyd edərək hadisə yerinə polis dəvət edərək həmin şəxsi sakitləşdirməyə çalışmışdır. Odur ki, bu barədə tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında törətdiyi əməli etiraf edərək bildirmişdir ki, təxminən 10- 15 gün əvvəl narkotik vasitənin marixuana növündən istifadə etmişdir. 01 fevral 2026-cı il tarixdə səhər saat təxminən 07:00 radələrində sərxoş vəziyyətdə onun işlətdiyi “Binə” TMnin qarşısında yerləşən “Nəvələrim” adlanan kafeyə gələrək spirtli içki tələb etmiş, lakin içki verilmədiyinə görə əsəbləşərək ucdan nalayiq ifadələr işlətməklə səs-küy salmışdır. Törətdiyi əməldən peşiman olduğunu, bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə, izahatları dinləyərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X9 “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəyə dair” 01 fevral 2026-cı il tarixli, 2/5997 saylı protokoldan aydın olur ki, Şəxs 01 fevral 2026-cı il tarixdə saat 09:50 radələrində müayinə olunarkən onda “orta dərəcəli” alkoqol sərxoşluğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X9 Ambulator X1 02 fevral 2026-cı il tarixli, 788 nömrəli rəyindən aydın olur ki, Şəxs Kannabinoidlərdən istifadə etmə halları olub. Lakin halhazırda Şəxs müayinə zamanı Narkomaniya Xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş “İnzibati qaydada tutma” haqqında 01 fevral 2026-cı il tarixli protokoldan aydın olur ki, Şəxs yuxarıda qeyd olunan inzibati pozuntu ilə əlaqədar 01 fevral 2026-cı il tarixdə saat 07:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və barəsində narkomaniyadan məcburi müalicənin olmasını nəzərə alaraq hesab edir ki, şəxsin barəsində inzibati həbs növündə tənbeh tədbirinin seçilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 01 fevral 2026-cı il tarixdən saat 07:30-dan hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ RPİ-nin 10-cu PŞ-ya həvalə edilsin. 4.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar