Məhkəmə qərarları › İş №3(5-96)-397/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-397/2026

06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-397/2026 06.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Kazımlı Orxan Əli oğlunun katibliyi, Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis şöbəsinin sahə inspektoru, polis leytenantı X3, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə, Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Masallı rayonu, M.Talışxanov küçəsi 139 qeydiyyatda olan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Daxil olmuş protokolda və protokola əlavə edilmiş inzibati xəta haqqında materialda göstərilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 19:00 radələrində, Qaradağ rayonu, Ələt qəsəbəsindən Lökbatan dairəsi istiqamətinədək 1 saat boyunca digər maşın sürücüsü Zərərçəkmiş şəxsı sıxışdıraraq təhlükəli manevrlər etmiş, xanımın ünvanına nalayiq ifadələr işlətmişdir. Nəticədə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 06 fevral 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis leytenantı X6 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi icraatına daxil olmuşdur. Quliyev X1 RPİ-nin 10-cu Polis şöbəsinə dəvət olunmuşdur. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən Məhəmmədli Quliyev ilə Dişad Əhmədlinin idarə etdikləri avtomobillərin yanaşı hərəkət etməsi müəyyən edilmişdir. Müddət keçdiyi üçün təhlükəsiz şəhər kamerası vasitəsilə avtomobillərin yanaşı hərəkət etməsini əks etdirən fotoşəkil və videoları əldə etmək mümkün olmamışdır. Hadisə Ələt qəsəbəsindən Lökbatan dairəsi istiqamətində baş vermişdir. Məhəmmədli Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə xanım Zərərçəkmiş şəxs idarə etdiyi “Hyundai Elantra” markalı avtomobili təqib edərək həmin xanımın ünvanına nalayiq ifadələr işlətmişdir. Şəxs barəsində inzibati həbs növündə iznibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, hadisə zamanı xanım Zərərçəkmiş şəxs təhqir etməmişdir. Ələt istiqamətində sol zolaqla hərəkət edərkən “SOCAR” YDM yaxınlığında rastlaşmışlar və ötmə əməliyyatı etdiyi üçün Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə qısa müddət sonra yol vermişdir. Daha sonra Zərərçəkmiş şəxs ötmək istəyərkən həmin xanım ona yol vermədiyindən o, sağ zolaqdan ötmə etmişdir. Ötmə edərkən xanım da sürəti artıraraq ona “şərəfsiz” demişdir. Zərərçəkmiş şəxs təhqir etməmişdir. Xanım avtomobili idarə edərək uzaqlaşmış, daha sonra Qaradağ postunu keçdikdən sonra sağla hərəkət edən zaman Zərərçəkmiş şəxs onun yanında öz avtomobili ilə keçmişdir. O, qara rəngli “Mercedes” markalı “**-TM-***” dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Avtomobilində videoqeydiyyat funksiyasına malik kamera, hadisə ilə bağlı hər hansı fotoşəkil və ya video olmamışdır. Avtomobilində tanımadığı 3 nəfər sərnişin olmuşdur. Avtomobilinin ön tərəfində 1 nəfər, arxa tərəfdə isə 2 nəfər sərnişin əyləşmişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə yol verməməsinin səbəbi onun başqa nəqliyyat vasitəsini ötmə əməliyyatı etməsi olmuşdur. İkinci dəfə xanımdan yol istəyərkən xanım ona yol vermədiyi üçün sağ hərəkət zolağı ilə hərəkət etmişdir. Şıxov istiqamətində gedəcəyi üçün yolun sol hissəsi ilə hərkət etdiyi zaman Zərərçəkmiş şəxs onun sağından keçmişdir. İlk dəfə belə bir hadisə baş verdiyindən barəsində cərimə tətbiq olunmasını xahiş etmişdir. Cərimə tətbiq olunmasını xahiş etməsi onun özünü təqsirli bilməsi mənasına gəlməməlidir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, o, 2020-ci il Vətən Müharibəsində şəhid olan əri X2 məzarını ziyarət edib idarə etdiyi “Hyundai ELantra” markalı “**-EG-***” dövlət qeydiyyat nişanlı avtomobillə qayıdarkən Ələt qəsəbəsi ərazisində olduğu vaxt qızını xəstəliyi ilə əlaqədar həkimə aparmalı olduğu üçün qarşısındakı “Mercedes” markalı “**-TM-***” dövlət qeydiyyat nişanlı avtomobildən yol istəmişdir. Qarşısındakı nəqliyyat vasitəsini keçdikdən sonra həmin avtomobil onun qarşısına keçərək onu sıxışdırıb qəfil əyləcləmə edərək qəza vəziyyəti yaratmışdır. O, sağ hərəkət zolağında həmin avtomobil ilə yanaşı hərəkət edən zaman yan şüşəni açaraq həmin avtomobilin sürücüsünə onun avtomobilində 2 uşağının olduğunu bildirərək “şərəfsiz, nə edirsən” demişdir. Bu zaman “Mercedes” markalı “**-TM-***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, avtomobilin ön və arxa oturacaqda əyləşən sərnişinlər ona qarşı nalayiq ifadələr işlətmişlər. Nalayiq ifadələrin konkret olaraq nə olduğunu eşitməsə də, həmin avtomobilin sürücüsü və sürücünün yanındakılar ona nalayiq əl-qol hərəkətləri etmişlər. Qarşıdakı posta çataraq onu təqib edən avtomobili şikayət etmək istəsə də, yolda polis nəfərlərini görmədiyi üçün avtomobildən düşməmişdir. Lökbatan dairəsi, yəni Bakı kənar dairəvi yolu yaxınlığında yerləşən Şıxov istiqamətinə çatmamış “Azpetrol” YDM-də “Mercedes” markalı “**-TM-***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onun avtomobilinə yaxınlaşaraq onun avtomobilini sıxışdırmışdır. O, həmin avtomobildən yaxa qurtarmaq üçün torpaq yola çıxmağa məcbur qalmışdır. Zərərçəkmiş şəxs əlavə olaraq bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə baş verən hadisə barədə xx.xx.2026-cı il tarixdə şikayət etməsinin səbəbi avtomobildə xəstə övladının olması ilə bağlı olmuşdur. Övladını 4 ildən çox müddət müalicə etdirmişdir. Həkim rəyinə əsasən uşağına stres, həyacan və gərginlik övladına mənfi təsir edir. Hadisə zamanı “Mercedes” markalı avtomobilin sürücüsü və sərnişinlər həmin avtomobilin həm ön, həm də arxa şüşələri endirib ona nalayiq ifadələr işlətsələr də həmin ifadələri tam olaraq eşitməmişdir. Lakin həmin şəxslərin ona nalayiq əl-qol işarələri etdiyini görmüşdür. Üzləşdirmədən sonra Şəxs etdiyi müəyyən hərəkətləri boynuna almışdır. Hadisə zamanı uşaqlarının avtomobilində olmasının nəzərə alınmasını və Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Zərərçəkmiş şəxs xx.xx.2026-cı il tarixli şikayət ərizəsindən görünür ki, xx.xx.2026-cı il tarixdə təxminən 19:00 radələrində Sabirabad rayonundan Bakı şəhəri istiqamətində özünə məxsus olan “Hyundai Elantra” markalı “**-EG-***” dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən Ələt istiqamətində qarşısında hərəkət edən “Mercedes” markalı avtomobilə yol verməsi üçün işıqla işarə vermişdir. Daha sonra həmin avtomombilin sürücüsü Şəxs ona yol vermiş və təxminən 1 saat onu təqib edərək Lökbatan dairəsinə qədər arxasınca gəlmiş, yolda dəfələrlə kobud şəkildə yol hərəkəti qaydalarını pozaraq onun avtomobilini sıxışdırmışdır. Hərəkətdə olarkən avtomobilin yan tərəfinə yaxınlaşıb, şüşələri endirərək ona qarşı nalayiq ifadələr işlətmişdir. Şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. “İnzibati qaydada tutulma haqqında” xx.xx.2026-cı il tarixli protokoldan görünür ki, Şəxs 05 fevral 2026-cı il tarixdə saat 13:30-da inzibati qaydada tutulmuşdur. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən və internet informasiya resurslarından əldə edilmiş məlumatlara əsasən Zərərçəkmiş şəxs əri X4 xx.xx.2020-ci il tarixdə Vətən Müharibəsində şəhid olmuşdur. BDYPİ tərəfindən verilmiş çıxarışlardan görünür ki, xx.xx.2026-cı il tarixdə ilk öncə Bakı-Qazax yolu istiqamətində Zərərçəkmiş şəxs Şəxs idarə etdiyi avtomobildən arxada olmuş, sonra isə Şəxs Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin arxasınca hərəkət edərək onu təqib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilməsə də, məhkəmə çıxışı zamanı ona cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Şəxs özünü təqsirli bilməməsinə baxmayaraq daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etməsi, onun törətdiyi inzibati xətanı etiraf etməsi kimi qiymətləndirilməlidir. Məhkəmə tərəflərin izahatını və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs əməlində ictimai qaydanı qəsdən pozaraq xırda xuliqanlıq əməli törətməsi öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs himayəsində azyaşlı uşağının olmasını məsuliyyəti yüngülləşdirən hal kimin nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 05 fevral 2026-cı il tarixdən, saat 13:30-dan hesablansın. Şəxs saxlanılması üçün Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbsolunanların saxlama mərkəzinə təhvil verilsin. Qərarın icrası Bakı şəhəri Qaradağ RPİ-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Emin Fətəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar