Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-451/2026 03.03.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Hüseynova Günay Nəsimi qızının katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə X2 Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Vİ Tağım Baş Yol Patrul Xidməti inspektoru, polis mayoru X3 tərəfindən qəbul edilmiş 01 fevral 2026-cı il tarixli TP ******* nömrəli qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək idarə etdiyi və özünə məxsus olan ** UE *** dövlət nömrə nişanlı Mersedes-Benz S500 markalı avtomobilə 30 yanvar 2026-cı il tarixdə əsassız yazılmış İXP ******* saylı Protokolun ləğv edilməsi və bu Protokolun yazılmasında günahkar olanların cəzalandırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, 30 yanvar 2026-cı il tarixdə saat 20 radələrində idarə etdiyi özünə məxsus olan ** UE *** dövlət nömrə nişanlı Mersedes-Benz S500 markalı avtomobillə Bakı-Qazax avtomobil yolunun 47,5-ci km-də yerləşən Qaradağ YPX postunun qarşısında 3 zolaqlı yolun 2-ci hərəkət zolağından tam boş olan 1-ci zolağının genişləndirilmiş hissəsində dayanmaq üçün sürətini azaldaraq sağ hərəkət zolağına keçərkən avtomobili arxadan onunla eyni hərəkət zolağında (3 zolaqlı yolun 2-ci zolağında) hərəkətdə olan X1 idarə etdiyi DAF XF460 FT Yük markalı ** QQ *** dövlət nömrə nişanlı avtomobillə arxadan vurulmuşdur. Nəticədə avtomobili çox ciddi zədələr almışdır. Qəza baş verən ərazidə sürət həddi 60 km/saatdır. Qǝza anı Qaradağ YPX postunun ərazisində mövcud olan kameralarla qeydə alınmışdır. Protokol ona təqdim olunarkən məlum olmuşdur ki, qeydə alınmış kamera görüntülərində avtomobillərin eyni hərəkət zolağında (3 zolaqlı yolun 2-ci zolağında) hərəkət etdiyi və qəza anında idarə etdiyi avtomobilin 1-ci hərəkət zolağına keçmə hərəkətini tamamlama anında 2-ci zolaqda hərəkət edən yük avtomobili ilə vurulduğu aydınca görünməsini nəzərə almadan mənə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi üzrə "əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozulmasına, görə "protokol yazılmışdır. Kamera görüntülərindən də göründüyü kimi o manavr etmə qaydalarını pozmamışdır. 3 zolaqlı yolun 2-ci hərəkət zolağından tam boş olan 1-ci zolağa keçid manavr etmə qaydalarının pozması hesab olunmur. Onun kamera görüntülərinin protokola əlavə edilməsi barədə xahişləri nəzərə alınmamışdır. Bu göröntüləri yalnız o məhkəməyə müraciət etdikdən sonra hadisənin araşdırılması məqsədi ilə məhkəmənin tələbi əsasinda onlara verə biləcəklərini bildirdilər. Hadisə nəticəsində onun avtomobilini əzən DAF XF460 FT Yük markalı ** QQ *** dövlət nömrə nişanlı avtomobilin sürücüsünə də İnzibzti Xətalar Məcəlləsinin 327.1-ci maddəsi üzrə protokol yazılmışdır. Hadisənin kameralar vasitəsi ilə qeyd olunmuş görüntülərini diqqətə aldıqda baş vermiş yol nəqliyyat hadisəsi üzrə idarə etdiyi və özünə məxsus olan ** UE *** dövlət nömrə nişanlı Mersedes-Benz S500 markalı avtomobilə 30 yanvar 2026-cı il tarixdə yazılmış İXP ******* saylı Protokolun əsassız olduğu məlum olur. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X4 öz izahatında verdiyi şikayəti müdafiə edərək göstərmişdir ki, 30 yanvar 2026-cı il tarixdə Bakı şəhərindən Goranboy rayonuna gedərkən “Mercedes Benz S500 minik” markalı, ** UE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə üçzolaqlı yolun ikinci zolağı ilə hərəkətdə olarkən təxminən saat 20:20 radələrində 719 saylı stasionar postun qarşısından keçdikdən sonra avtomaşını saxlamaq məqsədi ilə sürəti azaltmış, dönmə işığını yandıraraq yolun tam boş olan birinci zolağına keçərkən anidən arxadan gələn yük maşını onu vurmuşdur. Bu hadisədə onun heç bir təqsiri olmasa da əsassız olaraq barəsində İXM-ni 327.1-ci maddəsi ilə protokol tərtib edilərək 40 manat cərimələnmişdir. Odur ki, qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə DİN-nin BDYPİ-na qanunverilikdə nəzərdə tutulmuş qaydada təkrarən məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə də heç bir məlumat verilməmişdir, lakin qeyd olunan inzibati xəta hadisəsinin videogörüntüləri məhkəməyə təqdim edilmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş DİN-nin BDYPİ-nin Vİ Tağım Baş Yol Patrul Xidməti inspektoru, polis mayoru X3 tərəfindən qəbul edilmiş 01 fevral 2026-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X4 30 yanvar 2026-cı il tarixində saat 20:10-da Bakı-Qazax yolu 47.5-ci km ərazisində “Mercedes Benz S500 minik” markalı, ** UE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin, 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə, şikayəti və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, DİN-nin BDYPİ-nin Vİ Tağım Baş Yol Patrul Xidməti inspektoru, polis mayoru X3 tərəfindən qəbul edilmiş 01 fevral 2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş videogörüntüdən aydın olur ki, X4 göstərilən tarixdə, qeyd olunan ərazidə idarə etdiyi “Mercedes Benz S500 minik” markalı, ** UE *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmamışdır. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində göstərilir ki, Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə, yuxarıda qeyd olunanlara əsasən və İXM-in 114, 115, 128-131-ci və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. X2 Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair DİN-nin BDYPİ-nin Vİ Tağım Baş Yol Patrul Xidməti inspektoru, polis mayoru X3 tərəfindən qəbul edilmiş 01 fevral 2026-cı il tarixli TP ******* nömrəli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(5-96)-451/2026
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-451/2026
03.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver