Məhkəmə qərarları › İş №3(5-96)-47/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-47/2026

08.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-47/2026 08.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Hüseynova Günay Nəsimi qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis baş leytenantı X1, Qaradağ RPİ-nin DYPŞ-nin YPX inspektoru, polis baş serjantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsgəndərov (İskenderov) Rəhim (Ragim) Musa oğlunun iştirakları ilə, 03 mart 1956-cı ildə ünvan 1ində doğulmuş, Rusiya Federasiyasının vətəndaşı, evli, orta təhsilli, təqaüdçü, deməsinə görə ünvan 1i ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsindən daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-dan daxil olmuş inzibati materialdan və protokoldan aydın olur ki, Şəxs 07 yanvar 2026-cı il tarixdə, saat 22:00 radələrində Salyan şossesi istiqamətində YPX əməkdaşlarının qanuni tələblərini yerinə yetirməmiş və nalayiq ifadələr işlətmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə 08 yanvar 2026-cı il tarixdə MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən 10-cu PŞ-nin sahə inspektoru, polis baş leytenantı X3 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, 07 yanvar 2026-cı il tarixdə, saat təxminən 22:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu ərazisində Salyan şossesi istiqamətində YPX əməkdaşları xidmət aparan zaman “X7” markalı ** BX *** dövlət nömrə nişanlı avtomobilin sutkanın qaranlıq vaxtı, dumanlı hava şəraitində hərəkət edərkən manevr qaydasını pozduğunu müşahidə etmişlər. Şəxs YPX əməkdaşlarının “saxla” əmrinə tabe olmamış, soda süni tıxac yaradılaraq saxlanmışdır. Saxlanan zaman polisin qanuni tələbləinə uzun müddət tabe olmayaraq nalayiq ifadələr işlətmişdir. Ona görə də YPX əməkdaşları tərəfindən çevik polis əməkdaşları dəvət edilmiş və vətəndaş 10-cu PŞnə təmin edilmişdir. O öz izahatında daha sonra Şəxs 07 yanvar 2026-cı il tarixdə saat 22:55-də inzibati qaydada tutulduğunu bildirmişdir. Onun barəsində İXM-nin 510 və 535.1ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində müvafiq tənbeh tədbirinin tətbiq edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nin YPX inspektoru, polis baş serjantı X4 öz izahatında göstərmişdir ki, 07 yanvar 2026-cı il tarixdə saat 22:00 radələrində xidmətdə olarkən “X7” markalı ** BX *** dövlət nömrə nişanlı avtomobilin sutkanın qaranlıq vaxtı, dumanlı hava şəraitində yüksək sürətlə hərəkət etdiyini, sərt manevr etdiyni müşahidə etmişlər. Tərəflərindən mayak və səs gücləndirici vasitəsi ilə avtomaşına saxlaması üçün işarə vermişlər, lakin sürücü avtomaşını saxlamamağa davam etmişdir. Sürətini daha da artıraraq avtomaşını patrul maşının üzərinə sürərək hərəkətə davam etmişdir. Sürücünün bu qeyri-adekvat hərəkətləri onları daha da şübhələndirmiş və qeyd olunan avtomaşını müşahidə etməklə saxlanılmasına çalışmışlar. Təxminən 10 km məsafə qət etdikdən sonra onlar süni tıxac yaradaraq avtomaşını hərəkətdən kənarlaşdırmışlar. Sürücü bilərəkdən ətrafda hərəkətdə olan avtomaşınlara real təhlükə yaratmışdır. Sürücüyə yaxınlaşıb özünü qanuni təqdim etmiş, sürücüdən sənədləri təqdim etməsini xahiş etmişdir. Sürücü cavab olaraq “özüm bilərəkdən sizə avtomaşın saxlamıram. Siz baş kəsənsiniz. Siz kimsiniz mən sizə maşın saxlayım” kimi ifadələr işlətmişdir. Onlar polisin qanuni tələblərinə riayət etməyi xahiş etsələr də sürücü tabesizlik etməyə davam etmişdir. Sürücüyə polisin qanuni tələblərinə riayət etməsi xahiş edilsə də o yenə də öz hərəkətlərinə davam edərək polisin ünvanına nalayiq ifadələr işlətməyə, ictimai asayişi pozmağa davam etmişdir. Sürücü bu hərəkətləri ilə polisin xidməti vəzifəsini icra etməsinə bilərəkdən mane olmuşdur. Sonra onlar məcbur olub Qaradağ RPİ-nin növbətçi hissəsinə məlumat verərək Çevik polis əməkdaşlarını dəvət etmişlər. Vətəndaş onlar tərəfindən Qaradağ RPİ-nin 10-cu PŞ-nə təmin olunmuşdur. Hazırda Şəxs qarşı heç bir şikayət və tələbləri olmamaqla onun barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, 07 yanvar 2026-cı il tarixdə özünə məxsus “X7” markalı, ** BX *** dövlət nömrə nişanlı avtomobillə Salyan şossesində üzü rayon istiqamətində hərəkətdə olarkən YPX əməkdaşları tərəfindən saxlanması bildirilmiş, lakin münasib yer tapa bilmədiyinə görə saxlaya bilməmişdir. O, Qaradağ postuna az qaldığını bildirmiş, şöbəyə getməkdən imtina etmişdir. Polis əməkdaşlarından Əli adlı şəxs onunla kobud davranmış, maşınına hücum etmişlər. O hər hansı bir qanun pozuntusu törətmədiyini bildirərək barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyərək, toplanmış inzibati materialı nəzərdən keçirərək və təqdim edilmiş videogörüntüyə baxış keçirərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs həqiqətən də polisin ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamış və ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri törətmişdir. İş materiallarına əlavə edilmiş 07 yanvar 2026-cı il tarixli Qaradağ RPİ-nin DYPŞ-nin YPX inspektorları tərəfindən Qaradağ RPİ-nin 10-cu PŞ rəisi, polis polkovnik-leytenantı Rafail Tağıyevə ünvanlanmış raportdan aydın olur ki, xx.xx.2026-cı il tarixdə ** YP *** patrul avtomaşını ilə xidmət aparan zaman “Toyota” markalı, ** BX *** DQN-lı avtomaşın sutkanın qaranlıq vaxtı, dumanlı hava şəraitində çox yüksək sürətlə idarə etdiyinə görə tərəflərindən mayak və səs gücləndirici vasitəsi ilə avtomaşına işarə verildi. Buna baxmayaraq sürücü avtomaşını saxlamamağa davam elədi. Süni tıxac yaradaraq avtomaşını hərəkətdən kənarlaşdırdılar. Sürücü bilərəkdən ətrafda hərəkətdə olan avtomaşınlara real təhlükə yaratdı. Sürücüyə yaxınlaşıb özünü qanuni təqdim edib sənədlərin təqdim edilməsini xahiş etdi. Sürücü cavb olaraq “ özüm bilərəkdən sizə avtomaşın saxlamıram. Siz baş kəsənsiniz. Siz kimsiniz mən sizə maşın saxlayım” ifadələrini davam etməkdən dayanmadı. Sürücüyə bildirmişdir ki, “sizdə xahiş edirik nizamintizamlı olun”. Sürücü yenə də tutduğu əməldən peşiman olmadığını bildirdi və polisin qanuni tələblərinə riayət etmədi. Buna baxmayaraq onlar təmkinlə sürücünü nizamintizama dəvət etmişlər. Sürücü dəfələrlə bildirsələr də ki, “Biz qalib ordunun Müzəffər Ali Baş Komandanın əmri ilə vətəndaşların təhlükəsiz ünvan başına çatmağına köməklik edirik və bunu etməyə borcluyuq”. Amma buna baxmayaraq sürücü onlara nalayiq ifadələr, polisin ünvanına nalayiq sözlər, həmin sürücü ictimai asayişi pozan etik normalara zidd və nalayiq ifadələr işlətmiş, davranışı ilə xidməti vəzifələrinin icrasına bilərəkdən mane olmuşdur. Tərəflərindən sonra Qaradağ RPİ-nin növbətçi hissəsinə efirlə məlumat verərək Çevik polis əməkdaşlarını dəvət etmiş və vətəndaşı tərəflərindən 10 PŞ-nə təmin olunmuşdur. Xahiş etmişkər ki, həmin şəxs barəsində qanuna müvafiq tədbir görülsün. İş materiallarına əlavə edilmiş “İnzibati qaydada tutma” haqqında 07 yanvar 2026-cı il tarixli protokoldan aydın olur ki, Şəxs yuxarıda qeyd olunan inzibati pozuntu ilə əlaqədar 07 yanvar 2026-cı il tarixdə saat 22:55-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yaşını və polis əməkdaşlarının ona qarşı hər hansı şikayət və ya tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İsgəndərov (İskenderov) Rəhim (Ragim) Musa oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək İXM-nin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. İsgəndərov (İskenderov) Rəhim (Ragim) Musa oğlu məhkəmə zalından inzibati qaydada tutmadan dərhal azad edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar