Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-499/2026 20.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Maxsudova Ülkər Taleh qızının sədrliyi, İskəndərova Səbinə Elşən qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X7, X1 etibarnamə üzrə nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : TƏSVİRİ HİSSƏ: İşin halları:
1. Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-425/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədini qərəzli olaraq icra etməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.
İştirak edən şəxslərin izahatları:
2. Məhkəmə iclasında iştirak edən Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru Qafil Qasımov tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs üzərinə 6 ay müddətinədək (xx.xx.2025-ci il tarixədək) 27500 manat pul vəsaitini X5 ödəməklə bağlı öhdəlik qoyulmuşdur. Borclu həmin tarixə olan ödənişi ödəməmiş, ona dəfələrlə məlumat verilməsinə və “SMS” bildiriş göndərilməsinə baxmayaraq icra məmurunun çağırışlarına gəlməmiş və öhdəliyi icra etməmişdir. Borclu həmin tarixdən sonra ilk dəfə xx.xx.2025-ci il tarixdə icra şöbəsinə gəlmiş, icra sənədini icra etməməsi ilə bağlı öhdəliyi barədə ona məlumat verilmiş və tələbkarın bank rekvizitləri ona verilmişdir. Borclunun qeyd etdiyi 1100 manat məbləğində ödənişdən 600 manat məbləğ başqa icra sənədi üzrə borcludan tutulmuşdur və borclunun hazırda qeyd olunan iş üzrə icra sənədinə əsasən ödədiyi borc 500 manat məbləğində təşkil edir.
3. Borclu Şəxs inzibati xəta haqqında iş üzrə materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsində sürücü kimi çalışır, aldığı əmək haqqının məbləği 970 manat məbləğində təşkil edir. Yenidən ailə həyatı qurub və övladı dünyaya gəlib. İcra sənədi üzrə ümumi borcun məbləği 27500 manat məbləğində təşkil edir. Həmin borcdan müxtəlif tarixlərdə 1100 manat məbləğində ödəniş etmişdir. O, himayəsində xəstə anasının, azyaşlı övladının olmasının, habelə aliment öhdəliyinin nəzərə alınmasını bildirmişdir. Son olaraq ifadəsində borcun hamısını ödəməyə imkanının çatmadığını bildirmiş və borcu hissə-hissə ödəməyi ilə bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
Tədqiq olunan sübutlar:
4. İş materiallarında olan xx.xx.2026-cı il tarixli, MN №2328582 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, borclu Bakı Apellyasiya Məhkəməsinin 2(103)-425/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədini icra etməmişdir.
5. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-425/2025 saylı xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən X4 Şəxs qarşı torpaq sahəsinin boşaldılması və yaradılmış maneələrin aradan qaldırılması barədə iddia ərizəsinə dair iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək iddiaçı X4 cavabdeh Şəxs qarşı “mənzilə köçürülmə və birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü tələbinə dair” mülki iş üzrə tərəflər arasında bağlanmış aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin. Şəxs 6 ay müddətinədək (21 iyul 2025-ci ilədək) 27500 manat pul miqdarını X5 ödəməyi öhdəsinə götürür. X6 hal-hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatında olan mənzilə köçürülmə və əmlak bölgüsü tələbindən imtina edir.
6. İş materiallarında olan “icraata başlama” haqqında xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-425/2025 saylı xx.xx.2025ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və Qaradağ Rayon İcra Şöbəsində icraata başlanması haqqında qərar dərhal icra olunması üçün müvafiq icra sənədinin könüllü icrası barədə bildirişlər rəsmi qaydada borclu Şəxs göndərilmişdir.
7. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Qaradağ rayon İcra şöbəsinin tələbin könüllü icrası barədə bildirişdən görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbərdarlıq edilmiş, həmçinin icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçiriləcəyi nəzərinə çatdırılmışdır.
ƏSASLANDİRMA HİSSƏSİ:
Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.
9. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi Maddə 9.1. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur.
Məhkəmənin mövqeyi:
10. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, borclunun izahatları, habelə inzibati materialda olan digər sənədlərlə müəyyən edildi ki, borclu Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini yerinə yetirməyərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-425/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədini hazırkı tarixədək icra etməmişdir. Yəni, xx.xx.2026-cı il çağırış vərəqəsindən və xx.xx.2025-ci il tarixli SMS bildirişlərindən də aydın olur ki, icra vərəqəsində göstərilən tələbi yerinə yetirməsi üçün Şəxs dəfələrlə xəbərdarlıq edilmiş, həmçinin icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçiriləcəyi də onun nəzərinə çatdırılmışdır. 19 sentyabr 2025-ci il tarixdə icra idarəsində yazdığı izahatda da borcunu ödəmə imkanının olmadığını və hissəhissə ödəyə biləcəyini qeyd etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, MPM-in 231.1ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak etmiş şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Maddənin məzmunundan göründüyü kimi, məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi barədə məsələni məhz işə mahiyyəti üzrə baxmış birinci instansiya məhkəməsinin hakimi həll edə bilər.
11. Hazırkı vəziyyətdə müəyyən edilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs – Şəxs aliment ödəmələrini də həyata keçirir. Belə ki, Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsində sürücü peşəsində çalışan borclunun 2025-ci ilin iyul-sentyabr aylarında əmək haqqısından müvafiq məbləğlər tutularaq X4 hesabına köçürülmüşdür. Borclu tərəfindən təqdim edilən ödəniş qəbzlərində isə onun xx.xx.2025-ci il tarixdə 300 manat, xx.xx.2025-ci il tarixdə 300 manat, xx.xx.2025-ci il tarixdə 200 manat, xx.xx.2026-cı il tarixdə 100 manat, xx.xx.2026-cı il tarixdə 100 manat ödəniş etdiyi müəyyən edilir. Yəni, borclu 21 iyul 2025-ci il tarixədək 27500 manat məbləğində ödənişi həyata keçirməyi öhdəsinə götürsə də, onun yalnız bir qismini ödəmiş, böyük məbləğdə ödəniş isə icra edilməmiş qalmışdır. Eyni zamanda borcun hissə-hissə ödənilməsi və ya icraya möhlət verilməsi barədə məhkəmə aktı da iş materiallarında mövcud olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.
12. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, himayəsində xəstə anasının və azyaşlı övladının olmasını, məhkəmə iclasınadək tələbkarın hesabına 1100 manat pul köçürməsini və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası hədləri daxilində minimum məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, bu tənbeh tədbiri tətbiq edilərkən nəzərə alınmalıdır ki, inzibati həbs tətbiq olunacağı təqdirdə borclunun işdən azad edilməsi ehtimalı var və digər öhdəliklərinin (aliment) icrası halında gecikmələr yarana bilər.
NƏTİCƏVİ HİSSƏ:
13. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq
QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Ülkər Maxsudova