Məhkəmə qərarları › İş №3(5-96)-94/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-94/2026

13.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-94/2026 13.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X4, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında xx.xx.2026-cı il tarixli, MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 710/2024-008 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs hazırki tarixədək 7121 manat aliment borcunun tələbkarın xeyrinə ödənişini həyata keçirməmişdir. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X8 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-710/2024-008 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 10 yanvar 2013-cü il təvəllüdlü X3 və 22 fevral 2016-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay, hər üşaq üçün 235 manat cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment Şəxs tutularaq iddiaçı X7 ödənilməsi qət edilmişdir. Borclu dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq ödənişləri müntəzəm həyata keçirməmişdir. Hazırki tarixə aliment borcu 7121 manat təşkil edir. 2025-ci il ərzində yanvar ayı üzrə 147, fevral ayı üzrə 200, mart ayı üzrə 50, aprel ayı üzrə 100, may ayı üzrə 50, iyul ayı üzrə 50, avqust ayı üzrə 200, sentyabr ayı üzrə 161, oktyabr ayı üzrə 91, dekabr ayı üzrə 100 manat olmaqla ödənişlər etməsi, onun məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğindən dəfələrlə aşağı ödənişlər etməsini əks etdirir. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Suallara cavab olaraq bildirdi ki, borclu 2024-cü ildə 1540 manat, 2025-ci ildə 1209 manat, 2026-ci il yanvar ayında 60 manat olmaqla ümumilikdə 2749 manat ödəniş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, 1000 manat ödəniş edə bilər. Eyni zamanda bildirmişdir ki, Gürcüstan Respublikasında taksi fəaliyyəti ilə məşğul olmuş, bu səbəbdən tələbkara aşağı məbləğdə ödənişlər etmişdir. Hazırda Azərbaycan Respublikası FHN-də işlə təmin olunması üçün müvafiq təlimlərə cəlb edilmişdir. İzahatına son olaraq ödənişlər edəcəyinin nəzərə alınmasını və barəsində inzibati həbs tətbiq edilməməsini xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir, əlilliyi olmayan şəxsdir. Müdafiəçi istəməməsi maddi vəziyyəti ilə bağlı deyil, hüquqlarının özü tərəfindən müdafiəsinin tərəfdarıdır. Məhkəmə iclasında iştirak edən tələbkar X10 bildirdi ki, 5 il ərzində Şəxs uşaqları ilə maraqlanmamış və onlara baxmamışdır. O, uşaqlarına Qarabağ qazisi olan atasının pensiyası və dövlətdən hər ay aldığı 330 manat sosial müavinətlə baxdığını bildirmişdir. 2025-ci il ərzində 50, 100, 150 manat ödənişlər etmiş borclunun barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra ona aliment borcundan 1000 manat ödəniş etmək istəməsi, onun maddi vəziyyəti buna imkan verdiyi halda qərəzəli şəkildə cüzi miqdarda ödənişlər etməsini göstərir. Hazırda şikayətçi olmaqla aliment borcunun tam ödənilməsini tələb edir, əks təqdirdə borclu barəsində ağır tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törədilməsi tam sübuta yetirilir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-710/2024-008 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 10 yanvar 2013-cü il təvəllüdlü X3 və 22 fevral 2016-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay, hər uşaq üçün 235 manat sabit pul, iki uşaq üçün aylıq cəmi 470 manat məbləğdə alimentin Şəxs tutularaq iddiaçı X7 ödənilməsi qət edilmişdir. İş materialında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-710/2024 saylı icra vərəqəsindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4652/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Şəxs X5 xeyrinə tutulan alimentin miqdarı artırılmış. 10 yanvar 2013-cü il təvəllüdlü X3 və 22 fevral 2016-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs hazırki qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay, hər uşaq üçün 235 manat olmaqla cəmi 470 manat məbləğində sabit pul şəklində aliment tutularaq X7 ödənilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli sənədi icra olunması üçün Qaradağ rayon icra şöbəsinə göndərilmişdir. İş materialında olan xx.xx.2025-ci l tarixli qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan olunmuşdur. İş materiallarında olan Qaradağ rayon Polis İdarəsi tərəfindən Qaradağ rayon İcra Şöbəsinə ünvanlanan xx.xx.2026-cı il tarixli məktubdan görünür ki, o, 10-cu PŞ-nin əməkdaşları tərəfindən Qaradağ rayon İcra Şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-710/2024-008 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs hazırki tarixədək 7121 manat borcun tələbkarın xeyrinə ödənişini həyata keçirməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs aliment ödənişlərindən qərəzli şəkildə yayınması nəticəsində hazırki tarixədək 7121 manat aliment borcu yaranmışdır. Göstərilənlər məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədi qəbul edildiyi vaxtdan borc məbləğinin ödənilməsinə laqeyd yanaşmışdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə hesab edir ki, borclu dəfələrlə icra sənədinin icra olunması üçün qanunauyğun şəkildə xəbərdarlıq edilməsinə baxmayaraq, ödənişləri qeyri-müntəzəm etmişdir. Bundan əlavə o, borcun ödənişinə münasibətdə tamamilə laqeyd yanaşmışdır. Uşaqları ilə maraqlanmamış, onlar qarşısında valideyn kimi öhdəliyinin icrasından yayınmışdır. Borclu dəfələrlə cinayət məsuliyyətinə cəlb ediləcəyinə dair xəbərdarlıq edilmişdir. Məhkəmə icra məmurunun və tələbkarın izahatında qeyd etdiklərini və tələbkarın yığılmış borca münasibətdə cüzi ödənişi qəbul etmədiyini, gələcəkdə də borclunun aliment ödənişlərinə davam etməsi barədə vədinin az inandırıcı olduğunu, icra məmurunun çağırışlarından yayınmasını, axtarış nəticəsində polis əməkdaşları tərəfindən icra şöbəsinə təmin edilməsini, onun hazırki tarixə yığılmış borcun məbləğini, tələbkarın şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni 13 yanvar 2026-cı il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbsetmənin əvvəli 13 yanvar 2026-cı il tarixdən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar