Məhkəmə qərarları › İş №3(5-97)-1000/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-1000/2026

03.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-1000/2026 03.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs - X1 iştirakı ilə, X1 DİN-in BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 32479878 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-in BDYPİ-nin xx.xx.2025-ci il tarixli XXX nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, yol polis əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli XXX inzibati protokolla razı deyildir. İlk dəfə şikayətini Bakı şəhər BPİnin DYPİ-nə onlayn təqdim etdikdə, cavab olaraq bildirilmişdir ki, protokol düzgün tərtib olunmuş və şikayəti təmin edilməmişdir. 902 çağrı mərkəzinə zəng etdikdə isə ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Daha sonra təkrar onlayn müraciət etmiş, lakin hələ də cavab almamışdır. Protokoldan şikayət edərkən ətraflı şəkildə qanun pozmadığını izah etmişdir. Əlavə olaraq şəkillərdən göründüyü kimi saxladığı yerdə daimi olaraq nəqliyyat vasitəsini park etmiş, dayanma-durmanı qadağan edən heç bir nişan olmamışdır. Sadəcə arxada dayanan **-RF-*** dövlət qeydiyyat nişanlı “Ford” markalı avtomobil qaydanı pozaraq elə dayanmışdır ki, sanki o qaydanı pozmuş kimi görsənmişdir. Sözügedən avtomobilin arxa sağ təkərinə diqqət yetirdikdə aydın görünür ki, nişanın təsir sahəsi qüvvədən düşmüşdür. Park etdiyi yerdə nişan olmamış, yol ayrıcından sonra park etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, sədrlik edənin sualına cavab olaraq qeyd etmişdir ki, dayanma və durmanı qadağan edən nişanın təsir dairəsi Fəxrəddin Əsədov küçəsinə aiddir və yolayrıcından sonra öz qüvvəsini itirir. O isə nəqliyyat vasitəsini Təbriz küçəsində saxlamışdır. Fotoşəkillərdən onun avtomobilinin yolayrıcında kəsişən hissələrin kənarından hansı məsafədə olduğunu müəyyən etmək mümkün deyildir. Ona görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə qərarından şikayət verilən orqana qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarına əlavə olunmuş fotoşəkillərdən görünür ki, “Volkswagen” markalı, **- CF-*** dövlət qeydiyyat nişanlı avtomobil Nərimanov rayonu, Təbriz küçəsində yolayrıcında hərəkət hissələrinin kəsişməsində, kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda, kəsişmənin başlanğıc hissəsində park edilməklə dayanma qaydaları pozulmuşdur. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, DİN-in BDYPİ-nin xx.xx.2025-ci il tarixli XXX nömrəli inzibati tənbeh vermə haqqında qərarı qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. “Yol hərəkəti” haqqında Azərbaycan Respublikasının Qanununun: 52-ci maddəsinə əsasən: İV. Aşağıdakı yerlərdə: 1) tramvay yollarında, habelə tramvay yollarının bilavasitə yaxınlığında, əgər bu, tramvayın hərəkətinə maneə yaradarsa; 2) dəmiryol keçidlərində, tunellərdə, habelə estakadalarda, körpülərdə (əgər həmin istiqamətdə üçdən az hərəkət zolağı varsa) və onların altında; 3) 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətləri ilə dayanmış nəqliyyat vasitəsi arasında məsafə 3 metrdən az olan yerlərdə; 4) piyada keçidlərində və onlara 5 metrdən az yaxınlıqda; 5) hərəkət hissəsində təhlükəli döngələrin və yolun uzununa profilinin qabarıq əyintili hissəsinin yaxınlığında - hər hansı bir istiqamətdə yolun görünmə sahəsi 100 metrdən az olduqda; 6) 1.1-1.4 nişanlama xətti, yaxud ayırıcı zolağı olan üçtərəfli yolayrıclarındakı yan keçidin qarşı tərəfində dayanma halları istisna olmaqla, hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda; 7) dayanacaq meydançasına, meydança olmadıqda isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda; 8) nəqliyyat vasitəsi svetofor siqnallarının, yol nişanlarının qarşısını tutmaqla başqa sürücülərin bunları görməsinə mane olduğu və ya başqa nəqliyyat vasitələrinin hərəkətini (girmə və ya çıxma) qeyri-mümkün etdiyi, yaxud piyadaların hərəkəti üçün maneə yaratdığı yerlərdə; 9) nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa - səkilərdə; 10) 3.27 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.4 nişanlanma xəttinin təsir zonalarında; 10-1) velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin velosiped yollarında; 10-2) taksi minik avtomobili olmayan nəqliyyat vasitələrinin 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərində; 11) avtomagistrallarda və ya 5.3 nişanı ilə işarələnmiş yollarda 5.15 və ya 6.11 nişanları ilə işarələnmiş xüsusi dayanacaq meydançalarından kənarda dayanma qadağandır. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X2 şikayət ərizəsində inzibati xəta törətmədiyini bildirsə də, iş materiallarına əlavə edilmiş inzibati xəta hadisəsini özündə əks etdirən fotoşəkillərə əsasən müəyyən edilir ki, o, “Volkswagen” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobili Nərimanov rayonu, Təbriz küçəsində yolayrıcında, hərəkət hissələrinin kəsişməsində, kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda, yəni kəsişmənin başlanğıc hissəsindən etibarən saxlayaraq durma qaydalarını pozmaqla Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Göründüyü kimi XXX özünün iddia etdiyi kimi Təbriz küçəsində hüquqi qüvvəsini itirən, Fəxrəddin Əsədov küçəsində quraşdırılmış qadağanedici nişanın tələbinə riayət etmədiyinə görə deyil, məhz yuxarıda qeyd olunan səbəbdən inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulması halları müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin normalarını və inzibati xəta haqqında iş materiallarını, Azərbaycan Respublikası İXM-in 135-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün digər əsasların mövcud olmadığını nəzərə alaraq nəticəyə gəlir ki, X1 şikayəti təmin edilməməli, DİN-in BDYPİ-nin xx.xx.2025-ci il tarixli, XXX nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137- ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. DİN-in BDYPİ-nin xx.xx.2025-ci il tarixli, XXx nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar