Məhkəmə qərarları › İş №3(5-97)-1002/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-1002/2026

19.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-1002/2026 19.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Şikayət vermiş şəxs X6 vəkili və nümayəndəsi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin 01 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından "xxxx" MMC-nin direktoru X10 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin direktoru X10 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin 01 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, DƏM X4 şikayəti üzrə xx.xx.2025-ci il tarixli, MN № ******* saylı qərar qəbul edərək, "xxxx" MMC-nin direktoru X10 barəsində İXM-nin 192.6cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə şərti olaraq 1500 manat məbləğində inzibati cərimə tətbiq elmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən etmişdir. Qeyd olunur ki, qərarla qəti razı deyil. Belə ki, xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə əsasən, X8 "xxxx" MMC-yə Aşpaz vəzifəsinə işə qəbul edilmiş və tərəflərin razılığı ilə (Müqavilənin 2.2-ci bəndi) işin birinci 3 ayı sınaq müddəti hesab edilmişdir. xx.xx.2025-ci il tarixdə Administrativ departamentin rəhbəri tərəfindən İşçinin iş yerində yolverilməz davranışı ilə bağlı təqdimat verilmişdir. xx.xx.2025-ci il tarixdə İnsan resursları meneceri tərəfindən İşçinin əmək funksiyalarının icrası zamanı yol verdiyi qəbuledilməz xarakterli peşə pozuntuları ilə bağlı təqdimat verilmişdir. xx.xx.2025-ci il tarixdə İşçinin sınaq müddətində iş fəaliyyətinin qiymətləndirilməsi keçirilmişdir. İşçi sınaq müddəti ərzində özünü doğrultmadığına görə İşəgötürən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi qərarına gəlmiş və müvafiq əmri imzalamadan əvvəl xx.xx.2025-ci il tarixdə işəgötürənin ofisində işçiyə bu barədə ətraflı məlumat verilmiş və yazılı bildiriş təqdim edilmişdir. Bu qərarla razılaşmayan işçi bu bildirişi imzalamaqdan imtina edərək ofisi tərk etmişdir. Bununla bağlı xx.xx.2025-ci il tarixdə müvafiq akt tərtib edilmişdir. xx.xx.2025-ci il tarixdə işçi şikayətlə AR ƏƏSMN-nə şikayət etmişdir. İşçi şikayətində qeyd etmişdir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əvvəlcədən nə yazılı, nə də elektron qaydada xəbərdar edilməyib. xx.xx.2025-ci il tarixdə işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 149/2025 saylı əmr qəbul edilmişdir. xx.xx.2025-ci il tarixdə daxil olmuş DƏM-in xx.xx.2025-ci il tarixli məktubuna cavab olaraq işəgötürən tələb olunan bütün sənədləri DƏM-ə göndərmişdir. xx.xx.2025-ci il tarixdə daxil olmuş DƏM-in xx.xx.2025-ci il tarixli məktubundan məlum olmuşdur ki, DƏM qərar qəbul edərək işəgötürən barəsində İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətam törətdiyinə görə şərti olaraq 1500 manat məbləğində inzibati cərimə tətbiq etmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən etmişdir. Qərarda qeyd olunmuşdur ki, X4 xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində ƏM-nin 70-ci maddəsinin “d” bəndi ilə xitam verilsə də vətəndaşa rəsmi xəbərdarlıq edilməmişdir. X2 tərəfindən İXMnin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu Məcəlləsinin 115 və 116-cı maddələri rəhbər tutularaq qərara alınmışdır ki, L.R.Şərifova İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, 1500 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilsin və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 (otuz) gün müddət müəyyən olunsun. xx.xx.2025-ci il tarixdə işəgötürən DƏM-ə məktub yazaraq, işçinin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qərarın qanunvericiliyə uyğun olduğunu qeyd etmiş və şərti cəzanın ləğv edilməsini xahiş etmişdir. İşəgötürən Qərarın ləğv olunduğunu hesab etdiyi halda, xx.xx.2026-cı il tarixdə daxil olmuş xx.xx.2026cı il tarixli məktubdan məlum olmuşdur ki, DƏM qərarı ləğv etməyib, əksinə olaraq, xx.xx.2025-ci il tarixli 149/2025 saylı əmrin ləğv olunmasını tələb etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin 01 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında şikayət vermiş şəxs "xxxx" MMC-nin direktoru X6 vəkili və nümayəndəsi X7 çıxış edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin 01 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdırıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin 01 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin 01 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan görünür ki, X4 xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində ƏM-nin 70-ci maddəsinin “d” bəndi ilə xitam verilsə də vətəndaşa rəsmi xəbərdarlıq edilməmişdir. X2 tərəfindən İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanlanmış № 34 saylı, xx.xx.2025-ci il tarixli məkubdan görünür ki, "xxxx" MMC-də əmək fəaliyyəti ilə məşğul olmuş X1 müddəti ərzində işçinin iş keyfiyyəti və davranış normalarına cavab verməməsi səbəbindən əmək müqaviləsinə xitam verilməsi proseduru tətbiq edilmişdir. Belə ki, əmək müqaviləsinin xitamı qərarından 3 gün əvvəl işçi ofisə dəvət edilərək, yazılı formada xəbərdar edilmişdir. Həmin görüş zamanı işçi emosional və aqressiv davranış nümayiş etdirərək, heç bir sənədi imzalamayacağını bildirmiş, həmçinin digər əməkdaşlara qarşı hədələyici münasibət sərgiləmiş və müəssisəyə qarşı neqativ fikirlər formalaşdırmağa cəhd göstərmişdir. Bu hallara aid müvafiq şahidlərin ifadələri mövcuddur. İnsan Resursları şöbəsinin əməkdaşı ilə işçinin “WhatsApp” üzərindən olan yazışmaları təqdim olunmuşdur ki, həmin yazışmalarda işçi ofisə dəvətdən 3 gün sonra əmək müqaviləsinin xitam verilməsi barədə məlumatı təsdiq etmişdir. Bundan əlavə 23 iyun 2025-ci il tarixində tərtib olunmuş və işçi tərəfindən imzalanmamış akt əlavə edilir. Aktda qeyd olunur ki, X8 ofisə daxil olmuş, onunla şəxsən görüş keçirilmiş və iclas otağında emosional, aqressiv reaksiya vermişdir. Mövcud faktlar və təqdim olunan sənədlər əsasında işçinin davranış və əməyinə dair müvafiq sübutlar mövcuddur. Lakin əlavə olaraq, işçinin davranışlarını əks etdirən video yazıları da təqdim etmək mümkündür. Yuxarıda qeyd olunanları nəzərə alaraq, işçinin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı verilmiş qərarın qanunvericiliyə uyğun olaraq əsaslı olduğu qənaətində olaraq, şərti cəzanın ləğv edilməsi hörmətlə xahiş edilmişdir. -İş materiallarında olan 23 iyun 2025-ci il tarixli “İşçiyə yazılı xəbərdarlığın təqdim olunması üzrə Təhvil-Təslim Aktı №5 nömrəli 23 iyun 2025-ci il tarixli sənəddən görünür ki, imza edənlər "xxxx" MMC-nin nümayəndəsi olaraq imzalayaraq təsdiq edirlər ki, 23 iyun 2025-ci il tarixdə saat 10:15 radələrində şirkətin əməkdaşı olan aşpaz X5 ofisdə yazılı xəbərdarlıq təqdim olunmuş və işçi imzalamaqdan imtina etmişdir. Məhkəmə, hazırki şikayətin dəlillərini araşdırarkən ilk əvvəl "xxxx" MMC-nin direktoru X6 təqsirli bilindiyi inzibati xətaya dair münasibət bildirməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 11-ci maddəsinin “G” bəndinə əsasən əmək müqaviləsi bağlayarkən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətə sınaq müddətini müəyyən etmək işəgötürənin əsas hüquqlarından biridir. 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 53.1-ci maddəsinə əsasən sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. 53.4-cü maddəsinə əsasən sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə həmin müddət ərzində işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə xitam verilə bilər. 70-ci maddəsinin “D” bəndinə əsasən sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyini nəzərdə tutumuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4-cü bəndinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenum qərarından görünür ki, şəxsin əməyə olan bacarığı əmək müqaviləsi üzrə olduğu kimi, həm də mülki-hüquqi müqavilələr üzrə müəyyən işlərin görülməsi, xidmətlərin göstərilməsi və ya fərdi sahibkarlıq fəaliyyəti formasında realizə edilə bilər. Beləliklə, şəxsin azad seçimi əsasında reallaşdırdığı əmək fəaliyyəti ilə bağlı əmək və ya mülki hüquq münasibətlərinin yaranması mümkündür.Vurğulanmalıdır ki, əmək münasibətləri zahirən müəyyən işlərin yerinə yetirilməsi ilə bağlı mülki dövriyyə subyektləri arasında yaranan mülki münasibətlərə (tapşırıq, podrat, müqavilə münasibətləri və s.) bənzəyir. Lakin bu münasibətlər bir sıra əhəmiyyətli məqamlarda fərqlənirlər ki, bu da həmin münasibətlərin müvafiq olaraq əmək və ya mülki hüquq normaları ilə tənzimlənməsini labüd edir.Təsadüfi deyildir ki, Əmək Məcəlləsinin 6-cı maddəsinin “d” bəndi ilə podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə bu Məcəllənin şamil edilmədiyi təsbit edilmişdir. Azərbaycan Respiblikası Konstitusiyasının 35-ci maddəsinə əsasən İV hissəsinə əsasən-əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Qanunvericiliyin sadalanan normalarının tələblərindən göründüyü kimi, tərəflər arasında əmək münasibətlərinin yaranması üçün yazılı şəkildə əmək müqaviləsi bağlanılmalı, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. Eyni zamanda məhkəmə qeyd edir ki, işçi ilə əmək müqaviləsi bağlayarkən Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və müddətə sınaq müddətini müəyyən etmək işəgötürənin əsas hüquqlarından biridir. Sınaq müddəti tətbiq olunaraq işə qəbul edilmiş işçi sınaq müddəti ərzində özünü doğrultmadıqda əmək müqaviləsinə işəgötürən tərəfindən əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə xitam verilə bilər. İXM-in 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə-vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, İXM-in 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətin yaranması üçün işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsidir. Məhkəmə qeyd edir ki, işçi X8 əmək müqaviləsi ilə "xxxx" MMC-yə aşpaz vəzifəsinə işə qəbul edilmiş və tərəflərin razılığı ilə (Müqavilənin 2.2-ci bəndi) işin birinci 3 ayı sınaq müddəti hesab edilmişdir. xx.xx.2025-ci il tarixdə cəmiyyətin rəhbəri tərəfindən işçinin iş yerində yolverilməz davranışı ilə bağlı təqdimat verilmişdir. xx.xx.2025-ci il tarixdə İnsan resursları meneceri tərəfindən işçinin əmək funksiyalarının icrası zamanı yol verdiyi qəbuledilməz xarakterli peşə pozuntuları ilə bağlı təqdimat verilmişdir. xx.xx.2025-ci il tarixdə işçinin sınaq müddətində iş fəaliyyətinin qiymətləndirilməsi keçirilmişdir. İşçi sınaq müddəti ərzində özünü doğrultmadığına görə işəgötürən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi qərarına gəlmiş və müvafiq əmri imzalamadan əvvəl xx.xx.2025-ci il tarixdə İşəgötürənin ofisində işçiyə bu barədə ətraflı məlumat verilmiş və yazılı bildiriş təqdim edilmişdir. Bu qərarla razılaşmayan İşçi bu bildirişi imzalamaqdan imtina edərək ofisi tərk etmişdir. Bununla bağlı xx.xx.2025-ci il tarixdə müvafiq akt tərtib edilmişdir. xx.xx.2025-ci il tarixdə İşçi şikayətlə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə şikayət etmişdir. X4 əmək müqaviləsinə "xxxx" MMC-nin direktoru X10 tərəfindən əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi hər hansı bir sübut təqdim etməmişdir. Bununla da, X4 əmək müqaviləsinə xitam verilərkən "xxxx" MMC tərəfindən əmək qanunvericiliyinin tələblərinə əməl olunmuşdur. "xxxx" MMC-nin direktoru X6 Azərbaycan Repsublikası İXM-in 192.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi əsaslı olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dəfələrlə öz qərarlarında vurğulamışdır ki, təqsirsizlik prezumpsiyası hüququna görə məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirli şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı bir şübhə onun xeyrinə həll olunmalıdır. Qanunvericiliyin məzmununa əsasən müəyyən edilir ki, inzibati xətanın baş verməsini sübutetmə yükü hazırki işdə məhz Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin üzərinə düşür. Qeyd edilən orqan "xxxx" MMC-nin direktoru X6 İXM-in 192.6-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə nəticəyə gələrkən hansı sübutlara istinad etməsi, həmçinin X4 əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulması faktı müəyyən edilməmişdir. 23 iyun 2025-ci il tarixli “İşçiyə yazılı xəbərdarlığın təqdim olunması üzrə Təhvil-Təslim Aktı №5 nömrəli 23 iyun 2025-ci il tarixli sənəddən görünür ki, 23 iyun 2025-ci il tarixdə saat 10:15 radələrində şirkətin əməkdaşı olan aşpaz X5 ofisdə yazılı xəbərdarlıq təqdim olunmuş və işçi imzalamaqdan imtina etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (İXM, Maddə 8. Təqsirsizlik prezumpsiyası prinsipi). Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Məhkəmə, bütün qeyd edilənlərə əsasən belə bir nəticəyə gəlir ki, "xxxx" MMC-nin direktoru X10 tərəfindən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi ilə bağlı hər hansı hüquqlarının pozulmasını müəyyən etmək mümkün deyil. Baxmayaraq ki, İXM-in 8.2-ci maddəsinə əsasən sübutetmək yükü inzibati orqanın üzərinə düşdüyündən və məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etmədiyindən "xxxx" MMC-nin direktoru X6 İXM-in 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini məhkəmə araşdırması zamanı müəyyən etmək mümkün deyildir. İXM-in: 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İXM-in: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 134.1, 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.5-1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsaslardan biri də bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunmasıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayətçi "xxxx" MMC-nin direktoru X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin 01 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından verdiyi şikayət təmin olunsun. 01 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar