Məhkəmə qərarları › İş №3(5-97)-1018/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-1018/2026

25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-1018/2026 25.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Qarayeva Lalə Zaur qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon İcra Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 25 fevral 2026-cı il tarixdə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru məmuru X2 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Bakı Nərimanov Rayon Məhkəməsinin 2(103)-2614/202023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu Şəxs yaranmış 4700 AZN aliment borcunu ödəməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X2 protokola uyğun izahat verərək bildirmişdir ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2614/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs X4 və X5 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat pul məbləğində aliment tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. İcra sənədi Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə xx.xx.2023-cu il tarixdə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər icra olunması üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. Borclu Şəxs icra sənədi üzrə yaranmış 4700 manat alimenti ödəmədiyi üçün barəsində müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, icra sənədinin icrasından boyun qaçırmamışdır. Usta işlədiyi üçün daimi gəlir mənbəyi yoxdur. Maddi imkansızlıq səbəbindən vaxtı vaxtında aliment ödənişlərini edə bilməmişdir. Hazırda 4700 manat borc yığılsa da qısa müddət ərzində ödənişlər edərək borcu qaytaracaqdır. Qeyd etdiklərini nəzərə alaraq barəsində yüngül cəza növündə cəza tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(103)-2614/202023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla,cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq iddaçı X6 verilməsi qət edilmişdir. “İcraata başlamaq haqqında” 07 dekabr 2023-cü il tarixli qərardan və həmin tarixli bildirişdən görünür ki, Bakı Nərimanov Rayon Məhkəməsinin 2(103)-2614/202023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin Şəxs tərəfindən könüllü icra edilməsi barədə borcluya məlumat verilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan aydın olur ki, Şəxs barəsində əvvəllər də İXM-in 528.1-ci maddə üzrə dəfələrlə inzibati tənbeh tədbiqi tətbiq olunmuşdur. Hüquqi məsələlər və məhkəmənin hüquqi mövqeyinin əsaslandırılması: İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. İş materiallarından ayın olur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(103)-2614/202023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq iddaçı X6 ödəməli olduğu halda, həmhkəmə qərarının icrasından yayınmış və 4700 manat borc məbləği toplanmışdır. Bu da qərar üzrə icra tələblərinə əməl olunmadığını göstərir. Məhkəmə inzibati xəta haqqında protokolu və proses iştirakçılarının izahatını dinləyib hesab edir ki, barəsində protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə qərarının tələblərini yerinə yetirməmiş, aliment öhdəliyinin icrasından yayınmış və nəticədə icra sənədi üzrə 4700 (dörd min yeddi yüz) manat məbləğində borc yaranmışdır. Bu hal məhkəmə qərarının icrası ilə bağlı qanunvericiliklə müəyyən edilmiş tələblərin pozulduğunu və icra sənədinin tələblərinə əməl olunmadığını göstərir. Məhkəmə qərarlarının icrası hüquqi dövlət prinsipinin mühüm tərkib hissəsidir və məhkəmə aktlarının icra edilməməsi məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirməklə yanaşı, uşaqların saxlanılması ilə bağlı qanunla qorunan hüquq və mənafelərin pozulmasına səbəb olur. Xüsusilə yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün müəyyən edilmiş aliment öhdəliyinin yerinə yetirilməməsi onların maddi təminatına mənfi təsir göstərir. Qeyd olunan hallar nəzərə alınaraq məhkəmə hesab edir ki, barəsində protokol tərtib edilmiş şəxs Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsinin - məhkəmə qərarının icrasından yayınma ilə bağlı inzibati xəta tərkibi mövcuddur və buna görə onun barəsində qanunvericiliklə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsi zəruridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, borclu Şəxs borcun hissə-hissə icra olunması barədə məhkəməyə müraciət olunmamasını nəzərə alaraq hesab edir ki, o, İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40.0.1, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar