Məhkəmə qərarları › İş №3(5-97)-1028/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-1028/2026

10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-1028/2026 10.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Hadi Mircəlal Mirşamil oğlunun katibliyi, Barəsində protokol tərtib olunan qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN-nin Xüsusi Tağım tərəfindən qəbul edilmiş xx.xx.2026cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN-nin Xüsusi Tağım tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verərək qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 3(5-94)-1442/2026 saylı, xx.xx.2026-cı il tarixli qərardadına əsasən X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Tağım tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi ərizəsi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayəti onunla əsaslandırmışdır ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin təkrar idarə edilməsi qaydalarının pozulması əsası ilə barəsində xx.xx.2026-cı ii tarixdə İXP ******* saylı protokol tərtib edilmiş, onun əsasında TP ******* saylı qərar qəbul edilmişdir. Qeyd edilən qərar və protokola əsasən müəyyən edilmişdir ki, törədilmiş inzibati qayda pozuntusu 12 yanvar 2026-cı il tarixdə baş vermiş, qayda pozuntusunun qeydə alındığı yer, yəni Nərimanov rayonu (Atatürk prospekti) olmasına baxmayaraq, protokol qayda pozuntusunun törədilmə günündən 18 gün sonra tərtib edilərək müvafiq qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında xx.xx.2018-ci il tarixli №1221-VQD nömrəli Azərbaycan Respublikasının Qanununun 2-ci bəndinə əsasən 38.6-cı maddədə “xəta haqqında elektron protokol” sözləri “tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar)” sözləri ilə, “bir ay” sözləri “bir gün” sözləri ilə əvəz edilmişdir. Barəsində Azərbaycan Respublikası DİN-nin Xüsusi Tağım tərəfindən tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs X2 bildirmişdir ki, ona yazılan cərimə ilə razı deyildir, belə ki, nəqliyyat vasitəsi hadisə vaxtı etibarnamə əsasında başqa şəxs tərəfindən idarə edilmişdir. 21 yanvar 2026-cı il tarixdə stasionar postda saxlanılarkən ona nəqliyyat vasitəsinin idarə edilməsi hüququnun məhdudlaşdırılması barədə məlumat verilmiş, bundan sonra Xırdalan qəsəbəsində yerləşən Xüsusi Tağımın inzibati binasına gedərkən, ona guya ki, 12 yanvar 2026-cı il tarixdə də xəta törətməsi barədə məlumat verilmiş və ona 31 yanvar tarixində qərar tərtib edilmişdir. Daha sonra dərhal şikayət etmişdir. Qeyd etmişdir ki, o sürücülük hüququnun məhdudlaşdırılmasından məlumatlı deyildir. Bundan əlavə, mobil telefonuna hər hansı SMS məlumat gəlməmişdir. Barəsində indiyə kimi 3 inzibati tənbeh vermə qərarı tərtib edilmişdir və hamısından narazıdır. Ona guya ki, 12 yanvar tarixində nəqliyyat vasitəsini o idarə etməmişdir. Nəqliyyat vasitəsində həmin vaxt dostunda da etibarnamə olmuşdur. Qeyd olunanları nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq qərar tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə səlahiyyətli orqanın iştirakı olmadan iclasın davam etdirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin Xüsusi Tağımnin xx.xx.2026-cı il tarixli, TP seriyalı ******* nömrəli qərarından görünür ki, X2 xx.xx.2026-cı il tarixdə saat 11:23-də Bakı şəhər Atatürk pr-ti İXM-99.1.1 ərazisində nəqliyyat vasitəsini idarə etdiyi üçün Xüsusi Tağım tərəfindən tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyi üçün 400 manat məbləğində cərimə edilmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq, tərəflərin məhkəmə iclasındakı izahatlarını dinləyərək və iş materiallarına əlavə olunmuş sübutları hərtərəfli, tam və obyektiv tədqiq edərək hesab edir ki, şikayət qismən təmin edilməli, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar ləğv olunaraq, iş yenidən baxılması üçün aidiyyəti səlahiyyətli orqana qaytarılmalıdır. İlk növbədə, inzibati xəta hadisəsinin sübutu baxımından qeyd edilməlidir ki, İXP ******* nömrəli protokolda inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitəyə aid sütun tamamilə boş buraxılmış, iş materiallarına nə foto, nə video, nə də başqa hər hansı material daxil edilməmişdir. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sübutlar yalnız həmin maddədə sadalanan müvafiq vasitələrlə, o cümlədən xüsusi texniki vasitələrin göstəriciləri, şahid izahatları, protokollar vasitəsilə müəyyən edilir. Lakin protokol mətninin öz-özünə həlledici sübut hesab olunması qanunla nəzərdə tutulmamışdır. İnzibati xəta hadisənin mövcudluğunu sübut etmək vəzifəsi protokol tərtib etmiş orqanın üzərinə düşür, lakin inzibati orqan vəzifəsinə uyğun olaraq məhkəmə iclasında iştirak etməmiş, müvafiq materialları nə məhkəməyə, nə də barəsində icraat aparılan şəxsə təqdim etməmişdir. Şikayət verən şəxs məhkəmə iclasında müdafiə mövqeyi irəli sürərək, 77DA762 dövlət qeydiyyat nişanlı Hyundai İ30 markalı nəqliyyat vasitəsinin xx.xx.2026-cı il tarixdə, saat 11:23-də etibarnamə əsasında başqa şəxs tərəfindən idarə edildiyini bildirmişdir. Lakin, səlahiyyətli orqan nə etibarnamənin həqiqi mövcudluğunu yoxlamamış, nə də həmin tarixdə həqiqətən sükan arxasında olan şəxsin kimliyini müəyyənləşdirmişdir. İXMnin 8.2-ci maddəsinə görə şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3cü maddəsi inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsindəki şübhələrin onun xeyrinə həll olunacağını bəyan edir. Bundan əlavə, qərarın gec tətbiq edilməsi sübutların etibarlılığına dair ayrıca şübhə doğurur. İXP ******* nömrəli protokol iddia edilən xəta tarixi olan xx.xx.2026-cı ildən 19 (on doqquz) gün sonra, xx.xx.2026-cı il tarixdə tərtib edilmişdir. Yol hərəkəti şəraitinin xüsusiyyətləri nəzərə alındıqda, belə bir gecikmə həm sürücünün kimliyi barədə hər hansı bilavasitə müşahidə məlumatının keyfiyyətini, həm də nəqliyyat vasitəsini idarə edən şəxsin məhz şikayət verən şəxs olduğuna dair əsaslı şübhələr yaradır. Şikayət verən şəxs İXM-nin 53-cü maddəsinə əsasən icraata xitam verilməsini xahiş etmişdir. Lakin mövcud sübutların çatışmazlığı xəta hadisəsinin qəti olaraq baş vermədiyini təsdiq etmir, bu hal yalnız hazırda iş materiallarına daxil olan sübutlar çərçivəsində tənbeh tətbiqinin hüquqi tələblərinin yerinə yetirilmədiyini ortaya qoyur. Buna görə də, məhkəmə hesab edir ki, xəta subyektinin düzgün müəyyən edilməsi, etibarnamə vasitəsilə nəqliyyat vasitəsini idarə edən şəxsin kimliyi, sürücülük hüququnun məhdudlaşdırılması barəsindəki qərarın mövcudluğu kimi mühüm halların hərtərəfli araşdırılması üçün qərar ləğv edilməli və iş yenidən baxılması üçün aidiyyəti orqana qaytarılmalıdır. Göstərilən normaları rəhbər tutaraq məhkəmə o qənaətə gəlir ki, Azərbaycan Respublikası DİN-nin Xüsusi Tağım tərəfindən X2 barəsində qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP seriyalı ******* nömrəli qərar işin faktiki halları araşdırılmadan, sübut etmə öhdəliyi yerinə yetirilmədən qəbul edildiyi üçün qanunsuz və əsassızdır. Odur ki, qeyd olunan qərar ləğv edilməli və inzibati xəta haqqında işin hallarına yenidən baxılması üçün aidiyyəti orqana qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-cü maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair DİN Xüsusi Tağım tərəfindən xx.xx.2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin orqana göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar