Məhkəmə qərarları › İş №3(5-97)-1045/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-1045/2026

17.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-1045/2026 17.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Hadi Mircəlal Mirşamil oğlunun katibliyi, Azərbaycan Respublikası ƏƏSMN yanında X4 Xidmətinin nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC nümayəndəsi X1 iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsindən "xxxx" MMC-nin (VÖEN:**********) Azərbaycan Respublikası İXM-in 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 16 fevral 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, elektron əmək müqaviləsinə keçid etməklə bağlı hüquqi şəxsə ünvanlanmış xx.xx.2026-cı il tarixli göstəriş məktubu təmin edilməmişdir. Nəticədə "xxxx" MMC Azərbaycan Respublikası İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən X4 Xidmətinin nümayəndəsi X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq qeyd etmişdir ki, müvafiq sənədlərin tələb edilməsi barədə protokolda qeyd olunan məktub hüquqi şəxsə göndərilmiş, lakin tələb olunan sənədlər Xidmətə çatdırılmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X2 bildirmişdir ki, sözügedən işçilərin hamısı hazırda elektron müqavilə sisteminə keçirilmişdir. Pozuntunu aradan qaldırıb, əmək müfəttişliyinə müraciət etmişlər. Hazırda həmin sorğunun cavabının təsdiqlənməsini gözləyirlər. Qeyd olunanları nəzərə alaraq, icraata xitam verilməsini xahiş edirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 3-17-5/2-7500/2026 nömrəli, xx.xx.2026cı il tarixli məktubdan görünür ki, Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında 2025-cü il 28 iyun tarixli Qanunun 12.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bağlanılmamış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərhələlərə uyğun olaraq həyata keçirilir. “Əmək və Məşğulluq” altsisteminə baxış zamanı tərəfinizdən elektron sənəd formasına keçirilməyən əmək müqavilələrin olması müəyyən edilmiş, həmin işçilərin 10 iş günü müddətində elektron sənəd formasına keçirilməsi təmin edilməlidir. Elektron portaldan çıxarışdan görünür ki, xx.xx.2026-cı il tarixli məktub xx.xx.2026-cı il tarixdə hüquqi şəxsin şəxsi kabinetinə yerləşdirilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 25.7-ci maddəsinə əsasən bu Məcəllənin 116.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda inzibati cərimə şərti olaraq tətbiq edilir. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1- 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3-540.5, 541-544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. 539.1-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 15.1-ci maddəsinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 15.2-ci maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, inzibati xəta haqqında işin materiallarını, tərəflərin izahatlarını və təqdim edilmiş sənədləri hərtərəfli, tam və obyektiv tədqiq edərək, sübutların məcmusunu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə uyğun olaraq öz daxili inamı ilə qiymətləndirərək hesab edir ki, "xxxx" MMC əməlində İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi mövcuddur və onun törədilməsi tam sübuta yetirilmişdir. İş üzrə tətbiq edilən İXM-in 539.1-1-ci maddəsi, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin icra edilməməsi üçün məsuliyyət müəyyən edir. Bu normanın hüquqi təhlili göstərir ki, inzibati xətanın obyektiv cəhəti bir neçə alternativ hərəkətsizlikdə təzahür edə bilər. Hazırkı işin hallarında, X4 Xidmətinin göstərişinə qanunla müəyyən edilmiş müddət ərzində və tam icra edilməməsi faktı, xətanın obyektiv cəhətini məhz “icra edilməmə” elementi ilə tam əhatə edir. Məhkəmə müəyyən edir ki, Xidmətin "xxxx" MMC-dan işçilərin əmək müqavilələrinin elektron sistemə keçirilməsini tələb etmək hüququ tam qanuni əsaslara söykənir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinə əlavə edilmiş müvafiq dəyişikliklər nəzərə alınmaqla, Nazirlər Kabinetinin 17 sentyabr 2024-cü il tarixli qərarına əsasən, işəgötürənlər üçün bu müddət 1 iyul 2025-ci il tarixədək müəyyən edilmişdir. Hüquqi şəxsə Xidmət tərəfindən 16 dekabr 2025-ci il tarixdə göstəriş ünvanlanmasına, rəsmi şəkildə həmin tarixdə elektron kabinetinə yerləşdirilməsinə baxmayaraq, 20 nəfər işçinin əmək müqaviləsi tam şəkildə elektron sistemə keçirilməmişdir. Məktubun rəsmi qaydada çatdırılması faktı sübuta yetirildiyindən, hüquqi şəxsin həmin məktubun məzmunu ilə tanış olduğu prezumpsiyası yaranır. Hüquqi şəxsin nümayəndəsinin sözügedən gecikmənin aradan qaldırılmasına məhkəmə tənqidi yanaşır və uzun müddət ərzində hüquqi şəxsin həmin müqavilələrinin təsdiq edilməsini tələb etməməsini onun hərəkətsizliyi ilə əlaqələndirir. Belə ki, məktub əldə edildikdən sonra zəruri olan müddət həmin müqavilələr yoxlanılmalı və elektron sistemə keçirilməli idi. Lakin, hüquqi şəxs tərəfindən həmin öhdəlik icra edilməmişdir."xxxx" MMC hüquqi şəxs kimi fəaliyyət göstərən subyekt olaraq, özünə ünvanlanmış rəsmi sənədlərin qəbulunu və onlara vaxtında icra edilməsini təmin etməli idi. Bu vəzifənin yerinə yetirilməməsi onun təqsirini sübut edir. Belə ki, hüquqi şəxsin rəhbərliyi öz fəaliyyətini təşkil edərkən lazımi diqqət və ehtiyatlılığı göstərməmiş, nəticədə dövlət orqanının qanuni tələbi icrasız qalmışdır. Hüquqi şəxsin direktoru məhkəmə iclasında həmin şəxslərin də müqavilələrinin təsdiq edildiyini və bu barədə Əmək Müfəttişliyinə cavab verildiyini bildirsə də, hazırkı halda həmin məktubun həqiqiliyi təsdiq edilməmiş, bundan əlavə sözügedən hərəkət müəyyən edilmiş müddətdən sonra icra edilmişdir. Məhkəmə "xxxx" MMC-nin hüquq pozuntusunu aradan qaldırmaq niyyətində olmasını Azərbaycan Respublikası İXM-in 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında "xxxx" MMC-nin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olması, ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və bu Məcəllənin 116.1-ci maddəsinə əsasən şərti olaraq 2000 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməli, törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 1 (bir) ay müddət müəyyən edilməli, nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilməməli, əks halda inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməli, MMC-yə cərimənin ödənilməsinin törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etməməsi izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 114-116, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və bu Məcəllənin 116.1-ci maddəsinə əsasən şərti olaraq 2000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 1 (bir) ay müddət müəyyən edilsin və nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilməsin. Hüquqpozma aradan qaldırılmadıqda inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimənin ödənilməsinin törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etməməsi izah edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar