Məhkəmə qərarları › İş №3(5-97)-1054/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-1054/2026

11.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-1054/2026 11.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs - X1 iştirakı ilə, X1 Nərimanov RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Nərimanov RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nərimanov RPİ-nin DYPŞ tərəfindən barəsində Azərbaycan Respublikası İXM-in 329.3-cü və 333.1-ci maddələrinə əsasən xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati xəta barədə qərar qəbul edilmişdir. İnzibati xəta barədə qərar qəbul edən inzibati orqan araşdırma aparmamış, sübutları düzgün qiymətləndirməmiş və düzgün tədqiq etməmişdir. Mübahisələndirilən inzibati xəta barədə qərarın qəbul edilməsinə əsas guya xx.xx.2026-cı ildə saat 12:00-da Bakı şəhəri, Nərimanov rayonu ərazisində “RENAULT SCENİC” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobili işıq cihazlarından istifadə qaydasını pozaraq sərxoş halda idarə etməyindən ibarətdir. Belə ki, xx.xx.2026-cı ildə saat 12:00-da xidməti avtomobilində xidmət aparan DYP əməkdaşı tərəfindən idarə etdiyi avtomobil saxlanıldıqdan sonra DYP əməkdaşı içkili olduğuna görə onu saxladığını bildirmişdir. Sərxoşluğu yoxlayan texniki vasitə ilə yoxlayan zaman 0,4 promilli sərxoşluq vəziyyəti çıxmışdır. O, buna etiraz etmiş, yəni sərxoş olmadığını bildirmiş, sərxoşluğun müayinəsi üçün narkoloji dispansperə getməyi bildirdikdə isə Yol Patrul Xidməti inspektoru həkimə getməyə ehtiyac olmadığını, izahatına sadəcə axşam bir stəkan araq içməyi yazmağını, onun atası yaşında olduğunu və narahat olmamağını bildirmişdir. Bundan sonra xx.xx.2026-cı ildə sərxoşluğun müayinəsi üçün Respublika Narkoloji Mərkəzinə getmişdir. Bununla təsdiq olunur ki, həmin an sərxoş vəziyyətdə olmamışdır, həmçinin qeyd edir ki, Yol Patrul Xidməti inspektoru alkotester vasitəsi ilə ilk dəfə sərxoşluq vəziyyətinin yoxlanılmasını həyata keçirdikdə cihaz 0.0 promil göstərmişdir. Daha sonra Yol Patrul Xidməti inspektoru avtomobilə qayıdaraq başqa alkotester cihazı gətirmiş və sərxoşluğu yoxlayan texniki vasitə ilə yoxlayan zaman guya 0,4 promilli sərxoşluq vəziyyəti çıxmışdır. Tərəfindən Azərbaycan Respublikası İXM-nin 329.3-cü və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. DYP Yol Patrul Xidməti inspektoru tərəfindən İXM-in 329.3-cü maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməyini də bildirməmiş, həmin maddədə göstərildiyi kimi işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozma halına yol verməmiş və bunun əksini təsdiq edəcək sübutlar yoxdur. Nəticədə, Nərimanov RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 verdiyi şikayətin məzmununa uyğun çıxış edərək barəsində tətbiq edilmiş xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilən səlahiyyətli orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına nümayəndəsinin iştirakını təmin etməmiş və üzrlü səbəb barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər Nərimanov RPİ-nin DYPŞ-in xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat cərimə edilmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında X №-li xx.xx.2026-cı il tarixli aktın surətindən görünür ki, X2 həmin gün saat 14:30-da ayıq vəziyyətdə olmuşdur. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qərarın ləğv edilməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə - otuz manat məbləğində cərimə edilir. 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 №-li qərarının 2.3-cü bəndinə əsasən alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. Həmin qərarın 2.4-cü bəndində əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olması və yaxud narotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin Həmin qərarın İİİ hissəsinə, yəni nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinənin aparılması qaydalarının 3.3-cü bəndinə əsasən Narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. Həmin qərarın 2.7-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsi dinləyib, onun şikayət ərizəsi və ona əlavə etdiyi materialları tədqiq edərək müəyyən etmişdir ki, X2 xx.xx.2026-cı il tarixdə Nərimanov rayonu ərazisində “X” minik markalı, **-YD-*** nömrəli nəqliyyat vasitəsini işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozması və sərxoş vəziyyətdə idarə etməsi ilə bağlı inzibati xətaları törətməkdə təqsirli bilindiyinə görə barəsində Nərimanov rayon DYPŞ tərəfindən xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 400 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Lakin sərxoşluq vəziyyətinin müayinəsi barədə aktın nəticəsinə əsasən onda sərxoşluğun olmadığı aşkar edilmişdir. Məhkəmə hesab edir ki, X2 barəsində tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X2 barəsində Azərbaycan Respublikası İXM-in 329.3 və 333.1-ci maddələri ilə qəbul edilmiş xx.xx.2026cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Nərimanov RPİ-nin DYPŞ-nə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 133- 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası İXM-in 329.3 və 333.1-ci maddələri ilə qəbul edilmiş xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Nərimanov RPİ-nin DYPŞ-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar