Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-1055/2026 04.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Hüseynova Gülsüm Üzeyir qızının katibliyi ilə, X1 nümayəndəsi və vəkili Nümayəndə4 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin xx.xx.2026-cı il tarixli, EQ 34162384 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin xx.xx.2026-cı il tarixli, EQ 34162384 saylı inzibati tənbeh vermə haqqında qərarından Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. X4 şikayət ərizəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixində saat 08:30 radələrində "xxxx" MMC-yə məxsus, onun idarə etdiyi “MAN” markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobil M-2 avtomobil yolunun 47.9 km-də, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Ələt istiqamətində hərəkətdə olarkən icazə verilən limit həddinin 32 000 kq olması nəzərdə tutulduğu halda avtomobilin çəkisinin guya 34150 kq olması göstərilməklə onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi və 1200 (bir min iki yüz) manat məbləğində cərimə edilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən xx.xx.2026-cı il tarixli, EQ34162384 saylı elektron qərar qəbul edilmişdir. Bundan əlavə, xx.xx.2025-ci il tarixində saat 07:47:35 radələrində "xxxx" MMCyə məxsus, onun idarə etdiyi “MAN” markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobil yenə həmin M-2 avtomobil yolunun 47.9 km-də, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Ələt istiqamətində hərəkətdə olarkən icazə verilən limit həddinin 32 000 kq olması nəzərdə tutulduğu halda avtomobilin çəkisinin guya 34 140 kq olması göstərilməklə onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi iddia edilərək 1200 (bir min iki yüz) manat məbləğində cərimə olunması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən xx.xx.2026-cı il tarixli, EQ34162361 saylı elektron qərar qəbul edilmişdir. X4 hesab edir ki, göstərilən elektron qərarlar qanunsuz və əsassızdır və ləğv edilməlidir. Belə ki, onun idarə etdiyi avtomobil "xxxx" MMC-yə məxsus olmaqla reysə çıxarkən avtomobilə yüklənən yanacağın növü, markası və çəkisinin müəyyən edilməsi sürücünün səlahiyyətlərinə aid deyildir. O, həmin avtomobili yalnız idarə edir və hər dəfə reysə çıxarkən Şirkətin “Avtobaza sürücüsünün vəzifə təlimatı”na uyğun olaraq dispetçerdən yol vərəqəsi alaraq Neftbazaya yollanır, Neftbazada yanacaq yükləndikdən sonra Avtobazaya qayıdıb yol vərəqəsini və qaiməni dispetçerə təqdim edir, müvafiq qeydlər aparıldıqdan sonra müəyyən edilmiş marşrut üzrə reysə çıxır və Şirkətin “Reysin yerinə yetirilməsi haqqında” Təlimatına uyğun olaraq yüklənmiş yanacağın təyinat məntəqəsinə çatdırılmasına və avtomobilin yük çənlərinin qapaqlarına vurulmuş plombların salamatlığına və toxunulmazlığına görə məsuliyyət daşıyır. xx.xx.2025-ci il tarixində də o, idarə etdiyi “MAN” markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobillə "xxxx" MMC-yə məxsus Səngəçal Terminalından “Premium” markalı yanacaq yükləyərək reysə çıxmış və həmin vaxt avtomobilin ümumi çəkisi yüksüz kütlə ilə birlikdə 31 995 kq təşkil etmişdir. Cərimə barədə məlumat daxil olduqdan sonra tərəflər tərəfindən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət edilmiş və Agentliyin nümayəndəsinin iştirakı ilə həmin yanacaqdaşıyan avtomobil Elektron tərəzilərin vahid monitorinq mərkəzinə aid tərəzidə yenidən çəkilmiş, nəticədə avtomobilin ümumi çəkisinin 32 060 kq olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iri qabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən ümumi kütlə və oxa düşən yük parametrlərini 5 faiz və daha artıq aşması inzibati məsuliyyət yaradır, lakin avtomobilin ümumi çəkisinin 32 060 kq olması həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibini yaratmır. xx.xx.2025-ci il tarixində isə reysə çıxarkən "xxxx" MMC-yə məxsus Neftbazada avtomobilə 18 661 kq yanacaq yüklənmiş, avtomobilin yüksüz kütləsi 12 965 kq olduğundan ümumi çəkisi 31 626 kq təşkil etmişdir ki, bu məlumat nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində də göstərilmişdir. Neftbaza tərəfindən yüklənmiş yanacaq qaimədə göstərilən ölçüdə olmuş, hər bir sisternaya (13250+12070 litr) olmaqla ümumilikdə 25 320 litr yanacaq vurulmuş və litrlə yüklənilmiş yanacağın çəkisi 25 320 litr × 0,737 sıxlıq göstəricisinə əsasən 18 661 kq təşkil etmişdir. Bundan əlavə, xx.xx.2025-ci il tarixində yanacaqla yüklü vəziyyətdə avtomobilin tərəzidə çəkilməsini təsdiq edən qəbzdən görünür ki, avtomobilin ümumi çəkisi 31 480 kq olmuşdur. Həmçinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin şirkətə ünvanladığı xx.xx.2025-ci il tarixli 3-27-103/2-18793/2025 və 3-27-103/2-18792/2025 saylı məktublardan məlum olur ki, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, M-2 avtomobil yolunun 47.9 km hissəsində yerləşən elektron tərəzidə xx.xx.2025-ci və xx.xx.2025-ci tarixlərində texniki nasazlıq olmuşdur. Bu fakt elektron tərəzidə avqust və sentyabr aylarında texniki xəta mövcud olduğunu göstərir və inzibati xətanın baş verməsi ehtimalını istisna edir. Bundan əlavə, cərimə barədə məlumat daxil olduqdan dərhal sonra avtomobil digər elektron tərəzidə çəkilmiş və 31 480 kq nəticəsi qeydə alınmış, daha sonra avtomobil geri qaytarılaraq eyni tərəzidən yenidən keçirilmiş və hər hansı pozuntu qeydə alınmamışdır. Beləliklə, xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixlərində avtomobilin çəkisinin guya 34 150 kq və 34 140 kq olması barədə qeydlər faktiki vəziyyətə uyğun deyildir və aparılmış təkrar ölçmələr bu məlumatları təkzib edir. Məhkəmə iclasında X1 nümayəndəsi və vəkili Nümayəndə4 çıxış edərək şikayət ərizəsində göstərilən halları müdafiə etdiyini bildirmiş və qeyd etmişdir ki, inzibati tənbeh tətbiq edilməsi barədə qərarın qəbul edilməsi üçün qanuni əsaslar mövcud deyildir. Onun sözlərinə görə, şəxsin təqsirliliyi iş materialları ilə sübuta yetirilmir və buna görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş inzibati xəta haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, işə qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin xx.xx.2026-cı il tarixli, EQ 34162384 saylı qərarından görünür ki, X4 tərəfindən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsinə görə barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. xx.xx.2025-ci il tarixli Elektron qəbzin surətindən görünür ki, avtomobilin çəkisi 31480 kq təşkil edir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində X3 Agentliyinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, aparılan araşdırma zamanı, “MAN" markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı avtoneqliyyat vasitəsi ilə yükdaşıma fəaliyyəti yerinə yetirilərkən 27 avqust 2025-ci il tarixində M-2 Bakı - Ələt - Qazax - Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 47.9-cu km-də (Qazax istiqaməti, Qaradağ) yerləşən elektron tərəzinin texniki xətası səbəbindən ötürülən məlumatlar nəticəsində real vaxt rejimində inzibati tənbeh vermə haqqında elektron qərarın çıxarıldığı məlum olmuşdur. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, X2 İXM-in 353.2-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Baş X7 İdarəsinin xx.xx.2026-cı il tarixli, EQ 34162384 VƏ EQ 34162361 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 barəsində inzibati orqan tərəfindən xx.xx.2026-cı il tarixli, EQ 34162384 saylı inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin qərarların qəbul edilməsi üçün kifayət qədər hüquqi və faktiki əsaslar mövcud olmamış, nəticədə barəsində icraat aparılan şəxsin hüquq və qanuni mənafeləri pozulmuşdur. Belə ki, iş materiallarında olan sübutlar, o cümlədən təqdim edilmiş elektron qəbzlərdən görünür ki, sözügedən nəqliyyat vasitəsi elektron tərəzidə çəkilmiş və çəkilmə nəticəsində avtomobilin ümumi çəkisinin 31 480 kq olduğu müəyyən edilmişdir. Halbuki, inzibati orqan tərəfindən qəbul edilmiş qərarlarda nəqliyyat vasitəsinin çəkisinin 34 000 kq-dan artıq olduğu göstərilmişdir. Bu isə təqdim edilmiş sübutlarla ziddiyyət təşkil edir və inzibati orqanın gəldiyi nəticələrin düzgünlüyünə şübhə yaradır. Bundan başqa, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2025-ci il tarixli məktubundan da müəyyən edilir ki, aparılmış araşdırma zamanı “MAN” markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə yükdaşıma fəaliyyəti həyata keçirilərkən 27 avqust 2025-ci il tarixində M-2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 47.9-cu kilometrində (Qazax istiqaməti, Qaradağ rayonu ərazisi) yerləşən elektron tərəzidə texniki nasazlıq olmuşdur. Həmin texniki nasazlıq nəticəsində tərəzi tərəfindən ötürülən məlumatların düzgün olmaması səbəbindən real vaxt rejimində avtomatik qaydada inzibati tənbeh vermə haqqında elektron qərarların fqəbul edildiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, elektron tərəzidə mövcud olmuş texniki nasazlıq nəticəsində əldə edilmiş məlumatlar etibarlı sübut kimi qiymətləndirilə bilməz. Beləliklə, iş materiallarının məcmu halında qiymətləndirilməsi göstərir ki, nəqliyyat vasitəsinin faktiki çəkisi barədə təqdim edilmiş elektron qəbzlər, həmçinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin rəsmi məktubu inzibati orqan tərəfindən qəbul edilmiş qərarların əsassız olduğunu təsdiq edir. Bundan başqa xx.xx.2026-cı il tarixli qərarlardan görünür ki, inzibati xəta xx.xx.2025ci il tarixlərində baş vermişdir. Göründüyü kimi, inzibati xəta hadisəsinin baş verdiyi tarixlə inzibati tənbeh vermə haqqında qərarların qəbul edildiyi tarix arasında kifayət qədər uzun müddət keçmişdir. Bu isə iş üzrə icraata xitam verilməsinə birbaşa əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimin və xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq bra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. 124.2-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan ŞƏXS inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 124.4.-cü maddəsinə əsasən İnzibati tənbeh vermə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə bu Məcəllənin 45-2.3-cü maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə tərtib olunur və dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilərək, nömrələnmiş blankda çap edilərək imzalanır. Bort-kompüter olmadıqda əl ilə nömrələnmiş blankda tərtib edilmiş protokol və ya qərar 24 saat müddətində müvafıq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə daxil edilir və bu Məcəllənin 45-2.1-ci maddəsinə uyğun olaraq bu barədə məlumat dərhal “İCMAL" informasiya sisteminə ötürülür. Bu məlumatlar əsasında həmin protokola və qərara “İCMAL" informasiya sistemində real vaxt rejimində və avtomatlaşdırılmış qaydada unikal nömrə verildikdən sonra həmin protokol və qərar real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun müvafiq informasiya sisteminə göndərilir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər altı yüz manat məbləğində cərimə edilir. 353.5-ci maddəsinə əsasən Bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-in tələblərini işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozmuş, təqdim olunmuş sənədlər əsasında X1 İXM-in 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olmasının müəyyən edilməsi mümkün deyil və bu səbəbdən o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də X1 barəsində Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin xx.xx.2026cı il tarixli, EQ 34162384 VƏ EQ 34162361 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə cərimə olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin xx.xx.2026-cı il tarixli, EQ 34162384 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(5-97)-1055/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-1055/2026
04.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver