Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-97)-1077/2026 03.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Babayev Kamal Yunis oğlu, Şəxs MTK barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilmiş protokol və ona əlavə edilmiş sənədlərə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs MTK barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətin tərəfindən 18 fevral 2026-cı il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş, material 03 mart 2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol nəzərdən keçirilərkən müəyyən edilir ki, Şəxs MTK tərəfindən vətəndaş X1 şikayəti əsasında, Şəxs MTK-ta 3-17-5/2-111666/2025, xx.xx.2025-cii il tarixli məktub göndərilərək sənədləri 7 iş günündə DƏMX-ə təqdim edilməsi tələb olunmuş, lakin sənədlər tam şəkildə təqdim edilməmişdir. Nəticədə Şəxs MTK tərəfindən Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərkən müəyyən edir ki, inzibati xəta haqqında material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, Əmək Müfəttişliyi tərəfindən protokolda hüquqi şəxsə ünvanlanmış 3-17-5/2- 111666/2025 saylı xx.xx.2025-ci il tarixli məktubun tam şəkildə 7 iş günü ərzində icra edilmədiyi qeyd edilmişdir. Lakin, protokola nəzər keçirilərkən müəyyən olunur ki, sözügedən xx.xx.2025-ci il tarixli məktubun özü və həmin məktubun hüquqi şəxsə hansı yol ilə çatdırılması iş materiallarından görünmür. Həmin xüsusatı təsdiq etmək üçün nə poçt qəbzi, nə də hüquqi şəxsin elektron kabinetinə sorğunun yerləşdirilməsi ilə bağlı təsdiqedici sənədlər əlavə edilməmişdir. Məhkəmə, hüquqi şəxs ilə Xidmət arasında yazışmaları görsə də, bu yazışmalar hüquqi şəxsin müvafiq sorğunu iddia olunan tarixdə alması və iş materiallarında olan tarixsiz, nömrəsiz və müvafiq rekvizitləri olmayan məktubun həmin sözügedən məktub olması qənaətinə gəlmək üçün yetərli deyildir. Belə ki, protokolda sorğunun 7 iş günü ərzində icra edilməməsi qeyd olunmuş, protokolda sübut qismində sadəcə müvafiq yazışmalara və göndərilmiş sənədlərə istinad edilmişdir ki, bu da eyniləşdirmə üçün kifayət deyildir. Bununla da, sənədlər natamam olduğundan məhkəmə iclasında baxılması mümkünsüzdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-in 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. İXM-in 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göründüyü kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş materiallar düzgün tərtib edilməmişdir və işə baxılarkən tamamlamaq mümkün deyildir. İş materiallarını araşdıraraq belə qənaətə gəlirəm ki, Şəxs MTK -nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında olan material düzgün tərtib olunmadığından İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən onu tərtib etmiş orqana, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MTK barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər natamam olduğundan geri qaytarılsın. Qərardad qətidir, şikayət və protest verilə bilməz. Hakim Kamal Babayev
Məhkəmə qərarları › İş №3(5-97)-1077/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(5-97)-1077/2026
03.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver