Məhkəmə qərarları › İş №3(5-97)-1090/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-1090/2026

10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-1090/2026 10.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Hadi Mircəlal Mirşamil oğlunun katibliyi , Şikayət verən şəxs - X1, X1 Azərbaycan Respublikası DİN-nin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli EQ 33897105 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası DİN-nin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli EQ 33897105 saylı “İnzibati tənbeh vermə haqqında” qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, barəsində X4 İdarəsi tərəfindən 13 Fevral 2026-cı il tarixli, EQ33897105 nömrəli inzibati xəta haqqında elektron qərar qəbul edilmişdir. Elektron qərarın qanuniliyinə etiraz edir və hesab edir ki, inzibati xəta faktı təqdim olunmuş materiallarla sübuta yetirilməmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillər bir-biri ilə uzlaşmır, hadisənin eyni vaxt və məkanda baş verdiyini qəti şəkildə təsdiqləmir və həmin nəqliyyat vasitəsinin məhz ona məxsus olmasını şübhəsiz müəyyən etməyə imkan vermir. Mövcud görüntülər inzibati məsuliyyət üçün tələb olunan sübut standartına cavab vermir. Təqdim edilmiş ilk fotoşəkildə avtomobil uzaq məsafədən çəkilmiş, yalnız nəqliyyat vasitəsinin ümumi konturları və kənar hissələri seçilir. Həmin görüntüdə dövlət qeydiyyat nişanı oxunmur, nəqliyyat vasitəsinin kimə məxsus olduğu müəyyən edilmir və sürücünün şəxsiyyəti ümumiyyətlə görünmür. Bu səbəbdən həmin şəkil hüquqi baxımdan konkret şəxsə qarşı inzibati məsuliyyət tətbiqi üçün etibarlı sübut hesab oluna bilməz. Bundan əlavə, iş materiallarında hadisəni fasiləsiz və ardıcıl şəkildə təsdiqləyən videogörüntü təqdim olunmamışdır. Yalnız ayrı-ayrı və bir-biri ilə əlaqəsi tam sübut olunmayan fotoşəkillərə əsasən inzibati xəta faktının müəyyən edilməsi obyektiv araşdırma prinsiplərinə ziddir. Sübutların natamam və ziddiyyətli olması inzibati qərarın əsaslılığına ciddi şübhə yaradır. Barəsində qəbul edilmiş inzibati xəta haqqında qərarın ləğv ediməsini, həmin qərar əsasında hesablanmış cərimə dəbbə pulunun tamamilə silinməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, Azərbaycan Respublikası DİN-nin Baş X4 İdarəsi tərəfindən qəbul xx.xx.2026-cı il tarixli EQ 33897105 saylı qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qeyd etmişdir protokol tərtib edən orqan tərəfindən videogörüntü və digər sübutlar təqdim edilərək inzibati xətanın onun tərəfindən törədilməsi sübuta yetiriləcəyi halda cəriməni ödəməyə etiraz etmir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq qərar tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə səlahiyyətli orqanın iştirakı olmadan iclasın davam etdirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli EQ 33897105 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından görünür ki, xx.xx.2026-cı il tarixdə saat 16:48 də X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 80 (səksən) manat miqdarında cərimə edilməsi qərara alınmışdır. İş materallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, dövlət qeydiyyat nişanı görüməyən nəqliyyat vasitəsi yolun hərəkət hissəsində durmaqla, nəqliyyat vasitəsindən sərnişin düşürməkdədir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 123-cü maddəsinə əsasaən bu məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 346.4-cü maddəsinə əsasən, yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə - səksən manat məbləğində cərimə edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə iş materiallarını, tərəfin məhkəmə iclasındakı çıxışını nəzərə alaraq, şikayətin qismən təmin edilməli olması və qərarın ləğv edilərək yenidən araşdırmaya qaytarılması qənaətindədir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilərkən, inzibati orqan heç bir araşdırma aparmadan və qanunvericiliyin müvafiq normaları pozulmaqla X2 barəsində xx.xx.2026-cı il tarixli EQ 33897105 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş, bununla da X1 hüquqlarını pozmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 tərəfindən törədilmiş inzibati xəta xx.xx.2026-cı il tarixdə saat 16:21-də 20 yanvar dairəsi ünvanında qeydə alınmışdır. Lakin, həmin fotoşəkillərdə xətanın barəsində icraat aparılan şəxs tərəfindən törədilməsi birmənalı şəkildə müəyyən edilmir. İnzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən məlumat verilməsinə baxmayaraq, məhkəmədə iştirak etməmiş, inzibati xətanın X2 tərəfindən törədildiyini sübut etməmişlər. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş işin faktiki hallarını tam, hərtərəfli araşdırmadan X2 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. Belə ki, iş materiallarında videogörüntü olmadığından əlavə edilmiş fotoşəkillər əsasında ** LU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydasını pozmuş nəqliyyat vasitəsini eyniləşdirmək münkün deyildir. Həmin xüsusatı araşdırmaq məqsədilə və pozuntu törətmiş nəqliyyat vasitəsini idarə etmiş şəxs barəsində qərar qəbul etmək məqsədilə hazırda yeni araşdırma aparılmalıdır. Ona görə də, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X2 İXM-nin 346.4-cü maddəsi ilə cərimə olunmasına dair xx.xx.2026-cı il tarixli EQ 33897105 saylı qərar ləğv edilməli və videogörüntülərə və digər sübutlara baxış keçirilməklə işə yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin Baş X4 İdarəsinə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN-nin Baş X4 İdarəsi Mərkəzi İnformasiya Sisteminin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X1 İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə cərimə olunmasına dair xx.xx.2026-cı il tarixli EQ 33897105 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və işə yenidən baxılması üçün həmin orqana geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar