Məhkəmə qərarları › İş №3(5-97)-1181/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-1181/2026

17.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-1181/2026 17.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hadi Mircəlal Mirşamil oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP seriyalı ******* saylı seriyalı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X5 İdarəsi tərəfindən qəbul edilmiş 02 mart 2026-cı il tarixli qərardan şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhər DYPİ-nin xx.xx.2026-cı il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və barəsində inzibati xətalar üzrə icraata xitam verilməsinə dair qərar qəbul xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, xx.xx.2026-cı il tarixdə, saat 10:20 radələrində idarə etdiyi “Kia Optima” markalı, ** OH *** dövlət qeydiyyat nişanı nəqliyyat vasitəsilə Bakı şəhəri Nərimanov rayonu ”İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə xx.xx.2026-cı il tarixli, TP seriyalı ******* saylı qərarla ona 100 (yüz) manat məbləğində inzibati cərimə tətbiq olunmuşdur. Qeyd edilən qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Qərara əsasən, guya 13 dekabr 2025-ci il tarixində idarə etdiyi “Kia Optima” minik markalı,**-OH- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ünvan 1 ünvanında hərəkətdə olarkən geriyə dönmə əməliyyatı etmək üçün işıqforda gözləmə mövqeyində durmuşdur. Cəmi 3 maşın var idi. yaşıl işıq yananda o hərəkətə başlamışdır. 1-ci maşın dönərkən bir qədər yubanma oldu və onlar da heç bir maeə olmadan onun arxasınca hərəkətlərini davam etdirmişlər. Sonra YPX əməkdaşı onu saxlamışdır. Ona bildirmişdir ki, qırmızı işıqda keçib. Ondan görüntü təqdim etməyi istəmiş isə kamera görüntüsünü təqdim etməmişdir. Qərarının ləğv edilməsi və barəsində inzibati xətalar üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X2 ərizənin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, DYP əməkdaşları tərəfindən də ona videogörüntü təqdim edilməmişdir. O hər hansı qanun pozuntusuna yol verməmişdir. Bu səbəbdən qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq, inzibati qərar qəbul edən qurumun nümayəndəsi iştirak etməmişdir. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2026-cı il tarixli, TP seriyalı ******* saylı qərardan görünür ki, X2 “Kia Optima” minik markalı,**-OH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-in 327.2ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 100 manat məbləğində cərimə edilmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə səksən manat məbləğində cərimə edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi inzibati məsuliyyətin əsaslarını, prinsiplərini və icraat qaydalarını müəyyən edir. Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu norma, inzibati məsuliyyətin yaranması üçün təqsirin və xəta tərkibinin bütün elementlərinin mövcudluğunun imperativ şərt olduğunu təsbit edir. İnzibati icraatın fundamental prinsiplərindən olan təqsirsizlik prezumpsiyası İXM-nin 8-ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin 8.1-ci bəndinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, qüvvəyə minmiş qərarla müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məcəllənin 8.2-ci maddəsi isə təqsirsizliyin sübutetmə yükünün inzibati məsuliyyətə cəlb olunan şəxsin üzərinə qoyulmasını qadağan edir. Bu, o deməkdir ki, şəxsin təqsirini sübut etmək vəzifəsi tam həcmdə inzibati orqanın üzərinə düşür. İXMnin 8.3-cü maddəsinə əsasən isə, təqsirlilik barəsində bütün şübhələr şəxsin xeyrinə həll edilməlidir (in dubio pro reo). Məhkəmə müəyyən edir ki, X2 ilkin protokolla razılaşmayaraq inzibati xəta hadisəsinin mövcudluğunu mübahisələndirmişdir. Belə olan halda, İXM-nin 124.3-cü maddəsinin tələbinə görə, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati tənbeh tətbiq etmə haqqında qərar deyil, inzibati xəta haqqında protokol tərtib edilməli və işə baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Lakin, tərtib edilmiş protokol əsasında dərhal inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İXM-nin 48-ci maddəsi inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri kimi, hər bir işin hallarının vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırılmasını müəyyən edir. Məhkəməyə təqdim edilmiş materiallardan görünür ki, inzibati orqan tərəfindən qəbul edilmiş qərar yalnız protokol tərtib edən vəzifəli şəxsin subyektiv mülahizəsinə əsaslanır. Təqsirliliyi təsdiq edən hər hansı sübut, xüsusən də videogörüntü materialı işə əlavə edilməmişdir. Məhkəmə şikayətçinin bu barədə dəlillərini əsaslı hesab edir. Həqiqətən də vətəndaşa qərarın surəti təqdim edilərkən, müvafiq sübutlar təqdim edilməmiş və ya elektron kabinetinə yerləşdirilməmişdir. Məhkəmə həmçinin nəzərə alır ki, inzibati qərarı qəbul etmiş Bakı şəhər X5 İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və qəbul etdiyi qərarın qanuniliyi və əsaslılığı ilə bağlı mövqeyini müdafiə etməmişdir. Məhkəmə qeyd edir ki, inzibati orqanın məhkəmə iclasında iştirakdan yayınması, onların qəbul etdiyi aktın müdafiəsindən imtina kimi qiymətləndirilə bilməsə də, bu hal işin hərtərəfli araşdırılmasına, tərəflərin çəkişmə prinsipinin təmin edilməsinə mane olur və inzibati orqanın öz mövqeyini sübutlarla əsaslandırmaq vəzifəsini yerinə yetirmədiyini göstərir. Şikayətçinin iş üzrə icraata tam xitam verilməsi barədə vəsatətinə gəlincə, məhkəmə bu hissədə vəsatəti əsaslı hesab etmir. Belə ki, inzibati orqan tərəfindən yol verilmiş prosessual pozuntular və sübutların təqdim edilməməsi, özlüyündə inzibati xəta hadisəsinin baş verməməsini birmənalı şəkildə sübut etmir. Təqsirsizlik prezumpsiyası prinsipinin tələbi təqsirin sübuta yetirilməməsi halında şəxsin təqsirsiz hesab olunmasını nəzərdə tutur, lakin bu, işin hallarının hərtərəfli araşdırılması imkanının mövcud olduğu halda, həmin araşdırmadan imtina üçün əsas yaratmır. Məhkəmənin vəzifəsi yalnız formal pozuntuları müəyyən etmək deyil, həm də obyektiv həqiqətin müəyyən edilməsinə nail olmaqdır. İcraata tam xitam verilməsi, inzibati xətanın baş verib-verməməsi məsələsini açıq qoyacaq və ədalət mühakiməsinin tam bərqərar olmasına xidmət etməyəcəkdir. Bu səbəbdən, işin yenidən araşdırılmasına qaytarılması daha mütənasib və ədalətli qərardır. Eyni zamanda, iş üzrə həqiqətin müəyyən edilməsi və ədalət mühakiməsinin tam təmin olunması məqsədilə iş üzrə icraata xitam verilməsi deyil, İXM-nin 134.1.4-cü maddəsinə uyğun olaraq, qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün aidiyyəti üzrə səlahiyyətli orqana göndərilməsi zəruridir. Yenidən baxılma zamanı inzibati orqan işin hallarını tam və hərtərəfli araşdırmalı, mövcud olduğu təqdirdə videogörüntü materiallarını işə əlavə etməli, tərəflərin iştirakını təmin etməli və toplanmış sübutlara obyektiv qiymət verməklə qanuni və əsaslandırılmış qərar qəbul etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X4 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X1 İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə cərimə olunmasına dair xx.xx.2026-cı il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X5 İdarəsinə qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar