Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-1189/2026 13.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi”nin nümayəndəsi X2 iştirakı ilə, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi” barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən başlanılmış inzibati xəta haqqında iş üzrə icraata materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi” barəsində Azərbaycan Respublikası İXM-in 499.1.3-cü maddəsi ilə tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmiş xx.xx.2026-cı il tarixli 00100-00708/26 (EP 0286676) nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan “Geofizika və Geologiya İdarəsi” tərəfindən müvəqqəti idxal xüsusi gömrük prosedurunda yerləşdirilərək xx.xx.2023-cü il tarixli **********5143 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən 25 (iyirmi beş) adda malların öhdəlik müddəti xx.xx.2025-ci il tarixədək müəyyən edilsə də, “Geofizika və Geologiya İdarəsi” tərəfindən malların öhdəlik müddəti bitənədək yükün digər gömrük proseduru altında yerləşdirilməsi üçün heç bir tədbir görülməmişdir və malların öhdəlik müddəti bitdikdən 1 ay 10 (on) gün sonra, yəni xx.xx.2026-cı il tarixdə 3-33- 1100/012/003001 nömrəli raportla hüquqpozma faktı aşkarlanmışdır. Bununla da “Geofizika və Geologiya İdarəsi” tərəfindən Azərbaycan Respublikası İXM-in 499.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi”nin nümayəndəsi X3 izahatında bildirmişdir ki, “Geofizika və Geologiya İdarəsi” tərəfindən xx.xx.2023-cü il tarixli **********5143 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən 25 (iyirmi beş) adda mal müvəqqəti idxal xüsusi gömrük prosedura üzrə yerləşdirilmişdir. Müvəqqəti idxal xüsusi gömrük prosedura altında rəsmiləşdirilən yükün öhdəlik müddəti xx.xx.2025-ci il tarixdə başa çatsa da "Geofizika və Geologiya İdarəsi"ndən asılı olmayan səbəbdən yükün digər gömrük proseduru altında yerləşdirilməsi üçün müraciət edilə bilməmişdir. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyəti orqana qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə səlahiyyəti orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “X1 Sistemi” informasiya resursundan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixli **********5143 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların geri qaytarma müddətinin son tarixi xx.xx.2025-ci il tarix müəyyən edilmişdir. Lakin xx.xx.2023-cü il tarixli **********5143 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş 25 (iyirmi beş) adda malların öhdəlik müddəti xx.xx.2025-ci il tarixdə başa çatsa da, “Geofizika və Geologiya İdarəsi” tərəfindən həmin malların digər gömrük proseduru altında yerləşdirilməsi üçün heç bir tədbir görülməmişdir. Müvəqqəti idxal edilmiş malların təyinatı üzrə istifadəyə nəzarət edilməsi ilə bağlı Rəsmiləşdirmə Mərkəzi tərəfindən 3-33-1100/012/001250 saylı, xx.xx.2026-cı il tarixli raportla Monitorinq şöbəsinə müraciət edilimiş və müraciətə cavab olaraq Monitorinq şöbəsi tərəfindən 3-33-1100/019/002222 saylı xx.xx.2026-cı il tarixli raportda qeyd edilmişdir ki, “Geofizika və Geologiya İdarəsi” tərəfindən xx.xx.2023-cü il tarixli **********5143 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara gömrük baxışı keçirilmişdir. Baxış nəticəsində malların yerində olması müəyyən edilmiş və müvafiq akt tərtib edilmişdir. Bakı Baş Gömrük İdarəsi Monitorinq şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli “akt” dan görünür ki, “Geofizika və Geologiya İdarəsi” adına idxal olunan **********5143 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş yüklərə Bakı şəhəri, Pirallahı rayonu ünvanında baxış keçirilmişdir. Baxış keçirilən zaman malların yerində olduğu müəyyən edilmişdir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 499.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə on beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına, yəni bir aydan üç ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə fiziki şəxslər beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğində cərimə edilir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin: Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 130.1-ci maddəsinə əsasən təkrar idxal üçün nəzərdə tutulmuş daxili mallar müvəqqəti ixrac proseduru altında yerləşdirilir. Bu mallardan bu Məcəllənin 130.2-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad edilməklə, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisindən kənarda istifadə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli 245 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi” Qaydalarının 6-cı bəndinə əsasən 6.1. Müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların təkrar ixracının və ya növbəti gömrük proseduru altında yerləşdirilməsinin müddətini gömrük orqanları müəyyənləşdirirlər. Bu müddət müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədi üçün kifayət etməlidir. 6.2. Malların eyni məqsəd üçün və eyni şəxsin məsuliyyəti altında olmaqla, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilə biləcəyi maksimum müddət 24 (iyirmi dörd) ay təşkil edir. Azərbaycan Respublikasının Nazirlər Kabineti müxtəlif kateqoriyadan olan mallar üçün daha az və daha çox müvəqqəti idxal müddətləri müəyyən edə bilər. 6.3. Bu Qaydaların 6.2-ci bəndində göstərilən müddətdə müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədlərinə nail olunmadıqda, gömrük orqanı həmin prosedur üçün müəyyən olunmuş müddətin başa çatmasına 1 (bir) ay qalmış prosedur sahibinin əsaslandırılmış müraciəti ilə malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında qalma müddətini 12 (on iki) aya qədər uzadır. 6.4. Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında qalma müddətinin uzadılması ilə bağlı müraciətə gömrük orqanları tərəfindən 2 (iki) iş günü müddətində baxılır. 6.5. Gömrük orqanları bu Qaydaların 2-ci hissəsində nəzərdə tutulmuş şərtlərə əməl olunmadığını aşkar etdiyi halda malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında qalma müddətinin uzadılmasından imtina barədə qərar qəbul edir. Qərar qəbul olunduqdan 1 (bir) iş günü müddətində prosedur sahibi bu barədə yazılı formada məlumatlandırılır. 6.6. Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında qalma müddətinin uzadılması prosesi müvəqqəti idxal xüsusi gömrük proseduru üçün müəyyən edilmiş müddətin axımını dayandırmır. 6.7. Müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatanadək həmin mallar təkrar ixrac edilməli və ya digər gömrük proseduru altında yerləşdirilməlidir. 6.8. Müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar ixrac edildikdə və ya digər gömrük proseduru altında yerləşdirildikdə, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatmış hesab olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati xata haqqında iş üzrə icraat materialında olan digər sənədlərlə sübuta yetirilmişdir ki, “Geofizika və Geologiya İdarəsi” xx.xx.2023-cü il tarixli **********5143 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş 25 (iyirmi beş) adda malların öhdəlik müddəti xx.xx.2025-ci il tarixdə başa çatdığı vaxtdan bir aydan üç ayadək müddətdə “Geofizika və Geologiya İdarəsi” tərəfindən həmin malların digər gömrük proseduru altında yerləşdirilməsi üçün heç bir tədbir görülməməklə (Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılması) Azərbaycan Respublikası İXM-in 499.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat materialları ilə “Geofizika və Geologiya İdarəsi”nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, hüquqi şəxsin əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, “Geofizika və Geologiya İdarəsi” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 2000 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(5-97)-1189/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-1189/2026
13.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver