Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-97)-1191/2026 06.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Babayev Kamal Yunis oğlu, Azərbaycan Respublikası Dövıət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 499.1.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş materiala baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 17 fevral 2026-cı il tarixli, 00100-00711/26 saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı Bas Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş xx.xx.2026-ci il tarixli 3-33-1100/012/003002 nömrəli raporta əsasən "Geofizika və Geologiya İdarəsi" (VÖEN: **********) tərəfindən **********2692 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında rəsmiləşdirilən yükün öhdəlik müddəti xx.xx.2025-ci il tarixində bitmişdir. Lakin yükün digər gömrük proseduru altında yerləşdirilməsi üçün müraciət edilməmişdir. Müvəqqəti idxal edilmiş mallardan təyinatı üzrə istifadəyə nəzarət edilməsi ilə bağlı Rəsmiləşdirmə Mərkəzi tərəfindən 3-33- 1100/012/001248 saylı xx.xx.2026-cı il tarixli raportla Monitorinq şöbəsinə müraciət edilmiş və müraciətə cavab olaraq Monitorinq şöbəsi tərəfindən 3- 33-1100/019/002221 saylı xx.xx.2026-cı il tarixli raportda qeyd edilmişdir ki, "Geofizika və Geologiya İdarəsi" (VÖEN: **********) tərəfindən xx.xx.2023-ci il tarixli **********2692 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara gömrük baxışı keçirilmişdir. Baxış nəticəsində malların verində olması müəyyən edilmiş və müvafiq akt tərtib edilmişdir. Nəticədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi tərəfindən İXM-nin 499.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokol nəzərdən keçirilərkən müəyyən edilir ki, gömrük orqanının vəzifəli şəxsi tərəfindən əmələ hüquqi qiymət verilən zaman yanlışlığa yol verilmiş və İXM–nin 499.1.3-cü maddəsi ilə tövsif edilmişdir. Belə ki, İXM-nin 499.1.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni: bir aydan üç ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə -fiziki şəxslər beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir; Maddənin dizposiyasından göründüyü kimi, obyektiv cəhətin formalaşması üçün malların ölkə ərazisindən aparılması və ya qaytarılması, bu hərəkətlərin gecikdirilməklə icra edilməsi tələb olunur. Lakin, hazırkı işin materiallarından və vəzifəli şəxslərin özlərinin tərtib etdiyi raportlardan görünür ki, sözügedən mallar ölkə ərazisindən ümumiyyətlə aparılmamışdır. Həmin xüsusat gömrük orqanı tərəfindən tərtib edilmiş sənədlərdə də öz əksini tapır. Həmin Məcəllənin 499.2-ci maddəsinə əsasən isə, aparılması və ya qaytarılması məcburi olan əvvəllər gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamasına və ya bu əraziyə qaytarılmamasına görə tənbeh nəzərdə tutur. Göründüyü kimi, hazırkı işin halları protokolun tərtib edildiyi maddə ilə uyğun gəlmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-in 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. İXM-in 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göründüyü kimi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş protokol düzgün tərtib edilməmişdir və işə baxılarkən tamamlamaq mümkün deyildir. İş materiallarını araşdıraraq belə qənaətə gəlirəm ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında olan material düzgün tərtib edilmədiyindən İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən onu tərtib etmiş orqana qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi barəsində tərtib edilmiş 17 fevral 2026-cı il tarixli, 00100-00711/26 saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə geri qaytarılsın. Qərardad qətidir, şikayət və protest verilə bilməz. Hakim Kamal Babayev
Məhkəmə qərarları › İş №3(5-97)-1191/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(5-97)-1191/2026
06.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver