Məhkəmə qərarları › İş №3(5-97)-1192/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-1192/2026

06.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-1192/2026 06.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əzizova Şəbnur Rəfail qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin polis sahə inspektoru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, taksi sürücüsü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, X8 küçəsi, ev 256 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2026-cı il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. xx.xx.2026-cı il tarixli, MN № ******* saylı inzibati xəta haqqında həmin protokolda göstərilir ki, Şəxs tərəfindən X2 300 manat pulu dələduzluq yolu ilə ələ keçirilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin polis sahə inspektoru X7 izahatında bildirdi ki, dekabr ayının 27-28-i ərəfəsində vətəndaş X6 aldadılaraq onun 300 manatının mənimsənilməsi ilə bağlı polis orqanına müraciət etmişdir. Bununla bağlı olaraq yanvar ayında 227-ci maddə ilə inzibati icraat açılmış, araşdırma başlanılmış, əməli törədənin şəxsiyyətini müəyyən etmək üçün göndərilən sorğular nəticəsində həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Onun mobil nömrəsinə dəfələrlə zəng edilməsinə baxmayaraq, zənglərə cavab verməmişdir. Polis orqanları vasitəsilə çağırış vermişlər. Nəticədə dünən Şəxs gəlib əməlini etiraf etmişdir. O, bildirmişdir ki, 38 saylı notariusda müqavilə bağlamaq adı ilə 300 manat pul almış, bir qədər sonra qayıdacağını bildirərək oradan ayrılmış, lakin geri qayıtmamışdır. Nə üçün bu hərəkəti etdiyini soruşduqda isə onlara bildirmişdir ki, vətəndaş ona qarşı hörmətsizlik edib, bu səbəblə həmin hərəkətə yol verib. Zərərçəkənin barışığa dair ərizəsi yoxdur, çünki zərər ödənilməyib. İzahatının sonunda inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində inzibati tənbeh tədbirinin seçilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 227-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, zərərçəkmiş şəxslə əvvəllər birlikdə işləmiş, lakin sonuncu ona qarşı hörmətsizlik etmişdir. Qardaşının avtomobili var idi, onu kirayəyə vermişdi. Zərərçəkmiş şəxs avtomobili idarə etmiş, sonra isə günlük kirayə haqqını ödəmədən avtomobili qoyub getmişdi. Bu səbəbdən zərərçəkmiş şəxsdən 300 manat alaraq bildirmişdir ki, avtomobili yenidən ona istifadə üçün verəcək, lakin avtomobili vermədən oranı tərk etmişdir. Özünün də pula ehtiyacı olmuş, ona görə də aldığı pulu xərcləmişdir. Aralarında olan problemə görə zərərçəkmiş şəxsi incitmək istəmişdi, lakin sonra pulu qaytaracaqdı. Ehtiyacı olduğundan özündə olan pulu xərcləmiş, nəticədə zərəri qarşılaya bilməmişdir. Əməlindən peşmandır. Barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PŞ-nin təhqiqatçısı X1 “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 25 dekabr 2025-ci il tarixli qərarından görünür ki, X2 vermiş olduğu məlumat əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və əməli törətmiş şəxsin Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PŞ-nə göndərilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin sahə inspektoru Araz Nəsibovun “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardadından görünür ki, X2 300 manat pulunun ələ keçirilməsi faktı üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. - Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin sahə inspektoru Araz Nəsibovun “inzibati qaydada tutma haqqında” 05 mart 2026-cı il tarixli protokolundan görünür ki, Şəxs 05 mart 2026-cı il tarixdə saat 19:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirərək İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tədqiq olunmuş digər materiallarla tam təsdiqini tapmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs inzibati məsuliyyətə cəlb edilməli, İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və həbsetməsinin əvvəli saxlanıldığı 05 mart 2026-cı il tarixdən hesablanmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 30, 40.0.1, 43, 48-51, 55,114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 05 mart 2026-cı il tarixdən saat 19:00-dan hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X3 Mərkəzinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəbnur Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar