Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-1206/2026 06.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əzizova Şəbnur Rəfail qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs X2 iştirakları ilə, xx.xx.1960-cı il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov rayon İcra şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatına 06 mart 2026-cı il tarixdə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin e132117/2020 nömrəli məktubu ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması zamanı müəyyən olunmuşdur ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(056)-553/2020 saylı icra sənədinə əsasən Şəxs 87.500 ABŞ dolları məbləğində pul vəsaiti alınaraq X2 xeyrinə ödənilməlidir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(056)-553/2020 saylı icra sənədinin icrasını həyata keçirən icra məmuru tərəfindən borclu Şəxs dəfələrlə icra sənədinin könüllü olaraq icra edilməsi tələb olunsa da, borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədini hazırki günədək icra etməmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş 06 mart 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin böyük icra məmuru X3 izahatında bildirdi ki, borclu barəsində eyni tələbkarın xeyrinə icra etməli olduğu iki icra sənədi mövcuddur. Bir icra sənədi məhkəmə qətnaməsi, digəri isə icra qeydi əsasında verilib. Hazırda protokol Sabirabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(056)- 553/2020 saylı icra sənədinin icra edilməməsi ilə bağlı tərtib olunub. Həmin icra sənədi üzrə qalıq borc 50.031 manat təşkil edir. Bundan öncə də, borclu barəsində protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. Lakin borclu müəyyən miqdarda ödəniş etdiyi üçün iş üzrə icraata xitam verilmişdir. Ödəniş məbləği 1500 manat təşkil etmişdir. Həmin məbləğdən başqa bu vaxtadək hər hansı bir ödəniş ödənilməmiş, borclu üzrsüz səbəbdən icra sənədini icra etməkdən boyun qaçırır. Bundan başqa, bu yaxınlarda borclunun atasından miras əmlak qalmışdır. Lakin həmin əmlak hesabına tələbi təmin etmək əvəzinə borclu notariat orqanında həmin əmlakı öz oğluna bağışlamışdır ki, bütün bu hallar borclunun icra sənədi üzrə tələbi yerinə yetirməkdən boyun qaçırmasına dəlalət edir. İzahatının sonunda borclu barəsində müvafiq qərarın qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, icra sənədi üzrə tələbin icra edilməsindən yayınmamışdır. İcra sənədini icra etməməsi maddi vəziyyətinin aşağı olması ilə bağlıdır. Atasından miras əmlak qaldığı doğrudur. Lakin bu əmlakı atası onun oğluna vəsiyyət etdiyi üçün sözügedən əmlakı oğluna notariat orqanında bağışlamışdır. Oğluna vəsiyyət edilmiş əmlak hesabına borcu ödəyə bilməzdi. Onun adına başqa əmlakı olmuş, həmin əmlak hesabına borcun bir hissəsinin ödənilməsi təmin edilmiş, lakin əmlak öz dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətlə hərraca çıxarıldığı üçün onun məhkəməyə müraciəti əsasında həmin icra qeydi ləğv edilmişdir. Əmlakı yenidən qiymətləndirildikdən sonra borcunu ödəyəcək. Tələbkara barəsində inzibati protokola məhkəmədə baxılması zamanı 1500 manat ödəniş edilmiş, daha sonra hər hansı bir ödəniş olmamışdır. İzahatının sonunda göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında bildirdi ki, borclu üzrsüz səbəbdən tələbi təmin etməkdən yayınır. Onun kifayət qədər imkanı var. Borclu tez-tez xarici ölkəyə səfər edə bildiyi halda o, bir tələbkar olaraq imkanı yoxdu ki, ölkə xaricinə çıxa bilsin. Bundan sonra icra məmurunun təqdimatı əsasında məhkəmə qərarı ilə borclunun ölkədən çıxışına məhdudiyyət qoyulmuşdur. Bu vaxta kimi cəmi 1500 manat ödəyib. İllərdir borcu ödəməkdən yayınır. Ona vaxt verilməsini istəmiş, lakin bu vaxtadək borcunu ödəmir. Borcluya miras əmlak qalmış, dərhal onu öz oğlunun adına keçirmişdir. Borclu maddi imkanı ilə bağlı həqiqəti söyləmir. İzahatının sonunda borclu barəsində müvafiq qərarın qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Sabirabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(056)-553/2020 saylı qərardadına əsasən iddiaçı X2 iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə ərizəsinin təmin edilməsi, cavabdeh Şəxs mülkiyyətində olan “X8” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin və Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 94, 25 saylı mənzilin özgəninkiləşdirilməsi ilə bağlı rəsmiyyətin aparılması qadağan edilməklə üzərinə həbs qoyulması qərara alınmışdır. - Sabirabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(056)-553/2020 saylı icra sənədinə əsasən Şəxs 87.500 ABŞ dolları məbləğində pul vəsaiti ödənilən zaman Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq alınıb X4 verilməlidir. - Sabirabad rayon İcra və probasiya şöbəsinin icraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərarına əsasən Sabirabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(056)-553/2020 saylı icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya bildiriş ünvanlanmış, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə ona xəbərdarlıq edilmişdir (bildiriş/qərar borclu tərəfindən imza edilməklə rəsmi qaydada alınmışdır). - Sabirabad rayon İcra və probasiya şöbəsinin icra sənədinin aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarına əsasən Sabirabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(056)-553/2020 saylı icra sənədi icra olunması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə göndərilmişdir. - Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin borclunun axtarışı haqqında xx.xx.2023-cü il tarixli qərarına əsasən Sabirabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(056)-553/2020 saylı icra sənədi üzrə borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığına görə sonuncu barəsində axtarış elan edilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(005)- 5206/2025 saylı qərarına əsasən Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 528-ci maddəsi ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddənin Qeydinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Hazırki iş üzrə protokolda qeyd olunmuş 50.031 manat borcun ödənilməsi ilə bağlı hal yoxdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə Bu Qanunun 8.2-ci maddəsinin üçüncü və beşinci abzaslarında nəzərdə tutulmuş hallar istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə görə İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü və dördüncü abzaslarında müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir... Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. Qanunverici “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydasını da müəyyən etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. “Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli Qərarına əsasən İXM-nin 528.1-ci maddəsinin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi iş materiallarında olan sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq İXM-nin 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, işdə olan sənədlərin məcmusu ilə müəyyən olunur ki, Şəxs Sabirabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(056)-553/2020 saylı icra sənədi üzrə X5 qarşısında borclu qismində çıxış edir. İnzibati xəta haqqında protokola və digər sənədlərə görə həmin icra sənədi üzrə tələb tam yerinə yetirilməmiş və hazırki vaxtadək icra edilməli olan tələb (qalıq məbləğ) 50.031 manat təşkil edir. İcra sənədinin 2020-ci il tarixdə verilməsinə baxmayaraq, tələb borclu tərəfindən tam şəkildə yerinə yetirilməmiş, bu müddətdə borclu barəsində bir sıra icra tədbirləri həyata keçirilmiş, eyni zamanda 2025-ci ilin dekabr ayında inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında ptorokola məhkəmədə baxılması zamanı borclu 1500 manat ödəniş etmiş, bununla da icra sənədinin icrasından yayınmadığını əsas gətirmişdir ki, həmin protokola məhkəmədə baxılması nəticəsində icraata xitam verilmişdir. Lakin həmin ödənişdən sonra tələb yenidən icra edilməmiş qalmış, tərəflərin iştirakı ilə toplanmış materiallara baxılması zamanı da ötən müddət ərzində hər hansı ödənişin edilmədiyi müəyyən olunmuşdur. Bütün bu hallar isə borclu tərəfindən icra sənədi üzrə tələbi yerinə yetirməkdən və icra məmurunun qanuni tələblərinə əməl etməkdən yayındığına dəlalət edir. Eyni zamanda, qeyd edilməlidir ki, Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri sübuta yetirildiyinə görə o, inzibati məsuliyyətə cəlb edilməli və inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, tələbkarın əmlak mənafeyini və icra sənədinin icra olunmamasının tələbkarın qanunla qorunan mənafelərinin, o cümlədən pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş hədd çərçivəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Göründüyü kimi, inzibati həbs inzibati tənbeh növü olub yalnız müstəsna hallarda qanunla yol verilən şəxslər barəsində tətbiq edilə bilər. Hazırki işdə inzibati xətanı törətmiş şəxsin yaşı onun barəsində inzibati həbs növündə tənbehin tətbiqinə yol vermədiyinə görə sonuncu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalı, cərimənin məbləği 500 manat olaraq müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 48-51, 55, 114-115, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəbnur Əzizova
Məhkəmə qərarları › İş №3(5-97)-1206/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-1206/2026
06.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver