Məhkəmə qərarları › İş №3(5-97)-1235/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-1235/2026

10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-1235/2026 10.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Gülsüm Üzeyir qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs – Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin polis sahə inspektoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan – Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-in 510.2-ci maddəsi ilə tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs kütləvi nümayiş etdirilən internet informasiya ehtiyyatı olan “Tik-tok” sosial şəbəkəsində əxlaqsız və təhqiredici ifadələr işlətməklə İXM-in 510.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin polis sahə inspektoru X4 çıxış edərək bildirmişdir ki, Şəxs 17-ci Polis şöbəsinin xidməti ərazisində yerləşən ünvan 1 ünvanında yaşayır. Problemli vətəndaş olduğuna görə polis şöbəsinin əməkdaşları onu tanıyır. X1 iştirakçısı olmuşdur. Şəxs deməsinə görə müharibədə xəsarət almasına baxmayaraq XXX tərəfindən ona əlillik dərəcəsi təyin edilməmişdir. Bu səbəbdən dövlət məmurlarına qarşı dəfələrlə küçədə və ya sosial şəbəkədə xoşa gəlməyən, təhqir xarakterli ifadələr işlətmişdir. Sonuncu dəfə xx.xx.2026-cı il tarixdə Şəxs yaşadığı ünvanda “Tik-tok” sosial şəbəkəsində istifadəsində olan “XXX” adlı səhifədə video çəkib geniş auditoriya kütləsində paylaşmışdır. Videonun məzmunundan başa düşülür ki, Şəxs hərəkətləri, nitqi və davranışları ilə bütün dövlət məmurlarını təhqir etmişdir. Şəxs videonu çəkərkən məqsədi səmimi olaraq təbrik etmək deyil, ictimaiyyətin diqqətini cəlb etməklə dövlət məmurlarının ana, bacı, qızı və xanımlarını təhqir etməkdən ibarət olmuşdur. Şəxs deməsinə görə qeyd olunan videonu sonradan silmişdir. Lakin onlarda olan məlumata görə videonu gizlətmişdir, bu barədə düzgün və dəqiq məlumat vermir. Məhkəməyə təqdim edilən videogörüntüdən onun əməlini aşkar surətdə görmək mümkündür. Həmin hadisə ilə bağlı Şəxs xx.xx.2026-cı il saat 16:00 radələrində saxlanılaraq 17-ci Polis şöbəsinə gətirilmiş, inzibati qaydada tutulması haqqında protokol tərtib edilməmiş, azadlığı faktiki olaraq qeyd olunan saatdan məhdudlaşdırılmışdır. Məhz belə şəxslərin geniş kütlədə bu şəkildə bütün dövlət məmurlarına qarşı ictimai mənəviyyatı alçaldan paylaşımlar etməsi cəmiyyətdə birmənalı qarşılana bilməz. Demək olar ki, əksər ailələrdə dövlət məmuru vardır ki, Şəxs tərəfindən çəkilmiş video onların hər birinə aid edilmişdir. Şəxsin əməlində İXM-in 510.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğuna və digər tənbeh tətbiq edilməklə islah edilməsi qeyri-mümkün hesab edildiyinə görə barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, o, X1 iştirakçısıdır, döyüşlərdə xəsarət almış və yaralanmışdır. Lakin XXX tərəfindən ona əlillik dərəcəsi təyin edilməmişdir. Eyni zamanda XXX bitirmiş, işə qəbul olmaq üçün imtahan vermiş, lakin onu imtahandan keçirməmişlər. İşsizdir, XXX onun da 49 manatını “KapitalBank” kreditinə tutur. Nəinki dövlət, heç bank da ona hörmət etmir. “Tik-tok” sosial şəbəkəsində “XXX” adlı səhifə ona məxsusdur və həmin səhifədən paylaşımlar edir, fikrini orada ifadə etdikdə sanki rahatlıq tapır. Evin tək övladıdır, atası fəhləliklə məşğul olur, anası isə xəstədir. “8 Mart” bayramı münasibətilə anasına hədiyyə alıb təbrik etmək istəmişdir. Lakin dövlət ona XXX, onu işlə təmin etmədiyi üçün maddi imkanı olmadığına görə anasını təbrik edə bilməmişdir. Bundan bərk hiddətlənib qərara gəlmişdir ki, video çəkib “Tik-tok” sosial şəbəkəsində paylaşsın və XXX anasını, bacısını, qızını və xanımlarını təbrik etsin. O, həmin videoda heç bir söyüş söyməmişdir. Ancaq təbriki kinayəli formada etmişdir. Düşünür ki, o, anasını təbrik edə bilmirsə, hədiyyə ala bilmirsə, XXX isə rahatlıqla hədiyyə alıb təbrik edə bilirlərsə, burada haqsızlıq vardır və bunu ictimaiyyətə bu şəkildə çatdırmaq istəmişdir. Həmin vaxt bərk əsəbi olmuşdur, ümumiyyətlə əsəbiləşəndə özündə olmur, hərəkətlərinə cavabdehlik daşımır. Videoda bütün XXX haqqında danışsa da, təbriki bütün XXX deyil, XXX, "xxxx" QSC və "xxxx" QSC-nin rəhbərliyinə, onların xanımlarına aid etmişdir. Çünki bu şəxslər onun haqqına girmiş, biri əlilliyini verməmiş, digərləri isə ixtisası üzrə onu işlə təmin etməmişlər. Cərimə ödəməyə heç bir maddi imkanı yoxdur, XXx pulu vermədiyi, işlə təmin etmədiyi halda cəriməni ödəyə bilməz və cərimə tətbiq edilərsə, ödəməyəcəkdir. Hesab edir ki, XXX olduğu üçün həbs edilməsinə qanun yol vermir. Buna görə də məhkəmədən xahişi odur ki, qanunla əfv edilsin və bu işə xitam verilsin. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəxs Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis şöbəsinə verdiyi xx.xx.2026-cı il tarixli izahatından görünür ki, o, “8 Mart” günü anasını təbrik edə bilməməsindən təsirlənərək “Tiktok” sosial şəbəkəsində haqqına girən XXX müəyyən ifadələrlə təbriklərini demişdir. Çünki bir neçə gün əvvəl QSC cəmiyyəti müraciətlərinə baxmayıb, aidiyyəti üzrə qurumlar da işlə bağlı müraciətlərinə baxmadığı üçün hirslənərək, emosional hislərinə qapılaraq çıxış etmişdir. Sakitləşəndən sonra həmin çıxışı aradan qaldırıb düz etmədiyinin fərqinə varmışdır. “Tik-tok” sosial şəbəkəsində “XXX” səhifəsində Şəxs tərəfindən çəkilmiş və paylaşılmış videogörüntü aşağıdakı məzmundadır: “Azərbaycan Respublikasının məmurlarına haqqımı halal etmirəm. Söz vermişdim ki, anama və ailəmə “8 X6” münasibəti ilə bağlı hədiyyə ala bilməsəm, XXx anasını, bacısını, arvadını, uşağını və bütün zənan xeylağını təbrik edəcəyəm. Ey XXX, sizin evdəki ananızı, bacınızı, arvadınızı, uşağınızı “8 Mart” münasibəti ilə təbrik edirəm. Bağışlayın məni səfalət və kölə eləmisiz deyə ananızı, bacınızı, arvadınızı, uşağınızı hədiyyəsiz təbrik edirəm. Xatırlayırsınızsa XXX. Az qalıb, sayılası saatlar qalıb. O da ki tez keçər.” Videogörüntüdən şəxsin adi və səmimi bayram təbriki etmədiyi, ictimai mənəviyyatı alçaltmaq məqsədilə ritorik və ironiyalı, təhqir məzmunlu davranış və nitqlə çıxış etdiyi müşahidə edilir. “Elektron Məhkəmə İnformasiya” sistemindən əldə olunan məlumatlardan görünür ki, Şəxs XXX. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyini əsaslandıran hallar: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. 510.2-ci maddəsinə əsasən internet informasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə – beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, proses iştirakçılarının izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla və videogörüntü ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı videogörüntüyə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə yaşadığı ünvan 1 ünvanında yerləşən evdə “Tik-Tok” sosial şəbəkəsində özünə məxsus “XXX hesabından çəkdiyi videogörüntünü kütləvi nümayiş etdirməklə Azərbaycan Respublikasının bütün XXX ünvanına milli-mənəvi dəyərlərə zidd formada və kobud tərzdə əxlaqsız ifadə təəssüratı yaradan sözlər işlətməklə ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etmişdir. Məhkəmə qeyd edir ki, əxlaqsız ifadələrin səsləndirilməsi dedikdə yalnız nalayiq söyüş və ədəbsiz ifadələrin açıq şəkildə istifadə edilməsi nəzərdə tutulmamalıdır. Belə ki, şəxsin ictimai etikaya zidd formada, kobud və aqressiv danışıq tərzi, səs tonu və jestləri ilə sətiraltı və alçaldıcı şəkildə səsləndirdiyi, geniş kütlə tərəfindən təhqir kimi başa düşülməsinə yönələn sözlər işlətməsi, indiki halda “dırnaqarası bayram təbriki” etməsi əxlaq və ictimai mənəviyyatı alçaldan hərəkətlər olaraq qiymətləndirilməlidir. Eyni zamanda Şəxs paylaşımının məqsədi, ifadənin tam mətni və konteksti, cəmiyyət tərəfindən onun ifadələrinin təhqir formasında qəbul edilməsinin arzu olunması onun təhqir niyyətini bir daha təsdiq edir. Göründüyü kimi Şəxs dövlət orqanlarında müəyyən vəzifə tutan və qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçuları və onların ailə üzvləri (valideynləri) barəsində olduqca kobud və nalayiq məzmun ifadə edən sözlərdən ibarət təhqiredici informasiyanı geniş istifadəçi kütləsinə malik “Tik-tok” sosial şəbəkə auditoriyasında paylaşıb yaymaqla Azərbaycan Respublikasının dövlət məmurları və onların ailə üzvlərinin şərəf və ləyaqətini alçaldan hərəkətlərə yol vermişdir. Bütün bu göstərilənlər Şəxs şəxsiyyətini mənfi xarakterizə edən hal kimi müəyyən olunmaqla qeyd edilməlidir ki, əlilliyin müəyyən edilməməsi və ya işlə təmin edilməmə səbəbindən dövlət məmurları və onların ailə üzvlərinin, xüsusən də bütün dövlət məmurlarının şərəf və ya ləyaqətinin alçaldan ifadələrin səsləndirilməsi milli dəyər və mənəviyyat baxımından qəbul edilməzdir. Məhz şəxsiyyətin şərəf və layəqətinin müdafiəsi Azərbaycan Respublikası Konstitusiyası ilə mühafizə olunaraq qeyd edilmişdir ki, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs XXX olmasını Azərbaycan Respublikası İXM-in 32.2-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Şəxs sosial şəbəkədə yerləşdirdiyi təhqir xarakterli informasiyanın məzmununa istinadən onda ehtiva edilən ifadələrin ümumən bütün dövlət məmurlarına aid edildiyini və ünvanlandığını yəqin etmək mümkündür. Bu tərzdə ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edən, bütün dövlət məmurlarına qarşı saymazlıq və hörmətsizlik nümayiş etdirən, onları və ailə üzvlərini təhqir edən şəxsi təbii ki, müsbət səciyyələndirmək olmaz və onun barəsində inzibati cərimə tətbiq etməklə tənbehin qanunla müəyyən olunmuş, qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm onun, həm də başqa şəxslərin yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi məqsədlərinə nail olunması qeyri-mümkün hesab edilir. Beləliklə, məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, özünün şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın isə olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, o, Azərbaycan Respublikası İXM-in 510.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli, ona həbs növündə inzibati tənbeh tətbiq edilməli, XXX olması nəzərə alınaraq həbsin müddəti aşağı həddə müəyyən edilməli, inzibati həbs müddətinin əvvəli azadlığının faktiki olaraq məhdudlaşdırıldığı 10 mart 2026-cı il saat 16:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 510.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 8 gün müddətində həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 10 mart 2026-cı il saat 16:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X2 Mərkəzinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar