Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-1257/2026 11.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin böyük icra məmuru X5, Zərər çəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1961-ci ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 11 mart 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraat materialından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-110/2012 nömrəli, xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən Şəxs “KAMAZ 53212” yük markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini X4 qaytarılmalıdır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X13 məhkəmə iclasında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-110/2012 nömrəli, xx.xx.2012-ci il tarixli icra sənədi şöbənin icraatına xx.xx.2018-ci il tarixdə şöbənin daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu Şəxs ünvanına bildiriş göndərilmiş, lakin icra sənədinin icrası könüllü təmin edilməmişdir. İcra vərəqəsinə əsasən buraxılış ili 1984 olan, mühərriki nömrəsiz, ban nömrəsi Kaab. 630488, “KAMAZ 53212” yük markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdeh Şəxs alınıb həmin nəqliyyat vasitəsinin mülkiyyətçisi olan iddiaçı X4 qaytarılmalıdır. Elektron icra informasiya sistemindən əldə edilmiş məlumata əsasən məlum olmuşdur ki, X8 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İcra ilə əlaqədar xx.xx.2020-ci il tarixdə “KAMAZ 53212” yük markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanıldığı əraziyə baxış keçirilmiş və nəqliyyat vasitəsinin istifadəyə yararsız olduğu müəyyən edilmişdir. Belə olduğu halda, tələbkar borcludan nəqliyyat vasitəsinin əvəzi olaraq 15000 manat tələb etmişdir. Lakin icraata başlamaq haqqında qərarlar borclu tərəfin ünvanına rəsmi qaydada göndərilmiş, borclu Şəxs icra sənədinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Göstərilənləri nəzərə alaraq borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, hazırda icra vərəqəsində müəyyən edilən və qaytarılmalı olan daşınar əmlak mövcud deyildir, bu səbəbdən faktiki olaraq sözügedən avtomobilin qaytarılması mümkünsüzdür. Tərəflər öz aralarında bunun əvəzi kimi 15000 manat qaytarılmasına razılaşsalar da, icranın bu üsul və qaydada edilməsi ilə bağlı məhkəmənin hər hansı qərarı yoxdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, məhkəmənin qətnaməsində göstərilən “KAMAZ 53212” yük markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yararsız olduğuna görə 2014cü ildə tələbkar onu qəbul etməkdən imtina etmişdir. Həmin nəqliyyat vasitəsini tələbkara dəfələrlə təklif etsə də, tələbkar avtomobili saz vəziyyətdə istəmiş, yaxud da əvəzində 15000 manat tələb etmişdir. O isə 15000 manatla razı deyildir. İcranın bu üsulla və bu qaydada aparılması ilə bağlı məhkəmə qərarı çıxarılmamışdır. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, hazırda həmin avtomobilin harada olmasından məlumatı yoxdur. Küçədə yararsız və sahibsiz vəziyyətdə uzun müddət qaldıqdan sonra aparılmışdır. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs X10 çıxış edərək bildirmişdir ki, ona qaytarılması təklif olunan nəqliyyat vasitəsi yararsız olduğuna görə qəbul etmək istəmir. Borclu ilə nəqliyyat vasitəsinin dəyəri ilə bağlı razılıq əldə olunmasına cəhd edilmiş lakin şəxs icra sənədinin tələbini yerinə yetirməkdən boyun qaçırmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında protokola əlavədən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-110/2012 nömrəli, xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən buraxılış ili 1984 olan, mühərrik nömrəsiz, ban nömrəsi Kaab. 630488, “Kamaz 53212” yük markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi rorclu Şəxs alınıb həmin nəqliyyat vasitəsinin mülkiyyətçisi olan tələbkar X2 qaytarılmalıdır. İcra sənədi şöbəsinin icraatına xx.xx.2018-ci il tarixdə daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, borcluya icra sənədində göstərilən tələbin dərhal könüllü icra olunması üçün bildiriş və icraata başlamaq haqqında qərar, məlumat üçün məhkəməyə və tələbkara göndərilmişdir. “Elektron icra” informasiya sistemindən əldə edilmiş məlumata əsasən tələbkar X9 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İcra sənədinin icrası ilə bağlı xx.xx.2020-ci il tarixdə icra məmuru tərəfindən “KAMAZ 53212” yük markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanıldığı Binəqədi rayonu, Əliçıraq qəsəbəsində yol kənarında yaşayış məntəqələrinin yaxınlığında sahibsiz yerə baxış keçirilmiş və həmin nəqliyyat vasitəsi istifadəyə yararsız halda aşkar edilərək, fotoşəkillər çəkilmiş və bu barədə akt tərtib edilmişdir. Borclu xx.xx.2021-ci il tarixdə şöbəyə gəlmiş, ondan izahat alınmış və izahatında tələbkarın varisinin qarşılıqlı razılığa gəlmək məqsədi ilə ondan nəqliyyat vasitəsinin əvəzinə 15000 manat məbləğində pul vəsaiti tələb etdiyini qeyd etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-110/2012 nömrəli, xx.xx.2012-ci il tarixli icra sənədindən görünür ki, buraxılış ili 1984 olan, mühərriki nömrəsiz, ban nömrəsi Kaab. 630488, “KAMAZ 53212” yük markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdeh Şəxs alınıb həmin nəqliyyat vasitəsinin mülkiyyətçisi olan iddiaçı X4 qaytarılmalıdır. “İcraata başlamaq haqqında” xx.xx.2018-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-110/2012 nömrəli, xx.xx.2012-ci il tarixli icra vərəqi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. “İcraatda vərəsəlik və ya hüquqi varislik” barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-110/2012 nömrəli, xx.xx.2012-ci il tarixli icra sənədi üzrə borclu xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 varəsələri X6, X11, X12, X10 və X1 ilə əvəz edilmişdir. Hüquqi məsələlər, məhkəmənin mövqeyi və gəldiyi nətəcənin əsasları: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. Belə ki, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin hüquqi varisinin və icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə müəyyən olunur ki, hazırda Şəxs “KAMAZ 53212” yük markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini qaytarmaq istəsə də, bu nəqliyyat vasitəsi istifadəyə yararsız olduğuna görə məhkəmə qətnaməsinin icra edilməsi mümkünsüzdür. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə imkanı, yəni qətnamə ilə qaytarılması nəzərdə tutulan əmlakın mövcudluğu və ya yararlı vəziyyətdə olması halında şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə icranı yerinə yetirməməsi öz təsdiqini tapmış olsun. Hazırda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatları ilə Şəxs məhkəmə qətnaməsini məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamış, əksinə məhkəmə qətnaməsini icra etmək istəməsinə baxmayaraq qaytarılmalı olan nəqliyyat vasitəsinin istifadəyə yararsız olması səbəbindən qətnaməni icra etmək mümkün deyildir. Qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, borclu Şəxs yuxarıda göstərilənlərə əsasən icra sənədini üzrsüz səbəblərdən icra etməməsi halının mövcudluğu istisna edildiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53.1.2, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(5-97)-1257/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-1257/2026
11.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver