Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-97)-1386/2026 16.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Babayev Kamal Yunis oğlu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi tərəfindən vəzifəli şəxs Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsinə dair MN ******* nömrəli, 16 mart 2026-cı il tarixli protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Zəngilan Rayon Məhkəməsinin 16(034)-2/22 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası tələb olunmuş, lakin borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Nəticədə "xxxx" MTK-nın rəhbəri Şəxs tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Protokolun əlavəsindən görünür ki, Zəngilan Rayon Məhkəməsinin e-16(034)- 2/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" Mənzil Tikinti Kooperativinin cavabdeh olduğu mülki iş üzrə müvəqqəti təminat tədbiri tətbiq edilmişdir. Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru xx.xx.2025-ci il tarixli qərar ilə icraata başlamış, xx.xx.2025-ci il tarixli bildirişlə borcluya könüllü icra təklifi göndərmişdir. Eyni zamanda Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-34/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iş mahiyyəti üzrə həll edilmiş, Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)- 2205/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən isə Nəsimi Rayon Məhkəməsində baxılanadək və yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək icra icraatı dayandırılmışdır. İşin baxılmağa hazırlanması zamanı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, protokol və ona əlavə olunmuş materiallar bir sıra prosessual və mahiyyət cəhətdən ciddi qüsurlarla xarakterizə olunur. İlk növbədə, İXM-in 528.1-ci maddəsinin dispozisiyası icra sənədindəki tələbin “üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə” icra edilməməsini tələb edir. Halbuki yuxarıda qeyd olunan protokola əlavədən görünür ki, Ali Məhkəmənin qərardadı ilə icra icraatı dayandırıldığı şəraitdə, “İcra haqqında” Qanunun tələblərinə əsasən, həmin dövrdə icra hərəkətlərinin aparılması və borcluya icra müddətinin təyin edilməsi hüquqi cəhətdən mümkün deyildir. Daha sonra, İXM-in 100.5.4-cü maddəsinə əsasən protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti dəqiq göstərilməlidir. Hazırkı protokolda isə icra sənədindəki qadağaların hansının, nə vaxt və nə şəkildə pozulduğu konkret göstərilməmişdir. Protokolda yalnız ümumi formada “Şəxs imtina etdi və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir” ifadəsi qeyd olunmuş, lakin bu, İXM-in 100.5.4-cü maddəsinin tələb etdiyi konkretlik səviyyəsinə cavab vermir. Habelə, icra vərəqində "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binasının üzərinə həbs qoyulması, o cümlədən sərəncam vermə ilə bağlı qadağalar əks olunsa da, protokola əlavədən görünür ki, icra məmuru ekspert rəyi ilə "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binasının 2019-cu il layihəsində Samirə Məmmədovaya və Gültəkin Məmmədovaya məxsus mənzillərin layihələndirilmədiyini, bu səbəbdən qərardadın icra edilmədiyini qeyd etmişdir. Halbuki, ekspert rəyində gəlinən nəticələr işin mahiyyətinə təsir edən hal olmaqla, qərardadın icra edilməməsi ilə bağlı bir hal deyildir. Protokola əlavə edilmiş xx.xx.2025-ci il tarixli ekspert rəyi isə layihənin faktiki vəziyyətə uyğunsuzluğunu müəyyən etsə də, icra sənədindəki konkret qadağaların borclu tərəfindən pozulmasını sübut etmir. Elə olsa belə, bu icra məmuru tərəfindən əsaslandırılmamışdır. İXM-in 109.1.6-cı maddəsinə görə, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun onu tərtib etmiş orqana geri qaytarılması barəsində qərardad qəbul edilir. Məhkəmə, yuxarıda təsvir olunan qüsurların icra məmurunun səlahiyyətləri daxilində aradan qaldırılması zərurətini nəzərə alaraq və materialların natamamlığının və düzgün tərtib edilməməsinin işə baxılarkən tamamlanmasının mümkün olmadığını müəyyən edərək, protokolun geri qaytarılmasını zəruri hesab edir. Qeyd olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə geri qaytarılsın. Qərardad qətidir, şikayət verilə bilməz. Hakim: Kamal Babayev
Məhkəmə qərarları › İş №3(5-97)-1386/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(5-97)-1386/2026
16.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver