Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-18/2026 13.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi Məhkəmə iclas katibi Hadi Mircəlal Mirşamil oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı qərar əsassızdır. İstifadəsində olan X4 Hibrid markalı **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkət edərkən inzibati xəta törətməsi müəyyən edilmiş, barəsində qərar tərtib edilmişdir. Lakin, həmin qərarla razı deyil. Qarşı tərəf qoşa zolağı tapdalayıb və qəza şəraiti yaradıb. Bu səbəbdən qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, Daxili İşlər Nazirliyinin Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, hadisə vaxtı sola dönmə əməliyyatı etmək istəmişdir. Bu zaman qarşı tərəfdən gələn avtomobillərdən 1-ci zolaqdakı avtomobil ona yol verdiyi üçün əks hərəkət istiqamətinə daxil olmuş, daha sonra digər zolaq boş olduğu üçün hərəkəti davam etdirmişdir. Lakin, digər avtomobil gəlib qanunu pozaraq onun qabağına çıxdığı üçün yol nəqliyyat hadisəsi baş vermişdir. Yol polisi isə ona cərimə yazmışdır ki, qaydanı pozmuşdur. Qeyd olunanları nəzərə alaraq, qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq inzibati qərar qəbul edən qurumun nümayəndəsi iştirak etməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı qərardan görünür ki, xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokol əsasında X2 “X4 Hibrid” minik markalı, 77NO965 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 40 manat məbləğində cərimə edilmişdir. Xətanın törədilmə vaxtı xx.xx.2025-ci il saat 09:05 kimi qeyd edilmişdir. Məhkəmə iclasında təqdim edilmiş videogörüntülərə baxış zamanı müəyyən edilmişdir ki, “X4 Hibrid” markalı nəqliyyat vasitəsinin iştirakı ilə qeydə alınmış videogörüntülərdə sözügedən nəqliyyat vasitəsinin dönmə qaydalarını pozaraq, əks hərəkət istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinə yol vermədən qarşı hərəkət zolağına daxil olması və hərəkəti davam etdirməsi, manevr etmə qaydalarını pozması müəyyən olunur. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, şəkillərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi ilə təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsi imperativ olaraq müəyyən edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bu fundamental hüquqi prinsip tələb edir ki, inzibati xətanın törədilməsini sübuta yetirmə yükü inzibati təqibi həyata keçirən orqanın üzərinə düşür. Məhkəmə qeyd edir ki, təqsirsizlik prezumpsiyası mütləq xarakter daşımır və qanuni qüvvəyə malik, mötəbər və kifayət qədər sübutlar toplusu ilə təkzib edilə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnda da müəyyən edildiyi kimi (məsələn, Salabiaku Fransaya qarşı iş üzrə Qərar), faktiki və ya hüquqi prezumpsiyalar özlüyündə Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə zidd deyildir, lakin dövlətlər bu sahədə müəyyən hədlərə riayət etməlidirlər. Bu prezumpsiyalar təkzibedilməz olmamalı və təqsirin sübuta yetirilməsi yükünü tam olaraq təqsirləndirilən şəxsin üzərinə keçirməməlidir. İşin materiallarının tədqiqi zamanı məlum olur ki, inzibati tənbeh vermə haqqında qərar, səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilmiş inzibati xəta faktına əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokol əsasında rəsmiləşdirilmişdir. Şikayət vermiş şəxsin dəlilləri mahiyyət etibarilə ondan ibarətdir ki, o, yol hərəkəti qaydalarını pozmamış, qəza şəraitini isə digər nəqliyyat vasitəsinin sürücüsü yaratmışdır. X2 iddia edir ki, əks istiqamətdən gələn nəqliyyat vasitələrindən biri ona yol verdiyi üçün manevrə başlamış, lakin digər nəqliyyat vasitəsi gözlənilmədən onun hərəkət zolağına daxil olmuşdur. Məhkəmə, şikayət vermiş şəxsin bu dəlillərini subyektiv mülahizə kimi qiymətləndirir və onların iş üzrə toplanmış obyektiv sübutlarla təkzib olunduğu qənaətinə gəlir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş videogörüntü ilə təsdiqini tapır ki, X2 idarə etdiyi **-AT- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə iki əks istiqamətli hərəkət zolağı olan yolda geriyə dönmə manevri edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, sürücü, əks istiqamətli hərəkət zolağına daxil olarkən, həmin zolaqda hərəkət edən nəqliyyat vasitələrinə yol vermək və onların hərəkətinə maneə yaratmamaq vəzifəsini daşıyır. Videogörüntüdən aydın olur ki, X2 nəinki birinci zolaqda hərəkət edən nəqliyyat vasitəsinin tamamilə dayanmasına və ona yol verməsinə səbəb olmuş, həmçinin manevri davam etdirərək, ikinci zolaqda hərəkət edən digər nəqliyyat vasitəsinin hərəkət trayektoriyasına daxil olaraq qəza şəraiti yaratmışdır. Sürücünün öz izahatında qeyd etdiyi “digər avtomobilin onun qabağına çıxması” iddiası, əslində, özünün yol hərəkəti qaydalarını pozaraq həmin nəqliyyat vasitəsi üçün yaratdığı maneənin nəticəsidir. Məhkəmənin gəldiyi nəticəyə görə, X2-nin əməlləri İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini tam olaraq yaradır. Həmin maddənin dispozisiyası, digər pozuntularla yanaşı, birbaşa olaraq manevr etmə qaydalarının pozulmasına görə məsuliyyət müəyyən edir. Təqdim edilmiş video sübut şübhəyə yer qoymayacaq dərəcədə təsdiq edir ki, sürücü X2 manevr qaydalarını pozmuş, yolların hərəkət hissəsində nəqliyyat vasitəsini düzgün yerləşdirməmiş və nəticədə təhlükəli vəziyyət yaratmışdır. İXM-nin 3-cü maddəsinə əsasən, şəxs yalnız törətdiyi əməldə inzibati xəta tərkibinin bütün əlamətləri olduqda və təqsiri sübuta yetirildikdə inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə hesab edir ki, təqdim olunmuş obyektiv sübutlar toplusu, yəni mübahisələndirilən qərar və videogörüntü X1 təqsirini tam sübuta yetirir və onun təqsirli olması barəsində İXM-nin 8.3-cü maddəsinin tələblərinə zidd olaraq heç bir ağlabatan şübhə qalmır. Mübahisələndirilən xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı qərar səlahiyyətli vəzifəli şəxs tərəfindən, İXM-nin tələblərinə uyğun olaraq qəbul edilmiş, tətbiq edilən cərimənin məbləği isə İXM-nin 327.1-ci maddəsinin sanksiyası çərçivəsindədir. Şikayət vermiş şəxsin dəlilləri öz təsdiqini tapmadığından, qərarın ləğv edilməsi üçün heç bir hüquqi əsas müəyyən edilməmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək hesab edir ki, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 barəsində tətbiq edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamal Babayev
Məhkəmə qərarları › İş №3(5-97)-18/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-18/2026
13.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver