Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-97)-191/2026 12.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Babayev Kamal Yunis oğlu, X1 Nərimanov Rayon Dövlət Yol Polis İdarəsinin məhkəmə qərarını icra etməməsinə dair ərizəsinə və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon Dövlət Yol Polis İdarəsinin məhkəmə qərarını icra etməməsi və hərəkətsizliyinin qanunsuz hesab edilməsi, cavabdeh inzibati orqanın üzərinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarının dərhal və tam icra olunması vəzifəsinin qoyulması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Məhkəmənin qarşısında duran əsas hüquqi məsələ, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayətə baxan məhkəmənin, inzibati orqanın sonrakı hərəkətsizliyinə dair iddiaya baxmaq və iş üzrə icraata xitam vermək səlahiyyətinin olub-olmamasının müəyyən edilməsindən ibarətdir. İş materiallarından müəyyən edilmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə X3 barəsində olan xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş materialları yenidən baxılması üçün Nərimanov Rayon Dövlət Yol Polis İdarəsinə qaytarılmışdır. Məhkəmənin həmin qərarı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən, işin yenidən baxılması zərurətini müəyyən edərək qəbul edilmişdir. Bu, o deməkdir ki, inzibati icraatın ilkin mərhələsi bərpa edilmiş və iş üzrə yekun qərar qəbul etmək səlahiyyəti yenidən inzibati orqanın üzərinə qoyulmuşdur. X3 öz ərizəsində mahiyyət etibarilə inzibati orqanın hərəkətsizliyindən şikayət edir. Belə ki, məhkəmə qərarının qanuni qüvvəyə minməsinə baxmayaraq, cavabdeh orqan işə yenidən baxmamış, heç bir prosessual hərəkət həyata keçirməmişdir. Ərizəçinin bu tələbləri, öz hüquqi mahiyyətinə görə, inzibati orqanın fəaliyyətsizliyinə qarşı yönəlmiş bir iddiadır və bu, mahiyyət etibarilə "məcburetmə haqqında iddia" kimi təsnif edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsi inzibati mübahisələrin məhkəmə aidiyyətini müəyyən edir. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Bu iki fərqli prosessual reqlamentin, yəni İnzibati Xətalar Məcəlləsinin və İnzibati Prosessual Məcəlləsinin tətbiq dairəsinin bir-birindən aydın şəkildə fərqləndirilməsi zəruridir. İXM inzibati xətaların törədilməsi və buna görə tənbeh tətbiqi ilə bağlı madi və prosessual münasibətləri tənzimlədiyi halda, İnzibati Prosessual Məcəlləsi inzibati orqanların aktları, hərəkət və ya hərəkətsizliyi ilə bağlı yaranan mübahisələrə baxılması üçün prosessual qaydalar müəyyən edir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərarı ilə işə yenidən baxılması üçün inzibati orqana qaytarılması, həmin iş üzrə məhkəmə icraatını yekunlaşdırmışdır. İnzibati orqanın bu qərardan irəli gələn vəzifələrini yerinə yetirməməsi, yeni bir hüquqi mübahisənin, yəni hərəkətsizlikdən irəli gələn mübahisənin predmetini təşkil edir. Bu mübahisənin həlli isə artıq İnzibati Xətalar Məcəlləsinin yox, İnzibati Prosessual Məcəlləsinin tənzimləmə sferasına daxildir və bu səbəbdən aidiyyəti üzrə inzibati məhkəmənin səlahiyyətinə aiddir. Ərizəçinin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi tələbinə gəldikdə isə, bu məsələnin həlli də hazırkı məhkəmə icraatının predmetinə daxil deyildir. İXM-nin 145-ci maddəsinə görə, inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməsi səlahiyyəti, qərarı qəbul etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddir. İş materialları yenidən baxılması üçün inzibati orqana qaytarıldığından, iş üzrə icraatın davam etdirilməsi və ya ona xitam verilməsi barədə qərar qəbul etmək ilk növbədə həmin orqanın səlahiyyətindədir. Yalnız həmin orqanın bu istiqamətdə qəbul edəcəyi qərar və ya davam edən hərəkətsizliyi inzibati məhkəmə qaydasında mübahisələndirilə bilər. Məhkəmə hesab edir ki, X3 öz hüquqlarının müdafiəsi üçün yanlış prosessual vasitə seçmişdir. Onun şikayəti mahiyyət etibarilə İnzibati Prosessual Məcəlləsi çərçivəsində təqdim edilməli olan bir iddia ərizəsidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X1 inzibati orqanın hərəkətsizliyi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə ərizəsi aidiyyəti üzrə təqdim edilmədiyindən, ona geri qaytarılmalı və ərizəçiyə müvafiq iddia ilə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X1 inzibati orqanın məhkəmə qərarının icra etməməsi və hərəkətsizliyinin qanunsuz hesab edilməsi, cavabdeh inzibati orqanın üzərinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci tarixli qərarının dərhal və tam icra olunması vəzifəsinin qoyulması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılsın. X2 izah edilsin ki, inzibati orqanın hərəkətsizliyindən aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qərardad qətidir, şikayət verilə bilməz. Hakim Kamal Babayev
Məhkəmə qərarları › İş №3(5-97)-191/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(5-97)-191/2026
12.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver