Məhkəmə qərarları › İş №3(5-97)-21/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-21/2026

19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-21/2026 19.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hadi Mircəlal Mirşamil oğlunun katibliyi ilə, Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X2 iştirakı ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və X1 Bölməsindən daxil olmuş 00100-04009/25 nömrəli, 26 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 307668AA nömrəli nəqliyyat vasitəsi ilə gələn Bakı Baş Gömrük İdarəsində xx.xx.2025-ci il tarixli **********1161 sorğu nömrəli gömrük bəyannaməsi Bakı Baş Gömrük İdarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. Məhkəmənin iclasında iştirak etmiş hüquqi şəxsin nümayəndəsi X3 hüquqi şəxsin barəsində tərtib olunmuş protokola etiraz edərək, fəaliyyətləri dövründə heç vaxt gömrük qaydalarını pozmadıqlarını, sözügedən yükün də ölkə ərazisinə daxil olduğunu və bəyan edildiyini qeyd etmişdir. Bildirmişdir ki, hazırda gömrük brokeri kimi fəaliyyət göstərən şəxslərin xidmətlərindən istifadə edirlər. Lakin, gömrük orqanı tərəfindən onlara bu barədə hər hansı məlumat verilməmişdir. Qısa idxal bəyannaməsinin verilməli olmasını bilməmişdir. Bu barədə məlumatlı olsa idi, lazımi tədbirləri görərdi. Qeyd olunanları nəzərə alaraq, icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə səlahiyyətli orqanın nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Şəxs MMC-nin ünvanına gələn xx.xx.2025-ci il tarixində 30Q492KA/307668AA qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş xx.xx.2025-ci il tarixli **********1161 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan mallara dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl verilmədiyi müəyyən olunmuşdur. Şəxs MMC tərəfindən qısa idxal bəyannaməsi gömrük orqanlarına təqdim edilməməsi qısa idxal bəyannaməsinin göstərilməməsi Şəxs MMC tərəfindən təqdim edilmiş **********1161 saylı gömrük bəyannamələrinin 40-cı qrafasında da öz əksini tapmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, İXM-lə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, göndərilən mallar **********1161 sorğu nömrəli gömrük bəyannaməsi ilə tərtib edilərək Şəxs MMC tərəfindən gömrük orqanına bəyan edilsə də, həmin malların Azərbaycan Respublikasının ərazisinə çatma vaxtları barədə öncədən məlumat verilmədiyindən mallar barədə elektron formada verilməli olan qısa idxal bəyannaməsi verilməmişdir. Qanunla bəyannaməçi tərəfindən mallar gömrük ərazisinə gətirilməzdən əvvəl (fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla) gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilməsi məcburi hal kimi müəyyən edilmişdir ki, bu tələbin yerinə yetirilməməsinə görə də inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarından və hüquqi şəxsin nümayəndəsinin məhkəmə iclasında təqsirini etiraf etməsindən göründüyü kimi Şəxs MMC tərəfindən bu tələb pozulmuşdur. Məhkəmə iclasında iştirak edən nümayəndə broker xidmətlərindən istifadə etdiklərini, gömrük orqanının onlara bu barədə məlumat vermədiyini qeyd etsə də, məhkəmə həmin xüsusata tənqidi yanaşır və özünü müdafiə kimi qiymətləndirir. Belə ki, hüquqi şəxs xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkət və hərəkətsizliyinə görə də məsuliyyət daşıyır və ümumi hüquq nəzəriyyəsinə uyğun olaraq qanuni bilməmək məsuliyyətdən azad etmir. İXM-nin 485.2-ci maddəsi hərəkətsizliklə törədilən inzibati xəta olduğundan, xətanın törədilmədiyini sübut etmək yükü barəsində icraat aparılan hüquqi şəxsin üzərinə düşür. Məhkəmə sözügedən xüsusatları dəqiqləşdirməsi üçün hüquqi şəxsə şərait yaratsa da, müəyyən edilmiş vaxt ərzində hər hansı təsdiqedici sənəd, yəni qısa idxal bəyannaməsinin verildiyini təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hüquqi şəxsi inzibati xətanı törətməsi qənaətinə gəlir. Məhkəmə Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası hədləri daxilində müəyyən məbləğdə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-nin 31, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar