Məhkəmə qərarları › İş №3(5-97)-22/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(5-97)-22/2026

13.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-97)-22/2026 13.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Hadi Mircəlal Mirşamil oğlunun katibliyi ilə, «X2 Elemanları Teknolojileri Sanayi ve Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 496.1.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 00100-04012/25 nömrəli, 26 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan «X2 Elemanları Teknolojileri Sanayi ve Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Filialının (VÖEN **********) ünvanına 94327897 nömrəli nəqliyyat vasitəsi ilə gələn **********1539 saylı xx.xx.2025-ci il tarixli nömrəli gömrük bəyannaməsi ilə Baş Gömrük İdarəsində rəsmiləşdirilmiş, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Bununla da «X2 Elemanları Teknolojileri Sanayi ve Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Filialı barəsində İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə olunmuş xx.xx.2025-ci il tarixli raportu nəzərdən keçirilərkən müəyyən edilir ki, raportda ünvan 2 ünvanında qeydiyyatda olan “X1 Caspian” MMC (VÖEN **********) tərəfindən idxal olunmuş mallara dair qısa idxal bəyannaməsinin verilməməsi qeyd edilsə də, protokol ünvan 1 ünvanında qeydiyyatda olan «X2 Elemanları Teknolojileri Sanayi Ve Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublıkasındakı Filialı (VÖEN **********) barəsində tərtib olunmuşdur. Qeyd olunur ki, elektron vergi portalından edilmiş çıxarışdan görünür ki, hər iki hüquqi şəxs fərqli hüquqi şəxslər olmaqla, ayrı-ayrı VÖEN-lərə sahibdirlər. Göründüyü kimi, hazırkı işin halları protokolun tərtib edildiyi hüquqi şəxslə ilə uyğun gəlmir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və həmin xüsusatın texniki yanlışlıq və ya doğru olduğunu təsdiq etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-in 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. İXM-in 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göründüyü kimi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş materiallar natamamdır və işə baxılarkən tamamlamaq mümkün deyildir. İş materiallarını araşdıraraq belə qənaətə gəlirəm ki, «X2 Elemanları Teknolojileri Sanayi ve Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında olan material natamam olduğundan İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən onu tərtib etmiş orqana qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: «X2 Elemanları Teknolojileri Sanayi ve Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Filialı barəsində tərtib edilmiş 26 dekabr 2025-ci il tarixli, 00100- 04012/25 saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər baxışdan çıxarılmaqla Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət və protest verilə bilməz. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar