Məhkəmə qərarları › İş №3(5-97)-236/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-236/2026

13.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-236/2026 13.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 16:50 Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin polis sahə inspektoru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, orta təhsilli, subay, ünvan 1 ünvanında yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PŞ-dən daxil olmuş xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 20:00 radələrində narkotik vasitə qəbul etdiyi müəyyən olunmuşdur. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PŞ-nin polis sahə inspektoru X6 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə Nərimanov rayonu ərazisində xidmət aparan zaman bir nəfər vətəndaş özünü şübhəli apardığından və narkotik vasitə istifadə etməsində şübhəli olduğundan həmin şəxs şəxsiyyətini müəyyən etmək üçün Nərimanov RPİ-nin 16cı PŞ-yə gətirilmişdir. Daha sonra müvafiq araşdırma başlanılmış və Şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etdiyi müəyyən olunmuşdur. Şəxs barəsində tədbir görülməsi üçün inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilib izahatında göstərmişdir ki, xx.xx.2026-cı il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində olarkən tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün narkotik vasitə heroin almış və həmin gün saat 20 radələrində Bakı şəhəri Nərimanov rayonu, H.Əliyev küçəsində heroini istifadə etmişdir. Əməlindən peşmandır. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə külli miqdarda narkotik vasitəni satış məqsədilə əldə etmə ittihamı üzrə təqsirli bilinərək 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 1 il 6 ay hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmənin sualına cavabında bildirmişdir ki, narkotik vasitə olan qurudulmuş marixuana və heroin, eyni zamanda psixotrop maddə olan metamfetamin istifadəçisidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 xx.xx.2026-cı il tarixli, 11 nömrəli tibbi yoxlamanın rəyindən görünür ki, Şəxs eyni zamanda bir neçə narkotik vasitələrin və digər psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Şəxs xx.xx.2025-ci il tarixdən Respublika NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. “İnzibati qaydada tutma haqqında” xx.xx.2026-cı il tarixli protokoldan görünür ki, Şəxs həmin gün saat 22:14-də inzibati qaydada tutulmuş, xx.xx.2026-cı il tarixdə saat 15:40-da azad edilmişdir. Şəxs yazılı izahatından görünür ki, o, törətdiyi inzibati xətanı etiraf etmişdir. EMİS-dən əldə olunan məlumatlardan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-78/2022 saylı hökmünə əsasən Şəxs Azərbaycan Respublikası CM-in 206.4, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.1 və 240.3.2-cü maddələri ilə təqsirli bilinərək barəsində ittihamedici hökm çıxarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.4-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz; 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və inzibati protokolu tərtib etmiş şəxsin, eləcə də inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halllar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs əvvəllər də satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, cinayət əməlini törətməkdə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına, cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmasına baxmayaraq islah olunmadan qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə istehlak etməsi onu deməyə əsas verir ki, barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm onun, həm də başqa şəxslərin yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tətbiq olunmalı, həbs müddətinin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 12 yanvar 2026-cı il saat 22:14-dən hesablanmalı, Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və onun ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 12 yanvar 2026-cı il saat 22:14-dən hesablansın. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi nəzərə alınsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X2 Mərkəzinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar