Məhkəmə qərarları › İş №3(5-97)-238/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-238/2026

11.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-238/2026 11.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Gülsüm Üzeyir qızının katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X6, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 04 noyabr 2025-ci il tarixli MN ******* nömrəli qərar ilə bağlı X7 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 04 noyabr 2025-ci il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə şikayətlə Nərimanov Rayon Məhkməsinə müraciət etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X8 inzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə barəmdə 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Qərarda qeyd edilmişdir ki, X4 müraciəti əsasında AR Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə xx.xx.2025-ci il tarixli 3-17-5/2-86879/2025 nömrəli məktub göndərilərək müvafiq sənədlərin 7 iş günü ərzində DƏMX-ə verilməsi tələb olunmuş lakin, sənədlərin təqdim edilmədiyi müəyyən edilmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta, yəni “Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1 -1 -ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsi, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsi (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla)” inzibati xətası törədildiyi qeyd olunmuşdur. Aşağıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallar nəzərə alınmamışdır:

1. X1 müraciəti əsasında AR Əmək Məcəlləsinin 15- ci maddəsinin 2-ci hissəsinə əsasən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə xx.xx.2025-ci il tarixli 3- 17-5/2-86879/2025 nömrəli məktub göndərilərək müvafiq sənədlərin 7 iş günü ərzində DƏMX-ə verilməsi tələb olunduğu lakin sənədlərin 7 (yeddi) iş günü ərzində təqdim edilmədiyi göstərilmişdir, lakin hansı müəssisənin işçisi olması qeyd edilməmişdir. Bildiririk ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində adlı şəxs çalışmır. X4 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciətindən də göründüyü kimi vətəndaş Bakı şəhəri 235 nömrəli xüsusi təyinatlı körpələr evi- uşaq bağçasında çalışmışdır və o, 235 nömrəli xüsusi təyinatlı körpələr evi-uşaq bağçasının müdirinin 11 sentyabr 2025-ci il tarixli 108 nömrəli əmrinə əsasən işdən azad edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X8 "İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edəsiniz. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X11 şikayətin əsassız olması səbəbilə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında qərardan şikayət vermiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə şikayət vermiş şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, X13 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 04 noyabr 2025-ci il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X4 Bakı şəhəri 235 saylı xüsusi körpələr evi bağçasında əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə ünvanladığı müraciətinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətində baxılır. Bildiririk ki, müraciətlə əlaqədar vətəndaşa aid müvafiq sənədlərin Xidmətə təqdim edilməsi məqsədilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin tələbləri barədə məlumatlandırılmaqla xx.xx.2025-ci il tarixli 3-17-5/2- 86879/2025 nömrəli sorğu məktubu göndərilmişdir. Lakin sənədlər təqdim edilməmişdir. “Əmək müqaviləsinə xitam verilməsi barədə” 108 nömrəli əmrdən görünür ki, X4 fəaliyyətinə 235 saylı körpələr evi-uşaq bağçasının müdiri Məmmədova V.S-nın imzası ilə xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin : 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. 539.3-cü maddəsinə əsasən, Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1- 1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə – vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən işəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq və ya qeyri-sahibkarlıq fəaliyyətini (xüsusi notarius, vəkillik və mediator fəaliyyətini) həyata keçirən vergi ödəyicisi olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs. Məhkəmə tərəfindən müəyyən edilir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində qeyd olunan şəxs əmək fəaliyyəti göstərmir. Belə ki, X3, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə ünvanladığı müraciətdən aydın olur ki, o, Bakı şəhəri 235 nömrəli xüsusi təyinatlı körpələr evi-uşaq bağçasında işləmiş və həmin müəssisə müdirinin 11 sentyabr 2025-ci il tarixli, 108 nömrəli əmrinə əsasən vəzifəsindən azad edilmişdir. Bu da onu göstərir ki, X5 işə götürən və işdən azad edən Bakı şəhəri 235 nömrəli xüsusi təyinatlı körpələr evi-uşaq bağçasının rəhbəridir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X4 Bakı şəhəri 235 saylı xüsusi körpələr evi bağçasında əmək hüquqlarının pozulması barədə müraciətə baxılmasına dair müvafiq sənədlərin tələb edilməsi üçün müraciəti həmin şəxsi işəgötürən quruma göndərməli və tələblər yerinə yetirilmədiyi halda həmin qurumun vəzifəli şəxsi barəsində müvafiq qərar qəbul edilməli idi. Bu səbəbdən, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X7 inzibati xətanın subyekti hesab olunması qanunvericiliyin tələblərinə ziddir. Beləliklə, məhkəmə hesab edir ki, X7 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsinin 04 noyabr 2025-ci il tarixli MN ******* nömrəli qərarı əsassız olduğundan ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.2, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şikayət təmin edilsin. X7 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsinin 04 noyabr 2025-ci il tarixli MN ******* nömrəli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar