Məhkəmə qərarları › İş №3(5-97)-239/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-239/2026

24.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-239/2026 24.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Hadi Mircəlal Mirşamil oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X4 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyovun xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs barəsində İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar qəbul etmişdir. Göstərilən qərardan görünür ki, Hüquqi şəxs "X11" MMC - onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi, direktoru X7 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7.2-ci maddəsinin tələblərinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı halda həmin tələbi pozaraq yəni, əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X5 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi ünvan 1 ünvanında yerləşən “Avropa Qapıları” mağazasının 3-cü mərtəbəsində yerləşən direktoru olduğu Şəxs MMC-də usta və iş icraçısı kimi işlərinin yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X7 bildirmişdir ki, barələrində tərtib edilmiş protokol doğrudur, dostluq münasibtlərinə əsaslanaraq həmin şəxsi işə götürmüşdür, lakin müqavilə bağlamamışdır. Barələrində oxşar xüsusat ilə bağlı, yəni digər bir işçinin işə cəlb edilməsi ilə bağlı Sumqayıt şəhər məhkəməsinin də inzibati tənbehlə bağlı qərarı var, həmin qərar Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə qüvvədə saxlanılmışdır. Şirkət hazırda fəaliyyət göstərmir yenidən cərimə onlar üçün ağırlaşdırıcı vəziyyət yaradacaq. Qeyd edilənləri nəzərə alaraq icraata xitam verilməsini xahiş etmişdir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış, qərarın baxılması üçün aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 10 dekabr 2025-ci il tarixli qərardan görünür ki, əməldə cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. 13 noyabr 2025-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanında yerləşən “Avropa Qapıları” mağazasının 3-cü mərtəbəsində yerləşən Şəxs MMC-dir. Hadisə yerinə baxış zamanı İbrahimov isaril İsrafil oğlu Şəxs MMC-də əmək müqaviləsi bağlanmadan 2025-ci ilin iyun ayının 16-dan 2025-ci ilin sentyabr ayının 3-ə qədər iş icraçısı vəzifəsində çalışdığını, baxış iştirakçısı X10 İbrahimovu direktoru olduğu Şəxs MMC-də əmək müqaviləsi bağlanmadan işə götürdüyünü və onun iş icraçısı vəzifəsində işlədiyini təsdiq etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 1-ci və 3-cü maddələrinə əsasən, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir və işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsi (kontraktı) adlanır; 7-ci maddəsinə əsasən:

1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.

2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 42-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 49-cu maddəsinə əsasən:

1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

2. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir.

3. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir.

4. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir.

Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi:

Məhkəmə iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq, toplanmış sübutları öz daxili inamına əsasən qiymətləndirərək belə nəticəyə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materiallarında mövcud olan sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. İnzibati məsuliyyəti istisna edən və ya icraatı rədd etmək üçün əsas yaradan hallar müəyyən olunmamışdır. Nərimanov rayon prokurorluğunda toplanmış materialların, o cümlədən xx.xx.2025-ci il tarixli «İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında» qərarın, xx.xx.2025ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın, xx.xx.2025-ci il tarixli baxış keçirilməsi haqqında protokolun məhkəmə iclasında tədqiqi nəticəsində müəyyən olunmuşdur ki, hüquqi şəxs Şəxs MMC-ni təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, cəmiyyətin direktoru X1 İsrail İsrafil oğlunu xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək ünvan 1 ünvanında yerləşən «Avropa Qapıları» mağazasının 3-cü mərtəbəsində fəaliyyət göstərən Şəxs MMC-də usta və iş icraçısı kimi işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Bununla belə, həmin dövr ərzində adıçəkilən işçi ilə əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlanılmamış, əmək müqaviləsi hüquqi qüvvəyə minməmişdir. Beləliklə, yuxarıda göstərilən sübutların məcmusu bir-birini tamamlayır, aralarında ziddiyyət yoxdur və onlar birlikdə qiymətləndirildikdə X2 Şəxs MMC-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək işə cəlb edilməsi faktını tam sübuta yetirir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əməkhaqqı miqdarından az olmayan əməkhaqqı almaq hüququ vardır. Konstitusiyanın bu müddəası əmək münasibətlərinin qanunla müəyyən edilmiş hüquqi çərçivədə tənzimlənməsini və işçilərin sosial müdafiəsinin təmin olunmasını zəruri edir. Əmək müqaviləsinin bağlanması bu konstitusion müdafiənin ilkin və fundamental şərtidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Qanunverici, əmək müqaviləsinin formasını və hüquqi qüvvəyə minmə qaydasını dəqiq müəyyən etməklə, əmək münasibətlərinin legitimliyini təmin etmək məqsədi güdmüşdür. Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, həmin Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. Eyni zamanda, Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən, həmin Məcəllənin 49-cu maddəsinin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. Göründüyü kimi, qanunverici əmək münasibətlərinin yaranması üçün məcburi olaraq əmək müqaviləsinin elektron informasiya sistemində elektron sənəd formasında bağlanılmasını, müqavilənin isə tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqdan sonra hüquqi qüvvəyə minməsini tələb etmişdir. Bu normativ tələb imperativ xarakter daşıyır və onun pozulması əmək münasibətlərinin qeyri-qanuni hesab edilməsinə gətirib çıxarır. Hazırkı iş üzrə müəyyən olunmuşdur ki, Şəxs MMC X6 ilə elektron informasiya sistemində əmək müqaviləsi bağlamamış, müqavilə gücləndirilmiş elektron imza ilə imzalanmamış və buna müvafiq olaraq hüquqi qüvvəyə minməmişdir. Hazırkı iş üzrə inzibati xəta tərkibinin bütün elementləri mövcuddur. İnzibati xətanın obyektiv cəhəti əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb edilməsindən, yəni hərəkətdən ibarətdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hüquqi şəxsin təqsirinin birmənalı sübuta yetirildiyi qənaətinə gəlir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktoru bildirmişdir ki, Şəxs MMC barəsində oxşar xüsusat ilə bağlı, yəni digər bir işçinin (Arif Bağırov) əmək müqaviləsi bağlanmadan 2024-cü ilin fevral ayından xx.xx.2025-ci il tarixədək işə cəlb edilməsi ilə əlaqədar Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilmişdir və həmin qərar apellyasiya instansiyası tərəfindən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsinin İ hissəsinə əsasən, heç kəs eyni cinayətə görə təkrarən mühakimə oluna və cəzalandırıla bilməz. Bu konstitusion prinsip, inzibati xətalar haqqında iş üzrə icraatlara tətbiq edilərək, bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz kimi təsbit olunmuşdur. Lakin “ne bis in idem” prinsipinin düzgün tətbiqi üçün «bir inzibati xəta» anlayışının hüquqi məzmununun dəqiq müəyyən edilməsi zəruridir. Hüquq nəzəriyyəsində və hüquqtətbiqetmə təcrübəsində inzibati xətanın eyniliyi, bir qayda olaraq, əməlin eyni faktiki hallar əsasında törədilməsi meyarına görə qiymətləndirilir. Faktiki halların eyni olması üçün eyni subyektin, eyni obyektiv cəhətin (eyni hərəkət və ya hərəkətsizliyin) və eyni zaman kəsiyinin mövcudluğu tələb olunur. Qeyd olunan meyarlar kumulyativ xarakter daşıyır, yəni onlardan hər hansı birinin fərqli olması əməllərin müxtəlif inzibati xəta kimi tövsif edilməsinə əsas verir. Hazırkı iş üzrə müəyyən olunmuşdur ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı Arif Bağırov adlı şəxsin 2024-cü ilin fevral ayından xx.xx.2025-ci il tarixədək əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsi ilə bağlıdır. Hazırkı iş isə X2 xx.xx.2025ci il tarixdən xx.xx.2025-ci il tarixədək əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsi ilə əlaqədardır. Hər iki halda eyni işəgötürən tərəfindən eyni xarakterli əməl törədilmiş olsa da, obyektiv cəhətin əsas elementləri fundamental şəkildə fərqlənir. Deməli, hər bir fiziki şəxsin əmək müqaviləsi bağlanmadan işlərə cəlb edilməsi müstəqil inzibati xəta tərkibini yaradır. Bu mövqe İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinin mənasından da irəli gəlir. Həmin maddəyə əsasən, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Qanunverici bu normada açıq şəkildə bir şəxsin müxtəlif inzibati xətalara görə ayrı-ayrı məsuliyyət daşımasını nəzərdə tutmuşdur. İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi kontekstində isə hər bir fərqli işçinin əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsi və həmin xətaların ayrı-ayrı vaxtlarda törədilməsi (başa çatması) ayrıca inzibati xəta tərkibini formalaşdırır, çünki hər bir belə halda fərqli fiziki şəxsin əmək hüquqları pozulur, fərqli zaman kəsiyində ayrıca hüquqazidd əməl törədilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair 4 sentyabr 2018-ci il tarixli Qərarında inzibati xəta hüququnda ne bis in idem prinsipinin tətbiqi ilə bağlı fundamental hüquqi mövqe formalaşdırılmışdır. Konstitusiya Məhkəməsi həmin Qərarında göstərmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinin mənasına görə, şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra həmin xətanı törətməkdə davam edərsə, Məcəllənin 35-ci maddəsində müəyyən edilmiş bir il müddət gözlənilmədən yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. Konstitusiya Məhkəməsi eyni qərarında davam edən və uzanan inzibati xətalar arasındakı fərqi müəyyənləşdirərək vurğulamışdır ki, «davam edən hüquqpozuntuları» zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər olduğu halda, «uzanan hüquqpozuntuları» başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. Konstitusiya Məhkəməsi açıq şəkildə bildirmişdir ki, şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, yenidən inzibati məsuliyyətə cəlb olunur. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında həmçinin göstərilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. Hər bir fərqli işçinin əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsinə görə ayrıca inzibati məsuliyyətin müəyyən edilməsi məhz ədalətlilik prinsipinin tələbidir, əks halda işəgötürən yalnız bir işçi ilə bağlı cərimə ödəməklə, digər bütün işçilərin əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsinə faktiki olaraq hüquqi immunitet əldə etmiş olardı ki, bu da İnzibati Xətalar Məcəlləsinin 10-cu maddəsində nəzərdə tutulan inzibati xətaların qarşısının alınması prinsipinə zidd olardı. Beləliklə, məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsi hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi, bununla da Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirildiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinməli və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20.000 (iyirmi min) manat miqdarında inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər

Hakim: Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar