Məhkəmə qərarları › İş №3(5-97)-243/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-243/2026

21.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-243/2026 21.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Gülsüm Üzeyir qızının katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X4, Barəsində protokol tərtib olunan qərardan şikayət vermiş şəxs X3 iştirakları ilə, X5 barəsində Nərimanov rayon X11 Şöbəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Nərimanov rayon X11 Şöbəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə şikayətlə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, Yazılı izahatında bildirir ki, xx.xx.2025-ci il tarixdə saat 22:00 radələrində Nərimanov rayonunda yerləşən “Şaban” restoranına həyat yoldaşı ilə birlikdə qonaq olmuş, Hyundai Elantra, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilini restoranın qarşısında yerləşən “Russel Park” yaşayış binasının şəxsi həyətyanı sahəsində, binanın gözətçisinin iştirakı ilə park etmiş və dayanacaq haqqını əvvəlcədən ödəmişdir. Restoranda olduqları müddət ərzində hər biri 500 ml-lik şüşə butulkada pivo alkoqollu içki qəbul etmişdir. Saat 23:50 radələrində “Bolt” tətbiqi vasitəsilə taksi sifariş etmiş, sifariş tarixçəsini iş materiallarına əlavə etdiyini qeyd etmişdir. xx.xx.2025-ci il tarixdə saat 00:05 radələrində avtomobilə yaxınlaşarkən binanın gözətçisi avtomobilin dərhal ərazidən çıxarılmasını tələb etmiş, əks halda bina sakini ilə ciddi problem yaşayacağını bildirmiş və avtomobilin siqnalizasiyasını boşaltmaqla hədələmişdir. Taksi sürücüsünün gəlməsini gözlədiyini bildirsə də, gözətçi yalnız 3 dəqiqə vaxt verdiyini qeyd etmişdir. Mübahisənin yaranmaması üçün avtomobili şlaqbaumun çöl tərəfində park etməyə təşəbbüs göstərmiş, park etdiyi yerin yol və ya ümumi istifadə sahəsi olmadığından əmin olmuşdur. Avtomobili park etdikdən sonra sükan arxasından düşmüş, daha sonra ön sağ sərnişin oturacağında əyləşərək taksi sürücüsünü gözləmişdir. Qısa müddət sonra taksi sürücüsü mobil telefonla zəng edərək avtomobilin arxasında olduğunu, lakin DYP əməkdaşının ona yaxınlaşmamasını və ərazidən uzaqlaşmasını tələb etdiyini bildirmişdir. Həmin anda DYP əməkdaşı avtomobilin ön sağ qapısının şüşəsini döymüş və onu DYP nəqliyyat vasitəsinə dəvət etmişdir. Verilən suallara olduğu kimi cavab verdiyini qeyd etmişdir. DYP əməkdaşı tərəfindən alko-test aparılmış, spirtli içki qoxusunun olduğu bildirilsə də, test cihazının yararsız olduğu aşkar edilmişdir. Buna baxmayaraq, o, “Nərimanov M/S” yaxınlığında yerləşən alko-test müayinə mərkəzinə aparılmaq istənilmişdir. Bu zaman DYP əməkdaşı tərəfindən qanunsuz hədəqorxu gəlinmiş, testdən sonra avtomobilin cərimə meydançasına yerləşdiriləcəyi bildirilmişdir. O, buna etiraz etmiş və sifarişlə çağırdığı taksi sürücüsünün onu ünvana aparacağını əsas gətirmişdir. Alko-test müayinə mərkəzinə aparılarkən 102 qaynar xəttinə zəng edərək baş verən qanunsuzluqla bağlı tədbir görülməsini xahiş etmişdir. Qanuni müayinə nəticəsində spirtli içki qəbul etmədiyi sübuta yetirilmişdir. Müayinə mərkəzindən çıxarkən DYP əməkdaşı dəfələrlə 102 xidmətinə etdiyi müraciətin geri götürülməsini xahiş etmiş, bu halda avtomobilin dayanacağa yerləşdirilməyəcəyini və protokol tərtib olunmayacağını bildirmişdir. O, bu tələbi qəbul etmiş və taksi ilə ərazini tərk etmişdir. xx.xx.2025-ci il tarixdə saat 11:00 radələrində Nərimanov DYP-dən ona zəng edilmiş və şöbəyə dəvət olunmuşdur. Orada ondan 1.000 AZN məbləğində qanunsuz rüşvət tələb edilmişdir. O, işin protokollaşdırılmasını və məhkəməyə göndərilməsini tələb etdikdə məbləğ 600 AZN-ə endirilmiş, lakin buna da razı olmamışdır. DYP əməkdaşı qeyrimüəyyən protokol tərtib edəcəyini bildirərək düşünməsini təklif etsə də, o, bu təklifi qəbul etməmişdir. Bir neçə gün sonra sürücülük vəsiqəsini geri almaq üçün yenidən Nərimanov DYP-yə müraciət etdikdə bu dəfə 400 AZN təklif edilmiş, lakin o, bu təklifi də rədd edərək işin məhkəməyə yönləndirilməsini tələb etmişdir. Nəhayət, xx.xx.2025-ci il tarixdə, hadisədən 15 gün sonra, protokol qərəzli şəkildə qüvvəyə minmişdir. Odur ki, rayon X11 Şöbəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində tərtib olunan qərardan şikayət vermiş şəxs X5 şikayətə uyğun izahat verərək bildirmişdir ki, Yaban restoranında olarkən 1 bakal pivə içdiyi üçün ayıq sürücü sifariş vermiş, üzbəüz həyətdən şlaqbaundan içəridə maşınına yaxınlaşaraq Russel Parkın qarşısındakı dayanacaqda saxladığını və ön tərəf sərnişin yerində əyləşdiyini bildirmişdir. Daha sonra isə polis əməkdaşları ona yaxınlaşaraq içkili vəziyyətdə avtomobil idarə etdiyini bildirmiş və onu həkim müayinəsinə aparmışdılar. Barəsində tərtib olunmuş qərarın qanunsuz olduğundan ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Nərimanov rayon X11 Şöbəsinin axtarış üzrə inspektoru polis X2 Elmar Bəybala oğlunun verdiyi şikayət ərizəsinin əssassız olduğunu, vido görüntünü məhkəməyə təqdim edilrək, içkili halda avtomobil idarə edərək başqa bir yerdə avtomobili saxladığını və həmin vaxt polis əməkdaşlarının ona yaxınlaşdığını bildirmişdir. Şikayətin təmin olunmamasını xahiş etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq olunan Nərimanov rayon X11 Şöbəsi tərəfindən tərtib olunmuş seriyalı TP ******* nömrəli, xx.xx.2025-ci il il tarixli “İnzibati tənbeh vermə haqqında” Qərardan görünür ki, X5 tərəfindən Azərbaycan Respublikası İXM-in 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən onun barəsində 400 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş DVD disk gösrüntüsündən aydın olur ki, X5 avtomobildə saxlanılmış və sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçirilməsi təklif edilmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 14 dekabr 2025-ci il tarixli aktdan görünür ki, X5 həmin tarixdə sərxoş vəziyyətdə olmuşdur. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. İXM-in 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X1 şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək hesab edir ki, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmədə şikayət vermiş şəxsin izahatıından, eləcə də vido görüntüdən aydın olur ki, Elmar Zeynalov tərəfindən sərxoş halda avtomobil idarə olunmuşdur. Bu səbəbdən X3 Nərimanov rayon X11 Şöbəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət təmin edilməməlidir. İXM-nin 329.3 və 333.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də, qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Qeyd olunanlara əsasən və İXM-nin 129.1.1, 130.1, 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Nərimanov rayon X11 Şöbəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar