Məhkəmə qərarları › İş №3(5-97)-248/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-248/2026

19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-248/2026 19.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hadi Mircəlal Mirşamil oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2, Nərimanov Rayon DYPŞ polis baş serjantı X3 iştirakı ilə, X2 Azərbaycan Respublikası DİN-nin Nərimanov rayon X11 şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası DİN-nin Nərimanov rayon X11 şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli qərardan şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, Bakı şəhəri Nərimanov rayon X9 şöbəsinin əməkdaşı, polis serjantı Orxan Quliyev tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsi, həmin Məcəllənin 327.1.1,327.1.2,327.2-327.6,327.8-ci (Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması), 328.2, 328.3, 328.4-cü (Yolda müəyyən edilmiş hərəkət surəti həddini aşma), 331-ci (Keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsi və ya mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsi), 333.1-ci (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi), 333-1.1-ci (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi), 342.7-ci (Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması), (Alkoqoldan istifadə olunması nəticəsində yaranmış 343.1-ci sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtina), 343-1.1ci (Narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtina), 346.2-346.9-cu (Dayanma və ya durma qaydalarının pozulması) maddələrində müəyyən olunmuş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə İXM-İn.327.2-1.1,1.3 və 1.11-ci (üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozulması) maddələrində nəzərdə tutulmuş inzibati xətalar törətdiyimi əsas gətirərək barəsində xx.xx.2025-ci il tarixli “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı İXP ******* №-li “İnzibati xəta haqqında protokol” tərtib edilmişdir. xx.xx.2026-cı il tarixində Nərimanov rayon DYPŞ tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Bildirir ki, barəsində tərtib edilmiş “İnzibati xəta haqqında protokol” qanunsuz və əsassızdır. Belə ki, xx.xx.2025-ci il tarixdə, saat 21 radələrində Bakı şəhəri, Nərimanov rayon Əhməd Rəcəbli küçəsi ilə avtomobilimdə hərəkətdə olarkən yol polisi əməkdaşı, Orxan Quliyev tərəfindən saxlanılmışdır. Özünü təqdim edib ondan avtomobilin sənədlərini və şəxsiyyət vəsiqəsini tələb etdikdə, ondan nə üçün saxlanıldığını soruşduqda təkidlə avtomobilin sənədlərini tələb etmiş və sənədləri verməyəcəyi təqdirdə post patrul xidməti əməkdaşlarını çağıracağını və onlara, əmrə tabe olmadığını deyib polis idarəsinə aparılacağını bildirmişdir. O sənədləri təqdim etdikdən sonra polis serjantı Orxan Quliyev nişanlanma xətlərinin tələblərini pozduğunu, o isə ona qayda pozuntusuna yol vermədiyini, qayda pozuntusuna yol vermişdirsə görüntüləri təqdim etməsini xahiş etmişdir. Q.Quliyev isə görüntüləri lazım olan yerə təqdim edəcəyini bildirmişdir. Bundan əlavə, Qanunvericiliyin tələblərinə əsasən inzibati xəta haqqında işin açılması və ya protokolun tərtib edilməsi üçün şəxs tərəfindən törədilən əməldə inzibati xəta hadisəsi olmalıdır. Lakin, o xx.xx.2025ci il tarixdə saat 21 radələrində özünə məxsus avtomobilinlə Nərimanov rayon Əhməd Rəcəbli küçəsi ilə hərəkətdə olarkən yol hərəkəti qaydalarının pozulmasına dair hər hansı bir əməl törətməmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X4 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, hadisə günü “Byd Denza n9” markalı nəqliyyat vasitəsini idarə etmişdir. Lakin, hər hansı qayda pozuntusu törətməmişdir. Lakin, buna baxmayaraq polis əməkdaşı onu saxlamış, onunla kobud rəftar edərək, nəqliyyat vasitəsinin duracağa getməli olduğunu, balının yüksək olduğunu bildirmişdir. Halbuki, həmin günü sadəcə 15 cərimə balı mövcud olmuş, bu da onun hüquqlarının məhdudlaşdırılması üçün əsas olmamışdır. Qeyd olunanlara əsasən, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş videogörüntülərdən sonra verilmiş suala cavab olaraq, polis əməkdaşının videogörüntülərindəki son epizoddakı nəqliyyat vasitəsinin özü olduğunu, lakin sola dönmə əməliyyatı edən şəxsin özü olmadığını, videogörüntülərdən yoldakı xəttin qoşa xətt olduğunun, avtomobilinin nömrəsinin tam görünmədiyini bildirmişdir. Cərimə balları ilə bağlı isə bildirmişdir ki, həmin balların özünə məxsus olmadığını, digər xanım əməkdaşın topladığı ballar olduğunu bildirmişdir. Sonda xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati qərar qəbul edən qurumun nümayəndəsi X5 izahatında bildirmişdir ki, Xoyski küçəsində hərəkətdə olduğu zaman görmüşdülər ki, həmin nəqliyyat vasitəsi qoşa xəttin tələbini pozur və sola dönmə əməliyyatı edir. Daha sonra sürücüyə yaxınlaşmışlar və vəsiqəsini təqdim etməsini istəmişlər. Lakin, sürücü sürücülük vəsiqəsini təqdim etməmiş, olmadığını bildirmişdir. Daha sonra sistem vasitəsilə yoxlanıldıqda cərimə ballarının çox olduğunu görmüşlər və törətdiyi xəta da 3 bal, 100 manat cərimə olduğundan bu barədə inzibati xəta haqqında protokol tərtib edərək rəhbərliyə göndərmişlər. Rəhbərlik tərəfindən də şəxs barəsində sürücülük hüququnun 6 ay müddətinə məhdudlaşdırılması ilə bağlı qərar qəbul edilmişdir. Bildirmişdir ki, həm ipatrul vasitəsilə, həm də təhlükəsiz şəhər kamerası vasitəsilə şəxsin qayda pozması aşkar müəyyən olunur və həmin videogörüntüləri məhkəməyə təqdim edir. Qeyd olunanları nəzərə alaraq, qərarın qüvvədə saxlanılmasını xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2026-cı il tarixli qərardan görünür ki, xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokol əsasında X4 “BYD Denza N9 Plug-in Hibrid” minik markalı, 10AZ413 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-in 327.7və 327.8-ci maddələrində nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə iclasında təqdim edilmiş videogörüntülərə baxış zamanı müəyyən edilmişdir ki, “BYD Denza N9 Plug-in Hibrid” markalı nəqliyyat vasitəsinin iştirakı ilə qeydə alınmış videogörüntülərdə 10AZ413 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol hərəkəti qaydalarını pozaraq, yəni üfüqi nişanlanma xəttinin tələbini pozaraq, sola dönmə əməliyyatı etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 327.7-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343- 1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, şikayət ərizəsini və işə əlavə edilmiş materialları tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq, məhkəmə iclasında iştirak edən tərəflərin izahatlarını dinləyərək hesab edir ki, X2 şikayəti əsassız olduğundan təmin edilməməlidir. İlk növbədə, məhkəmə inzibati məsuliyyətin fundamental prinsiplərini rəhbər tutmağı zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Təqsirsizlik prezumpsiyası prinsipi, İXM-nin 8-ci maddəsində təsbit olunduğu kimi, inzibati xətalar haqqında iş üzrə icraatın təməlidir. Həmin maddənin 8.1-ci bəndinə görə, şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədikdə və bu, səlahiyyətli orqanın qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsi imperativ qaydada müəyyən edir ki, inzibati məsuliyyətə cəlb olunan şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Beləliklə, inzibati xətanın törədilməsi faktını və bu xətanın məhz həmin şəxs tərəfindən törədilməsini sübut etmə yükü inzibati orqanın üzərinə düşür. X1 xx.xx.2025-ci il tarixdə hər hansı qayda pozuntusu törətmədiyini iddia etsə də, bu iddiası iş materialları ilə təkzib olunur. Belə ki, inzibati orqanın nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş patrul avtomobilinin və təhlükəsiz şəhər kamerasının videogörüntülərinə baxış zamanı müəyyən edilmişdir ki, “BYD Denza N9 Plug-in Hibrid” markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü, həqiqətən də, Əhməd Rəcəbli küçəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, yolun hərəkət hissəsinin üfüqi nişanlanma xəttinin (qoşa bütöv xətt) tələbinə məhəl qoymadan sola dönmə əməliyyatı etmişdir. Qeyd olunan videogörüntülərdə nəqliyyat vasitəsinin markası, dövlət qeydiyyat nişanı və törədilən xətanın mahiyyəti heç bir şübhəyə yer qoymayacaq dərəcədə aydın görünür. İXM-nin 76.1-ci maddəsinə əsasən, xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə sübutlar sayılır. Məhkəmə şikayətçinin videogörüntülərin aydın olmaması barədə arqumentini subyektiv mülahizə kimi qiymətləndirir və təqdim edilmiş video-sübutu mübahisələndirilən xətanın törədilməsini təsdiq edən mötəbər və kifayət edən sübut hesab edir. Məhkəmə müəyyən edir ki, mübahisələndirilən xx.xx.2026-cı il tarixli qərarla X4-nin məsuliyyətə cəlb edilməsi yalnız xx.xx.2025-ci il tarixli epizodla deyil, həm də onun bir il ərzində 20 baldan artıq cərimə balı toplaması faktı ilə əsaslandırılmışdır. Bu, İXM-nin 327.7-ci maddəsinin birbaşa tələbidir ki, həmin maddədə müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. Şikayətçi məhkəmə iclasında, onun hesabında olan cərimə ballarının başqa bir şəxs tərəfindən törədilən xətalara görə toplandığını iddia etmişdir. Məhkəmə bu arqumenti hüquqi cəhətdən əsasız hesab edir. Belə ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, inzibati tənbeh vermə haqqında elektron qərar, bir qayda olaraq, nəqliyyat vasitəsinin mülkiyyətçisi və ya sonuncu dəfə etibarnamə verilmiş şəxs barəsində çıxarılır. Nəqliyyat vasitəsinin mülkiyyətçisi (istifadəçisi), xətanın törədildiyi zaman nəqliyyat vasitəsini idarə etmədiyini sübut etmək üçün müvafiq məlumatları təqdim etmək hüququna malikdir. X4 tərəfindən əvvəlki xətalara görə toplanmış cərimə balları ilə bağlı vaxtında etiraz edilməməsi və ya nəqliyyat vasitəsini idarə edən şəxsin kimliyi barədə inzibati orqana məlumat verilməməsi həmin balların onun üzərində qalması ilə nəticələnmişdir. İXM-nin 27.4-cü maddəsinə əsasən, Məcəllənin 327.7-ci maddəsində göstərilən balla qiymətləndirilən xətaların yol verilməsinə görə sürücülər bir il ərzində 20 və daha çox bal topladıqda, inzibati cərimə tətbiq edilmədən onların nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılır. İş materiallarına əlavə edilmiş tənbeh qərarından da göründüyü kimi, şəxsə cərimə tətbiq edilmədən birbaşa sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. Nəticə olaraq, məhkəmə müəyyən edir ki, Azərbaycan Respublikası DİN Nərimanov Rayon X9 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. İnzibati xəta hadisəsi mötəbər sübutlarla, o cümlədən texniki vasitələrin məlumatları ilə tam sübuta yetirilmiş, tətbiq edilən tənbeh növü isə İXMnin 327.7-ci maddəsinin sanksiyasına tam uyğundur. Şikayətçinin irəli sürdüyü dəlillər prosessual və maddi hüquq normalarının tələbləri baxımından əsassızdır və şikayətin təmin edilməsi üçün heç bir hüquqi əsas yaratmır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 barəsində tətbiq edilmiş xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar