Məhkəmə qərarları › İş №3(5-97)-251/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-251/2026

28.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-251/2026 28.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Hüseynova Gülsüm Üzeyir qızının katibliyi ilə, Zərərçəkmiş Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən Şəxs barəsində xx.xx.2026-cı il tarixli İXP 772845 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Təqdim olunan protokoldan və “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Mirsaleh Cavadovun xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Nərimanov rayonu Ə.Rəcəbli küçəsində «Hilal Elektrik mağazasının qarşısında naməlum markalı avtomobilin bir nəfər qadını vurması, qadının başından xəsarət alması, sürücünün qadını xəstəxanaya aparması barədə məlumat daxil olmuşdur. Bununla da Şəxs İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati xəta törətmişdir. Məhkəmə iclasında Şəxs ifadəsində bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 07-00 radələrində o özünə məxsus olan idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan "Chevrolet Cruze" markalı **-US-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nərimanov rayonu Ə.Rəcəbli küçəsi ilə üzü Ziya Bünyadov prospekti istiqamətində 30 km/saat sürətlə 1-ci zolaqla hərəkət edən zaman qarşıda piyada zolağını bir nəfər piyadanın anidən sağ tərəfdən piyada zolağına daxil olmasını görməyib avtomobilin ön hissəsi ilə həmin piyadaçını vurmuş və həmin şəxs zərbədən yerə yıxılmışdır. O dərhal avtomobil saxlayib həmin şəxsə yaxınlaşıb həmin şəxsin xəsarət aldığını görmüş və onu öz avtomobilinə əyləşdirib 1 saylı KTM-nə apamışdır. Həmin vaxt hava şəraitinin yağmurlu olduğundan və qaranlıq olduğu ücün o piyadacaının piyada zolağında hərəkətini görməmişdir.Həmin piyada xanım baş nahiyəsindən xəsarət almışdır. Hadisə zamanı sürəti təxminən 30 km/saat olmuşdur.Hadisə baş verən zaman o əyləcdən istifadə etsədə və avtomobili dayandıra bilməyib həmin şəxsə vurmuşdur. Əməlindən peşmandır, barəsində yüngül cəza tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs aldığı xəsarətlər nəticəsində yüngül ağrıları olsa da Şəxslə barışıq əldə etdiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsi məhkəməyə gəlməmiş və bu barədə heç bir məlumat verməmişdir. Məhkəmə qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 2/71312 saylı xx.xx.2025-ci il tarixli tibbi müayinə protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluq vəziyyəti ayıqdır Məhkəmə-tibbi ekspertizanın 1273 saylı xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, 2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- başın ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, qarın divarının əzilməsi, sol budun, sağ və sol diz oynağının qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, əməllərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin və toplanmış materialın sürücü Şəxs barəsində İXM-nin 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov Rayon Polis İdarəsinin DYPŞ-si vasitəsilə Nərimanov rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 6.1-ci maddəsinin tələbinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilk dəfə inzibati xəta törətməsini İXM-nin 32-ci maddəsinə əsasən iş üzrə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar mövcud deyildir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 49-cu maddəsinin İİ hissəsinə əsasən hər istiqamətdə azı iki hərəkət zolağı olan ikitərəfli hərəkət yollarında qarşıdan hərəkət üçün nəzərdə tutulmuş tərəfə keçmək qadağandır. Məhkəmə işin faktiki hallarını, iş üzrə məsuliyyəti yüngülləşdirən halları, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, həmin maddənin sanksiyası çərçivəsində ona inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməli və bu tənbeh Şəxs tərəfindən gələcəkdə yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar