Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-276/2026 15.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 17:45 Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu müdafiə edən Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis şöbəsinin polis sahə inspektoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, orta təhsilli, subay, ünvan 1 ünvanında yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-cı maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PŞ-dən daxil olmuş xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqında protokoldan görünür ki, Şəxs “Vaz - 2107” markalı avtomobildən oğurluq etmiş və narkotik vasitə qəbul etmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PŞ-nin polis sahə inspektoru X4 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə Nərimanov rayonu ərazisində xidmət aparan zaman bir nəfər vətəndaş özünü şübhəli apardığından və narkotik vasitə istifadə etməkdə şübhəli olduğundan şəxsiyyətini müəyyən etmək üçün Nərimanov RPİ-nin 16-cı PŞ-yə gətirilmişdir. Daha sonra müvafiq araşdırma başlanılmış və Şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etdiyi və xx.xx.2025-ci il tarixdə ünvan 2 ünvanda saxlanılmış “Vaz-2107” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurluq etməklə zərərçəkmiş şəxsə 450 manat vurduğu müəyyən olunmuşdur. Şəxs barəsində tədbir görülməsi üçün İXM-in 206 və 227-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü təqsirli bilib izahatında göstərmişdir ki, xx.xx.2026-cı il tarixdə polis əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində saxlanılmışdır. Həmin vaxt ona qarşı hər hansı fiziki və ya psixi zorakılıq tətbiq edilməmişdir. xx.xx.2025-ci ildən xx.xx.2025-ci il tarixə keçən gecə Elbrus adlı tanışı ilə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində yolda “Vaz-2107” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobili görüb oğurluq etmək qərarına gəlmişlər. Həmin vaxt Elbrus bir qədər aralıda dayanıb müşahidə aparmış, o, isə vintaçanla avtomobilin sağ qapısını açmış, maqnitafon və orada olan kitabçanın içərisindən 240 manat məbləğində pulu oğurlamışdır. Pulların bir hissəsi 1 manatlıq, digərləri isə 10 və 20 manatlıq əskinazlardan ibarət olmuşdur. Həmin puldan 20 manatını özü üçün götürmüş, 220 manatını isə Elbrusa vermişdir. Çünki Elbrus kreditlə götürdüyü avtomobilinin ödənişini etməli idi. xx.xx.2026-cı il günorta saatlarında saat 15 radələrində Nəsimi rayonu, “Şamaxinka” adlanan ərazidə olarkən Fəzail adı ilə tanıdığı şəxsdən istifadə etmək üçün psixotrop maddə metamfetamin əldə etmiş, həmin gün saat 20 radələrində Nərimanov rayonu, İ.Dadaşov küçəsində olarkən istifadə etmişdir. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsinin xx.xx.2026-cı il tarixli, 319 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Şəxs xx.xx.2022-ci il tarixdən Bakı şəhər NM-də (F11x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. “İnzibati qaydada tutma haqqında” xx.xx.2026-cı il tarixli protokoldan görünür ki, Şəxs həmin gün saat 16:00-da inzibati qaydada tutulmuş, xx.xx.2026-cı il tarixdə saat 16:40-da azad edilmişdir. Şəxs yazılı izahatından görünür ki, o, törətdiyi inzibati xətanı etiraf etmişdir. EMİS-dən əldə olunan məlumatlardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-54/2022 saylı hökmünə əsasən Şəxs Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittihamedici hökm çıxarılmışdır. Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PŞ-nin təhqiqatçısı Amur Məmmədli tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X1 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov küçəsində saxladığı “Vaz-2107” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobilindən pul və ya digər əşyaların talanması nəticəsində 450 manat zərər vurulması barədə məlumat üzrə naməlum şəxsin əməlində cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanmasının rədd edilməsi, Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə naməlum şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin 16-cı PŞ-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.4-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz; 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayət hesab edilir. Azərbaycan Respublikası CM-in 177-ci maddəsinin Qeydinin 1-ci bəndinə əsasən Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Məhkəmə qeyd edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və inzibati protokolu müdafiə etmiş şəxsin izahatları, ekspertiza rəyi, eləcə də inzibati xəta haqqında iş üzrə icraat materialında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halllar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs əvvəllər satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum olunmasına baxmayaraq islah olunmadan qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə istehlak etməsi onu deməyə əsas verir ki, barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm onun, həm də başqa şəxslərin yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Bu səbəbdən məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tətbiq olunmalı, həbs müddətinin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 14 yanvar 2026-cı il saat 16:00-dan hesablanmalı, Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və onun ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə iclasında verdiyi izahata əsasən Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq cinayət əməlinin tərkib əlamətlərinin olması ehtimal edildiyi üçün inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinə dair hissədə bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməli, şəxsin əməlinə hüquqi qiymət verilməsi məsələsinin həll edilməsi və Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PŞ-nin təhqiqatçısı Amur Məmmədli tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarın qanuniliyi və əsaslılığının yoxlanılması məqsədilə qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.1.2, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 25 gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 14 yanvar 2026-cı il saat 16:00-dan hesablansın. Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə aid hissədə xitam verilsin. Şəxs əməlinə hüquqi qiymət verilməsi məsələsinin həll edilməsi və Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PŞ-nin təhqiqatçısı Amur Məmmədli tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarın qanuniliyi və əsaslılığının yoxlanılması məqsədilə qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və onun ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi nəzərə alınsın. Qərarın icrası inzibati həbsin tətbiq edilməsi hissəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X2 Mərkəzinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(5-97)-276/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-276/2026
15.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver