Məhkəmə qərarları › İş №3(5-97)-279/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-279/2026

15.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-279/2026 15.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat:18:00 Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, X9 katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis şöbəsinin sahə inspektoru polis baş leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə İsmayıllı anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi işləyən orta təhsilli, evli, İsmayıllı rayonu, İsmayıllı şəhəri, Şəhriyar küçəsi ev 39 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri Xətai rayonu, NZS qəsəbəsi ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nərimanov RPİ 16-cı Polis şöbəsinin sahə inspektoru X4 tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 15 yanvar 2026-cı il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli, 15 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında həmin protokolda göstərilir ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 20:00 radələrində Nərimanov rayonu ərazisində narkotik vasitə isifadə etmişdir. Nəticədə Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis şöbəsinin sahə inspektoru X8 inzibati xəta haqqında protokolda qeyd olunanlara uyğun çıxış edərək Şəxs Nərimanov rayonu ərazisində narkotik vasitə istifadə etdiyini, narkoloji ekspertizadan keçirildiyini və ekspertiza rəyinə əsasən narkotik vasitə istifadə etdiyinin müəyyən olunduğunu bildirmiş və barəsində müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq, sonuncunun barəsində hazırda oğurluq ilə bağlı araşdırma olduğunu da qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 206-cı maddəsi ilə təqsirli bilərək qeyd etmişdir ki, xx.xx.2026-cı il tarixdə günorta saat təxminən 13 radələrində Abşeron rayonu Müşviqabad qəsəbəsi adlanan ərazidə olarkən adını Füzuli kimi təqdim edən, lakin tanımadığım şəxsdən öz istifadəsi üçün narkotik vasitə almışdır. Həmin gün saat 20 radələrində Nərimanov rayonu H.Əliyev küçəsində olarkən həmin narkotik vasitədən istifadə etmişdir. Narkotik vasitə istifadə etdiyi üçün peşman olduğunu, birdə bu cür hallara yol verməyəcəyini bildirmişdir. Hazırda taksi kimi çalışdığını əlavə etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli, 15 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 20:00 radələrində Nərimanov rayonu ərazisində narkotik vasitə isifadə etmişdir. Nəticədə Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsin Ambulator X1 haqqında xx.xx.2026-cı il tarixli, 320 nömrəli rəyindən görünür ki, Şəxs opioidlərin və psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin, hal hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmuş, narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəsissəsində profilaktik qeydiyyata alınması məsləhət görülür. xx.xx.2026-cı il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, X5 xx.xx.2026-cı il tarixdə, saat 15:05-də inzibati qaydada tutulmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-nin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 206-cı maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə - iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, inzibati xəta haqqında iş üzrə toplanmış materialları, o cümlədən MN seriyalı ******* nömrəli, 15 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında protokolu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 15 yanvar 2026-cı il tarixli, 320 nömrəli tibbi yoxlama haqqında rəyini, barəsində icraat aparılan şəxs Şəxs izahatı və digər sənədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiq edərək, öz daxili inamı ilə qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi təkzibedilməz sübutlarla tam təsdiqini tapmışdır. İşin faktiki hallarından müəyyən edilmişdir ki, Şəxs psixotrop maddələrdən qanunsuz olaraq istifadə etmişdir. Bu fakt onun məhkəmədəki səmimi etirafı ilə yanaşı, daha da əhəmiyyətlisi, iş materiallarına əlavə edilmiş və heç bir şübhə doğurmayan Respublika Narkoloji Mərkəzinin rəsmi tibbi rəyi ilə tam sübuta yetirilir. Həmin rəyə əsasən, Şəxs bioloji materiallarının müayinəsi zamanı onun orqanizmində bir neçə növ narkotik maddənin (MOP(+), MET(+), TML(+)) izləri aşkar edilmişdir. Bu, təkcə birdəfəlik istifadə faktını deyil, həm də polinarkomaniya, yəni eyni zamanda bir neçə növ psixoaktiv maddədən suiistifadə halını göstərir ki, bu da öz növbəsində əməlin ictimai təhlükəliliyini və şəxsin sağlamlığı üçün yaratdığı riski artırır. Məhkəmə, inzibati tənbeh növünü və həddini müəyyən edərkən İXM-in 31-ci maddəsinin tələblərini, yəni xətanın xarakterini, təqsirkarın şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları rəhbər tutur. İXM-in 32.1.1-ci maddəsinə əsasən, Şəxs törətdiyi əməldən səmimi peşmançılığını bildirməsi və gələcəkdə bu cür hərəkətlərə yol verməyəcəyini vəd etməsi məhkəmə tərəfindən məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilir. Bununla yanaşı, İXM-in 33cü maddəsi ilə müəyyən edilmiş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 206-cı maddəsinin sanksiyası alternativ xarakter daşıyır və cərimə ilə yanaşı, bu tədbirin kifayət sayılmadığı hallarda iki ayadək müddətə inzibati həbsin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, hazırkı işin konkret hallarında cərimə tənbehinin tətbiqi İXM-in 21-ci maddəsində nəzərdə tutulan tənbehin məqsədlərinə – həm xətanı törətmiş şəxsin islah olunmasına, həm də yeni xətaların törədilməsinin qarşısının alınmasına nail olmaq üçün kifayət qədər təsirli və adekvat tədbir deyildir. Bu qənaət aşağıdakı fundamental əsaslara söykənir: Birincisi, Respublika Narkoloji Mərkəzinin rəyində onun bir neçə növ psixotrop maddələrdən istifadə etməsi qeyd edilmişdir. Bu onun əməlinin təsadüfi bir hərəkət olmadığını, davamlı xarakter daşıyan bir hərəkət olduğunu göstərir. Belə bir vəziyyətdə cərimənin tətbiqi yalnız formal xarakter daşıyacaq və xəstəliyin kökündə duran səbəbləri aradan qaldırmayacaqdır. İkincisi, İXM-in 9.1-ci maddəsində təsbit edilmiş ədalətlilik prinsipi tətbiq olunan tənbehin həm də ictimai mənafelərə uyğun olmasını tələb edir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi və istehlakı cəmiyyət üçün yüksək təhlükə mənbəyidir. Narkotik vasitələrdən davamlı istehlak edən şəxslərin islah olunmadan cəmiyyətdə sərbəst qalması yeni hüquq pozuntularının törədilməsi üçün real risk yaradır. Bu baxımdan, Şəxs cəmiyyətdən müvəqqəti təcrid edilməsi təkcə onun öz şəxsi sağlamlığının bərpası üçün deyil, həm də ictimai təhlükəsizliyin təmini üçün zəruri və mütənasib bir tədbirdir. Şəxsin hazırda taksi sürücüsü kimi çalışması, xidmətlərindən istifadə edən şəxslərin də həyatı üçün təhlükə yaratmaqdadır. Bütün bu halları məcmusunda qiymətləndirən məhkəmə, yüngülləşdirici halın mövcud olmasına baxmayaraq, törədilmiş inzibati xətanın xarakteri, onun ictimai təhlükəliliyi, Şəxs şəxsiyyəti və sağlamlıq vəziyyəti barədə tibbi rəylə təsdiqlənmiş hallar nəzərə alınmaqla, onun barəsində İXM-nin 206-cı maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsini ədalətli, qanuni və tənbehin məqsədlərinə nail olmaq üçün yeganə effektiv vasitə hesab edir. Bundan əlavə, məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin əvvəli 14 yanvar 2026-cı il tarixdən saat 15:05-dən hesablanmalıdır. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator X1 haqqında xx.xx.2026-cı il tarixli, 320 nömrəli rəyini nəzərə alaraq Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən və İXM-nin 30, 55, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 14 yanvar 2026-cı il tarixdən saat 15:05-dən hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X2 Mərkəzinə tapşırılsın. Şəxs ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar