Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-284/2026 10.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hadi Mircəlal Mirşamil oğlunun katibliyi, Bakı şəhər BDYPİ nümayəndəsi - Nümayəndə iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-ci il tarixli qərardan şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsində qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixdə BDYPİ əməkdaşı tərəfindən İXP7699794 saylı xx.xx.2025-ci il tarixli protokol əsasında çıxarılmış xx.xx.2026-ci il tarixli qərar ilə 100 manat cərimə edilmişdir. Həmin tarixdə DYP əməkdaşı onu saxlayaraq sarı işıqdan keçməyi ilə bağlı inzibati xəta törətdiyini bildirmiş, lakin ona sarı işıqda yox, yaşıl işıqda keçdiyini bildirmişdir. Bununla bağlı sübut tələb etdikdə, DYP əməkdaşı 5 dəqiqə sonra ona mobil telefonundan uzaqdan onun maşınına oxşar maşının videosunu göndərmişdir. O isə cavab olaraq bu videonun şəxsi telefon ilə çəkildiyini və nömrəsinin görünmədiyini bildirərək etiraz etmişdir. Lakin, bir müddət sonra ona cərimə tətbiq edilməsi ilə bağlı sms gəlmişdir. Qeyd olunanları nəzərə alaraq, barəsində tətbiq edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmənin əvvəlki iclasında iştirak edən qərardan şikayət vermiş şəxs X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, həmin videogörüntü ilə razı olmadığını, yaşıl işıqda keçdiyini bildirərək qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati qərar qəbul edən qurumun nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Belə ki, DYP avtomobilində quraşdırılmış videokamera görüntülərindən göründüyü kimi, sürücü yaşıl işıq söndükdən sonra yol ayrıcına daxil olmuş, videogörüntüdə tam şəkildə bu görünməkdədir. Eyni zamanda, videonun irəlisində avtomobilin dövlət qeydiyyat nişanı aydın şəkildə görünür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Elektron çıxarışdan görünür ki, sürücü xx.xx.2026-ci il tarixli qərar ilə İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat inzibati cərimə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş videogörüntülərdən görünür ki, nəqliyyat vasitəsi işıqforun yaşıl işığının xəbərdarlıq formasında 3 dəfə yanıb-keçməsindən və tamamilə sönməsindən sonra yolayrıcına daxil olmuş və hərəkəti davam etdirmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud ara məsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, şəkillərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İnzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biri olan qanunçuluq prinsipinə müvafiq olaraq, inzibati tənbeh yalnız qanunla müəyyən edilmiş qaydada və əsaslarla tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin imperativ tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini (obyekt, obyektiv cəhət, subyekt, subyektiv cəhət) özündə ehtiva edən əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Mübahisələndirilən qərara əsasən, X2 İXM-nin 327.2-ci maddəsi ilə – svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə məsuliyyətə cəlb edilmişdir. Qeyd olunan normal blanket xarakterli olduğu üçün "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun müvafiq normalarına istinad edilməlidir. YHQ-nin 59-cu maddəsinin İİİ hissəsinin 3-cü bəndinə əsasən, svetoforun sarı rəngli işığının yanması hərəkəti qadağan edir və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir. Həmin maddənin 1-ci və 2-ci bəndlərinə görə isə yaşıl rəngli işığın yanması hərəkətə icazə verir, lakin yaşıl rəngli işığın yanıb-sönməsi vaxtın qurtardığını və tezliklə qadağan siqnalının yanacağını bildirir. Məhkəmə nəzərə alır ki, YHQ-nin 60-cı maddəsinin İV hissəsi müstəsna hal kimi, svetoforun sarı işığı yandıqda kəskin tormozlamadan nəqliyyat vasitəsini dayandırmağın mümkün olmadığı hallarda hərəkətin davam etdirilməsinə icazə verir. Lakin bu istisnanın tətbiqi üçün sürücünün svetoforun iş rejimini düzgün qiymətləndirməsi və hərəkət sürətini vəziyyətə uyğun seçməsi zəruridir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində və İXM-nin 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən, şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilməyibsə, o, təqsirsiz hesab edilir. Bu prinsip, inzibati xəta haqqında iş üzrə sübut etmə yükünün inzibati orqanın üzərinə düşməsini şərtləndirir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnda (bax: Telfner Avstriyaya qarşı, O’Halloran və X3rşı) qeyd edildiyi kimi, yol hərəkəti qaydaları əleyhinə olan işlərdə obyektiv müşahidə vasitələrinin (video və foto qeydiyyat) rolu həlledicidir və təqsirsizlik prezumpsiyası faktiki halların sübuta yetirilməsi ilə təkzib edilə bilər. Məhkəmə iclasında tədqiq edilmiş, inzibati orqan tərəfindən təqdim olunan və hadisə anını əks etdirən videoçəkiliş obyektiv və qərəzsiz şəkildə araşdırılmışdır. Videogörüntüdən aydın şəkildə müşahidə olunur ki, X1 idarə etdiyi nəqliyyat vasitəsi svetoforun yaşıl işığının yanıb-sönməsi (xəbərdarlıq rejimi) başa çatdıqdan sonra stopxətti keçərək yolayrıcına daxil olmuşdur. Şikayətçinin "yaşıl işıqda keçmişəm" və "video telefonda göstərildiyi üçün aydın deyildi" kimi arqumentləri məhkəmə tərəfindən tənqidi qiymətləndirilir. Belə ki, texniki vasitələrin qeydə aldığı görüntülərdə svetoforun iş rejimi və nəqliyyat vasitəsinin trayektoriyası dəqiq görünür. Sürücünün yaşıl işığın yanıb-sönməsi zamanı sürəti azaltmaq və dayanmaq imkanı olduğu halda, hərəkəti davam etdirməsi YHQ-nin tələblərinin pozulmasıdır. İkincisi, inzibati xətanın rəsmiləşdirilməsi zamanı DYP əməkdaşının hadisə yerində görüntünü hansı vasitə ilə (planşet, mobil cihaz və s.) nümayiş etdirməsi, inzibati xətanın mahiyyətinə və işin materiallarına əlavə edilmiş rəsmi videoyazının hüquqi qüvvəsinə xələl gətirmir. Beləliklə, iş üzrə toplanmış sübutlar məcmusu təsdiq edir ki, sürücü işıqforun icazəverici siqnalı bitdikdən sonra hərəkəti davam etdirməklə İXM-nin 327.2-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan əməli törətmişdir. Şikayətçinin irəli sürdüyü dəlillər subyektiv xarakter daşıyır və işin obyektiv materialları ilə (videogörüntü) təkzib olunur. Məhkəmə həmçinin İXM-nin 124.3 və 124.4-cü maddələrinin tələblərinə riayət olunub-olunmadığını yoxlamışdır. Müəyyən edilmişdir ki, sürücü hadisə yerində xəta ilə razılaşmadığı üçün səlahiyyətli vəzifəli şəxs tərəfindən protokol tərtib edilmiş və işə baxılması üçün müvafiq qərar qəbul edilmişdir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın qəbul edilməsi zamanı prosessual müddətlər və qaydalar gözlənilmiş, şəxsin müdafiə hüququ pozulmamışdır. Tətbiq edilən cərimə məbləği İXM-nin 327.2-ci maddəsinin sanksiyası çərçivəsindədir və törədilən əməlin ictimai təhlükəlilik dərəcəsinə mütənasibdir. Yuxarıda qeyd edilənləri, habelə İXM-nin 135-ci maddəsini rəhbər tutaraq, məhkəmə hesab edir ki, xx.xx.2026-cı il tarixli qərar qanuni və əsaslıdır, onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir hüquqi zəmin mövcud deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 barəsində tətbiq edilmiş xx.xx.2026-ci il tarixli, TP seriyalı ******* saylı qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamal Babayev
Məhkəmə qərarları › İş №3(5-97)-284/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-284/2026
10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver