Məhkəmə qərarları › İş №3(5-97)-31/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-31/2026

06.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-31/2026 06.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 18:30 Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin polis sahə inspektoru X1, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin X12 şöbəsinin yol-patrul xidməti inspektoru X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Ağcabədi rayonunda anadan olmuş, orta təhsilli, evli, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 3168 məhəlləsi, ev 43, mənzil 47 qeydiyyatda olan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 334- 1.1-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-dən daxil olmuş xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon X12 Şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqında protokola əsasən Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin X12 şöbəsinin yol-patrul xidməti inspektoru X9 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə saat 21:55 radələrində Nərimanov rayonu, Ziya Bünyadov prospekti ərazisində xidmət aparan zaman “Range Rover” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeyri-sabit idarə edildiyini görüb sürücüyə “saxla” işarəsi verərək ona yaxınlaşmış, sənədlərini təqdim etməsini tələb etmişlər. Sənədlərinə baxarkən həmin şəxsin sürücülük hüququnun məhdudlaşdırıldığı aşkar olunmuşdur. Daha sonra şəxs tibbi müayinəyə aparılmış, bu zaman onun narkotik maddənin təsiri altında olduğu müəyyən olunmuşdur. Bundan sonra sürücü Nərimanov RPİ-nin 17-ci PŞ-yə təhvil verilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin polis sahə inspektoru X3 çıxış edərək bildirmişdir ki, tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edir. Belə ki, xx.xx.2026-cı il tarixdə saat 21:55 radələrində “Range Rover” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, həmçinin narkotik maddənin təsiri altında avtomobili idarə etməsi müəyyən olunaraq Nərimanov RPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Daha sonra o, Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə gətirilmiş, həmin şəxsin Şəxs olduğu müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmənin sualına cavabında bildirmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 21:55-də YPX-nin əməkdaşları tərəfindən saxlanılmaqla azadlığı məhdudlaşdırılmış, bundan sonra 17-ci Polis Şöbəsinə gətirilmiş, hazırkı vaxtadək orada saxlanılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü təqsirli bilib izahatında göstərmişdir ki, xx.xx.2026-cı il tarixdə saat 19 radələrində narkotik vasitə istifadə etmiş və həmin gün saat 21:50 radələrində kirayə götürdüyü “Range Rover” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan sonra Nərimanov RPİ-nin 17ci Polis Şöbəsinə gətirilmiş və orada barəsində araşdırma aparılmışdır. Hazırkı vaxtadək azadlığı məhdudlaşdırılmışdır. Əvvəllər də Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə təqsirli bilinərək barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X2 xx.xx.2026-cı il tarixli, 37 nömrəli tibbi yoxlamanın rəyindən görünür ki, Şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Şəxs xx.xx.2025-ci il tarixdən Respublika NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 1/10 №-li xx.xx.2026-cı il tarixli aktın surətindən görünür ki, Şəxs narkotik vasitə istehlakı nəticəsində yaranmış sərxoş vəziyyəti (OPİ (+), THC(+), MET(+), PGB(+)) aşkar edilmişdir. "xxxx" MMC ilə Şəxs arasında bağlanmış 04 yanvar 2026-cı il tarixli icarə müqaviləsindən görünür ki, “Range Rover” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobil Şəxs icarəyə verilmişdir. EMİS-dən əldə olunan məlumatlardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(004)-5177/2025 saylı və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(011)-2805/2025 saylı qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir; 334-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 334-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və inzibati protokolu tərtib etmiş şəxsin, eləcə də inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə iclasında Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini (əsas EMİS-dən əldə olunan məlumatlar: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(011)-2805/2025 saylı (İXM 206) və (İXM 206) qərarları) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm onun, həm də başqa şəxslərin yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 334-1.1-ci maddələri ilə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan həbs inzibati tənbeh tədbiri tətbiq olunmalı, həbsin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 04 yanvar 2026-cı il saat 21:55-dən hesablanmalı, Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 334-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xəta üzrə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə barəsində 1 (bir) ay müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin əvvəli 04 yanvar 2026-cı il saat 21:55-dən hesablansın. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi nəzərə alınsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X5 Mərkəzinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar