Məhkəmə qərarları › İş №3(5-97)-325/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-325/2026

17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-325/2026 17.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Hadi Mircəlal Mirşamil oğlunu katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi X2 iştirakları ilə Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs QSC barəsində İXM-nin 430.4-cü maddəsi üzrə tərtib olunmuş 16 yanvar 2026-cı il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola görə Şəxs QSC 2786450.00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddətin keçməsinə baxmayaraq, 2786450.00 ABŞ dolları hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Xəta 05 dekabr 2025-ci il tarixdə törədilmişdir. Məhkəməyə təqdim edilən protokolda qeyd edilir ki, Şəxs QSC 2786450.00 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 2786450.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən Şəxs QSC-nin nümayəndəsi X4 çıxış edərək bildirmişdir ki, xx.xx.2026-cı il tarixli protokol da geri qaytarılmamış pul vəsaiti 2,786,450.00 ABŞ dolları məbləğində göstərilmişdir. Bununla bağlı bildirmişdir ki, Şəxs QSC (bundan sonra - DH NST) SOCAR-ın “Azneft” İB ilə bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə üzrə 2023-cü ilin İV rübündən 2025-ci ilin İ rübünə qədər olan müddətdə “Qalmaz” və “Qaradağ” yeraltı qaz anbarlarında fəaliyyətdə olan quyuların əsaslı təmiri və yeni quyuların qazılması işlərini icra etmişdir. Qeyd edilən işlərlə bağlı tələb olunan bir sıra malların satın alınması məqsədi ilə X1 Dubay şəhərində qeydiyyatda olan “SHN Trading LLC“ şirkəti (bundan sonra - SHN Trading) ilə xx.xx.2023-cü il tarixdə DHN-3111/23-S №-li müqavilə (bundan sonra - Müqavilə) bağlanmış və bu Müqavilə üzrə malların 2,786,450.00 ABŞ dolları məbləğində dəyəri 100% qabaqcadan DH NST tərəfindən xx.xx.2023-cü il tarixində SHN Trading-ə ödənilmişdir. Lakin, SHN Trading Müqavilə üzrə öhdəliklərini vaxtında yerinə yetirməmiş və malların təchizatını həyata keçirməmişdir. Tərəflər arasında aparılan uzunmüddətli danışıqlardan sonra SHN Trading maliyyə vəziyyətində yaranmış çətinlikləri əsas gətirərək malları təchiz etmək iqtidarında olmadığını və qabaqcadan ödənilmiş vəsaitin onun əvəzindən “Tayvest FZCO” şirkəti (bundan sonra - Tayvest) tərəfindən qaytarılması üçün üçtərəfli razılaşmanın imzalanmasını xahiş etmişdir. DH NST layihənin vaxtında icrası məqsədi ilə tələb olunan malları başqa təchizatçıdan satın aldığı və artıq həmin mallara ehtiyac olmadığı üçün üçtərəfli sazişin imzalanması təklifi ilə razılaşmışdır. Bununla əlaqədar olaraq, DH NST, SHN Trading və Tayvest arasında xx.xx.2025-ci il tarixli, 01-2025 №-li saziş (bundan sonra - Saziş) imzalanmış və SHN Trading-ə qabaqcadan ödənilən vəsaitin Tayvest tərəfindən DH NST-yə geri qaytarılması razılaşdırılmışdır. Bu Saziş üzrə xx.xx.2025-ci il tarixində 900,000.00 ABŞ dolları məbləğində vəsait, xx.xx.2026-cı il tarixində 599,884.91 ABŞ dollan məbləğində vəsait, xx.xx.2026-cı il tarixində 270,000.00 ABŞ dollan məbləğində vəsait, xx.xx.2026-cı il tarixində isə 30,117.00 ABŞ dolları məbləğində vəsait ümumilikdə 1800001,91 ABŞ dolları vəsait DH NST–yə geri qaytarılmışdır. Geri qaytarılmalı olan məbləğ 986,448,09 ABŞ dolları təşkil edirdi və həmin məbləğ də geri qaytarılmış və arayış alınmışdır. Gecikməyə səbəb dövlət layihəsinin təcili icra edilməli olması ilə bağlı olmuşdur. Bununla bağlı zəruri sənədləri məhkəməyə təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs QSC 2,786,450.00 ABŞ dolları məbləğində pulun ölkə xaricinə köçürülməsi üçün «Kapital Bank” ASC-yə müraciət etmişdir. DH NST, SHN Trading və Tayvest arasında xx.xx.2025-ci il tarixli, 01-2025 №-li sazişdən görünür ki, SHN Trading-ə qabaqcadan ödənilən vəsaitin Tayvest tərəfindən DH NST-yə geri qaytarılması razılaşdırılmışdır. (xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı üzrə) "xxxx" ASC tərəfindən Şəxs QSC -yə ünvanlanmış 1254 nömrəli 16 fevral 2026-cı il tarixli məktubundan görünür ki, xx.xx.2026-cı il tarixli DHN-008/26 məktubuna cavab olaraq bildirilmişdir ki, Şəxs QSC (VÖEN: **********) tərəfindən “SHN TRADİNG LLC” şirkətinin xeyrinə xx.xx.2023-cü il tarixində aparılmış ******* USD (iki milyon yeddi yüz səksən altı min dörd yüz əli ABŞ Dolları) avans ödənişi AZ96AİİB401300D**********118 saylı hesaba daxil olan cədvəldə qeyd olunan vəsaitlərlə tam bağlanmışdır: xx.xx.2025-ci tarixdə 900000 ABŞ Dolları, xx.xx.2026-cı tarixdə 599884.91 ABŞ Dolları, xx.xx.2026-cı tarixdə 270000 ABŞ Dolları, xx.xx.2026-cı tarixdə 30117 ABŞ Dolları, xx.xx.2026-cı tarixdə 500000 ABŞ Dolları, xx.xx.2026-cı il tarixdə 486448.09. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mərkəzi X3 xx.xx.2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən, iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 53-cü maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi qərarında qeyd olunduğu kimi, Buna görə yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın hərtərəfli, tam və obyektiv aparılması prinsipini rəhbər tutaraq, işdə olan sənədləri və tərəflərin mövqelərini tədqiq edərək aşağıdakı qənaətə gəlir. Məhkəmə, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda irəli sürülən formal hüquq pozuntusu iddiasının mahiyyətini təyin etmək üçün, ilk növbədə, iş üzrə təqdim edilmiş sübutlar məcmusunu qiymətləndirməyi zəruri hesab edir. İş materiallarından müəyyən edilir ki, geri qaytarılmaması və ya idxal edilməməsi mübahisə edilən xx.xx.2023-cü il tarixli valyuta köçürməsi "xxxx" ASC tərəfindən həyata keçirilmişdir. "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2026-cı il tarixli məktubdan da göründüyü kimi xx.xx.2023-cü il tarixində aparılmış ******* ABŞ Dolları (iki milyon yeddi yüz səksən altı min dörd yüz əli ABŞ Dolları) avans ödənişi AZ96AİİB401300D**********118 saylı hesaba daxil edilmişdir. Məhkəmə, işin faktiki hallarını qiymətləndirərkən, tətbiq edilən normanın hərfi mənasından daha çox, onun hüquqi təyinatını və qanunvericiliyin ümumi prinsiplərini rəhbər tutmağı zəruri bilir. İXM-nin 430.4-cü maddəsi Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyinin mühüm elementlərindən olan valyuta tənzimi və nəzarətinin təmin edilməsinə yönəlmişdir. Bu normanın məqsədi rezidentlər tərəfindən idxal əməliyyatı adı altında valyuta vəsaitlərinin əvəzsiz və geri qaytarılmamaq şərtilə ölkədən çıxarılmasının, yəni pərdələnmiş kapital axınının qarşısını almaqdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2019-cu il tarixli Qərarında da qeyd edildiyi kimi, bu kimi normalar valyuta nəzarətinin effektivliyinin artırılmasına xidmət edir. Lakin, təqdim olunmuş iş üzrə vəziyyət bu normanın nəzərdə tutduğu hüquq pozuntusu fərziyyəsindən köklü şəkildə fərqlənir. Qanunun məqsədi valyuta itkisinin qarşısını almaqdırsa, valyuta qazancı ilə nəticələnən bir əmələ görə cəza tətbiqi həmin qanunun ruhuna və məqsədinə zidd olardı. Hüququn formal tətbiqi, onun əsl mahiyyətini üstələməməlidir. İXM-nin 8-ci maddəsi (Təqsirsizlik prezumpsiyası) tələb edir ki, şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilsin. Bu işdə, təqdim olunmuş sənədlər toplusu ən azı Şəxs QSC-nin təqsirsizliyi barədə ciddi və əsaslı şübhələr yaradır ki, bu da təqsirsizlik prezumpsiyasının prinsiplərinə uyğun olaraq şirkətin xeyrinə yozulmalıdır. Lakin, məhkəmə iş materiallarını tədqiq edərkən müəyyən edir ki, iddia edilən inzibati xəta hadisəsi mövcud olmamaqla bərabər, dövlət layihəsinin təcili icra edilməsindən qaynaqlanır. İş materiallarına əlavə edilmiş müqavilələrdən görünür ki, müqavilə bağlanan "xxxx" MMC öhdəliklərini vaxtında yerinə yetirə bilmədiyi üçün müqavilədə qeyd olunan malları vaxtında idxal edə bilməmiş və pul vəsaitlərinin qaytarılması üçün “TAYVEST FZCO” partnyor şirkət olaraq öhdəlikləri üzərinə götürmüş və bu səbəbdən gecikmə baş vermişdir. Qaytarılmış vəsait və köçürülmüş vəsait isə eynilik təşkil etməklə, hər hansı pozuntu halları müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, bu hərəkətsizliyin ictimai təhlükəliliyi sıfıra bərabərdir. İş materiallarından isə birmənalı şəkildə görünür ki, Şəxs QSC-nin həyata keçirdiyi əməliyyatlar zənciri nəticəsində Azərbaycan Respublikasının iqtisadi maraqlarına heç bir zərər dəyməmişdir. Belə ki, sözügedən pul vəsaitləri tam şəkildə ölkə ərazisinə qaytarılmışdır. Məhkəmə bu kontenkstə hərfi mənadan daha çox hüquqi mənaya yönəlir. İXM-nin 3-cü maddəsinin tələbinə görə, inzibati məsuliyyət yalnız təqsirli əmələ görə yaranır. Təqsir isə şəxsin törətdiyi əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə psixi münasibətini ifadə edir. Məhkəmə, işin hallarını təhlil edərək müəyyən edir ki, Şəxs QSC-nin hərəkətlərində valyuta tənzimi qaydalarını pozmağa yönəlmiş qəsd mövcud deyildir. Şirkətin məqsədi qanunsuz yolla valyuta çıxarmaq olmamış, sadəcə texniki yanlışlıq baş vermişdir. "xxxx" QSC-nin əməliyyatın bütün mərhələlərini sənədləşdirməsi, şəffaf şəkildə aparması və nəticədə alınmış malları tam həcmdə ölkəyə idxal etməsi onun hər hansı qanunsuz niyyətinin olmadığını sübut edir. Belə olan halda, şirkətin hərəkətlərində inzibati xəta tərkibinin subyektiv cəhəti, yəni təqsir elementi mövcud deyildir. Məhkəmə, yuxarıda göstərilən faktiki və hüquqi əsasların məcmusunu qiymətləndirərək bu qənaətə gəlir ki, Şəxs QSC tərəfindən həyata keçirilən əməliyyat ölkənin iqtisadi maraqlarına zərər vurmamış və bu əməldə şirkətin təqsiri olmamış, alınmış mallar tam şəkildə idxal edilmişdir.. Buna görə də, Şəxs QSC-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin elementləri mövcud deyildir. Məhz bu səbəbdən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, Şəxs QSC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 43, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 16 yanvar 2026-cı il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar