Məhkəmə qərarları › İş №3(5-97)-329/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-329/2026

17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-329/2026 17.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi Hadi Mircəlal Mirşamil oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Təhqiqat şöbsinin böyük təhqiqatşısı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi və direktoru X1 iştirakları ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 483-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 483-cü maddəsi ilə tərtib edilmiş 05 yanvar 2026-cı il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 483-cü maddəsi üzrə tərtib olunmuş 05 yanvar 2026-cı il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs MMC (VÖEN:**********) tərəfindən 2025-ci ilin fevral ayında **********3488 saylı gömrük bəyannaməsi üzrə ümumilikdə 9162,04 ABŞ dolları (15575,46 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülmədiyi qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin böyük təhqiqatçısı X4 protokolu müdafiə edərək bildirdi ki, protokol tərtib edilən zaman Şəxs MMC-nin konsiqnasiya yolu ilə rəsmiləşdirərək ixrac etdiyi yüklərin müqabilində qaytarılmalı olan 9162,04 ABŞ dolları (15575,46 manat) məbləğində vəsait MMC-nin müvəkkil olunmuş bank hesabına köçürülməmiş, həmçinin, həmin dəyərdə yükün istifadəyə yararsız olması ilə bağlı müvafiq təsdiqedici sənədlər (istifadəyə yararsız yükün hər hansı gömrük prosedurunda rəsmiləşdilməsi ilə bağlı müvafiq sənədlər) gömrük orqanlarına təqdim edilməmişdir. MMC tərəfindən vaxtında gömrük orqanlarına müraciət edilsə idi sorğu ilə müvafiq dövlətin gömrük orqanı tərəfindən faktı təsdiq edərək rəsmi məlumat əldə edə bilərdilər. Həmçinin qeyd etmişdir ki bankdan məktub gömrük orqanına gec daxil olmuş və hazırda **********3488 nömrəli bəyannamə üzrə 2876.89 ABŞ dolları (İki min səkkiz yüz yetmiş altı ABŞ dollar 89 sent) bağlanmamış hissə qalmışdır. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin qanuni təmsilçisi X2 bildirmişdir ki, həm müştərilərdən asılı olaraq həm də bank tərəfindən konsiqnasiya hesabatının vaxtında bağlanmaması səbəbindən bu hal tez-tez baş verir. Qeyd etmişdir ki, mütəmadi xarici şirkətlərə məhsul ixrac edirlər. Lakin, mallar anbara çatdıqdan sonra bu barədə məlumat alırlar ki, məhsullar xarab olub. Bu səbəbdən sözügedən xüsusatı kredit nota ilə rəsmiləşdirirlər. Sonda təqsirlərinin olmadığını bildirərək, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən daxil olmuş 05 yanvar 2026-cı il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 2025-ci ilin fevral ayında **********3488 nömrəli gömrük bəyannaməsi əsasında ixrac edilmiş yüklərin müqabilində qaytarılmalı olan 9162,04 ABŞ dolları (15575,46 manat) məbləğində vəsait Şəxs MMC-nin (VÖEN:**********) Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməmişdir Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən daxil olmuş 02 fevral 2026-cı il tarixli Şəxs MMC-yə ünvanlanmış sorğuya cavab məktubundan görünür ki, **********3488 nömrəli gömrük bəyannaməsi üzrə 2876,89 ABŞ dolları MMC-nin müvəkkil bank hesabına köçürülməmişdir. Bank Respublika ASC-nin Nəsimi filialı tərəfindən Şəxs MMC-yə ünvanlanmış 3673 nömrəli xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, **********3488 nömrəli gömrük bəyannaməsi üzrə xx.xx.2025-ci il tarixdə 17227.96 ABŞ dolları və xx.xx.2025-ci il tarixdə 6285.15 ABŞ dolları bağlanmışdır. **********3488 nömrəli bəyannamə üzrə 2876.89 ABŞ dollar (İki min səkkiz yüz yetmiş altı ABŞ dollar 89 sent) bağlanmamış hissə qalmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinin tələbinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, inzibati xəta haqqında iş üzrə toplanmış sübutları öz daxili inamı ilə, hərtərəfli, tam və obyektiv araşdıraraq, işin faktiki halları ilə hüquq normalarını müqayisəli təhlil edərək aşağıdakı qənaətə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə qeyd edir ki, hər bir inzibati xəta işində inzibati xətanın tərkibinin elementlərinin – obyekt, obyektiv cəhət, subyekt və subyektiv cəhətin mövcudluğu sübuta yetirilməlidir. İnzibati xətanın obyekti. İXM-in 483-cü maddəsi ilə qorunan ictimai münasibətlər Azərbaycan Respublikasının valyuta tənzimi sahəsində dövlət maraqlarının təmin edilməsinə, xarici iqtisadi fəaliyyət nəticəsində əldə olunan valyuta vəsaitlərinin ölkə iqtisadiyyatına qaytarılmasına və maliyyə sabitliyinin qorunmasına yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun 17 may 2021-ci il tarixli Qərarında da qeyd olunduğu kimi, həmin maddə ilə nəzərdə tutulan inzibati xətanın ictimai təhlükəliliyi iqtisadi fəaliyyət sahəsində stabilliyin pozulmasında ifadə olunur. Dövlətin xarici valyuta ehtiyatlarının qorunması və cari hesab əməliyyatlarının tənzimlənməsi Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsi ilə təsbit edilmiş iqtisadi inkişafın təmin olunması vəzifəsi ilə sıx bağlıdır. «Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları»nın 12.2-ci bəndinə əsasən, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin həmin malların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Eyni tələb «Valyuta tənzimi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 9-cu hissəsinin «a» bəndində cari valyuta əməliyyatı çərçivəsində ixrac-idxal əməliyyatlarının 180 gündən artıq olmayan müddətə kreditləşdirilməsi ilə əlaqədar olaraq müəyyən edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan 17 may 2021-ci il tarixli Qərarının birinci bəndində həmin müddətin qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq bütün ixrac əməliyyatlarına şamil edildiyi təsdiq olunmuşdur. Hazırkı işdə Şəxs barəsində İXM-in 483-cü maddəsi ilə protokol tərtib edilmişdir. Həmin normanın dispozisiyasına görə, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması inzibati məsuliyyət yaradır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, MMC tərəfindən 2025-ci ilin fevral ayında rəsmiləşdirilmiş **********3488 saylı gömrük bəyannaməsi əsasında ixrac əməliyyatı həyata keçirilmiş, lakin ixrac olunan malın dəyərinin bir hissəsi – 2876,89 ABŞ dolları məbləğində vəsait qanunvericiliklə müəyyən edilmiş 180 gün müddətində ölkəyə qaytarılmamışdır. MMC-nin direktoru məhkəmədəki çıxışında vəsaitin qaytarılmamasını ixrac olunan malların xarab olması, xarici tərəfdaş tərəfindən ödənişin edilməməsi və bu xüsusatın "xxxx" ilə rəsmiləşdirilməsi ilə əlaqələndirmişdir. Məhkəmə bu dəlilləri rədd edir və aşağıdakı hüquqi əsaslara istinad edir: “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na əsasən, ixrac olunan malların müqabilində vəsaitlərin 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bank hesablarına köçürülməsi məcburidir. Bu tələb imperativ xarakter daşıyır və dövlətin maliyyə sabitliyinin qorunması kimi legitim məqsədə xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair" 17 may 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, İXM-in 483-cü maddəsində nəzərdə tutulan "əldə edilmiş" ifadəsi faktiki əldə edilməni deyil, hüquqi baxımdan əldə edilməli olan, yəni ixrac müqabilində yaranan tələb hüququnu ehtiva edir. İxracatçı malları gömrük sərhədindən keçirməklə dövlət qarşısında valyuta vəsaitlərini ölkəyə qaytarmaq öhdəliyi götürür Konstitusiya Məhkəməsinin həmin qərarında həmçinin vurğulanmışdır ki, müvəkkil banklara köçürülməli olan xarici valyuta vəsaitinin geri qaytarılmaması xarici iqtisadi fəaliyyətin subyektindən asılı olmayan səbəblərdən baş verdikdə, yəni subyektin hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmadıqda, şəxs təqsirsiz olduğundan inzibati məsuliyyətə cəlb edilə bilməz. Lakin bu istisnanın tətbiqi üçün şəxsin həqiqətən bütün lazımi tədbirləri görmüş olması və vəsaitin qaytarılmamasının tamamilə onun nəzarəti xaricindəki səbəblərdən qaynaqlanması sübuta yetirilməlidir. Hazırkı işdə Şəxs MMC-nin direktoru X2 məhkəmə iclasındakı çıxışında vəsaitin qaytarılmamasını ixrac olunan malların (xurma) alıcının anbarına çatdıqdan sonra xarab olması, Rusiya Federasiyasındakı alıcı "xxxx" MMC tərəfindən ödənişin edilməməsi və bu xüsusatın tərəflər arasında "xxxx" ilə rəsmiləşdirilməsi ilə əlaqələndirmişdir. MMC tərəfindən istinad edilən "xxxx" mülki-hüquqi xarakterli sənəd olmaqla, tərəflər arasındakı kommersiya münasibətlərini tənzimləyir. Lakin inzibati hüquq münasibətlərində, xüsusən də dövlətin valyuta nəzarəti rejimində bu sənəd imperativ öhdəlikləri aradan qaldırmaq gücünə malik deyildir. Əgər ixrac olunan mallar keyfiyyətsiz olmuşdursa və ya xarab olmuşdursa, bu fakt sadəcə tərəflərin yazışması və ya daxili sənədləşməsi ilə deyil, gömrük qanunvericiliyinə uyğun olaraq rəsmi prosedurlarla təsdiq edilməli idi. Əgər ixrac olunan mallar həqiqətən keyfiyyətsiz olmuşdursa və ya xarab olmuşdursa, ixracatçı bu faktı yalnız tərəflərin daxili yazışması ilə deyil, qanunvericiliklə müəyyən edilmiş prosedurlarla rəsmiləşdirməli idi. Belə ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə müvafiq olaraq, ixrac edilmiş malların alıcı tərəfindən rədd edilməsi və ya yararsız hesab edilməsi halında müvafiq gömrük prosedurları icra olunmalı, malların geri qaytarılması və ya müvafiq dövlətin rəsmi gömrük orqanlarının təsdiqedici sənədləri əldə edilməli idi. Hazırkı işdə belə rəsmi gömrük sənədləri məhkəməyə təqdim olunmamışdır. Protokolu tərtib edən orqanın nümayəndəsi X4 da məhkəmə iclasında təsdiq etmişdir ki, istifadəyə yararsız yükün hər hansı gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı müvafiq sənədlər gömrük orqanlarına təqdim edilməmişdir. Yalnız mülki dövriyyə iştirakçıları arasında tərtib edilən "xxxx" dövlət qarşısındakı öhdəliyini ləğv etmir. Əks təqdirdə, bu, valyuta nəzarəti sisteminin səmərəliliyini şübhə altına alar və sui-istifadə hallarına yol açar. İnzibati xəta haqqında işlər üzrə icraatda təqsirsizlik prezumpsiyası əsas prinsip olsa da, hüquqi şəxslərin məsuliyyəti zamanı onların fəaliyyətində lazımi qayğı və ehtiyatlılığın göstərilib-göstərilməməsi araşdırılır. Şəxs MMC xarici iqtisadi fəaliyyət iştirakçısı kimi riskləri, o cümlədən qarşı tərəfin öhdəliyi icra etməməsi riskini öz üzərinə götürür. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnda da qeyd edildiyi kimi, dövlətlər iqtisadi sahədə tənzimləmə həyata keçirərkən geniş mülahizə sərbəstliyinə malikdirlər (Gasus Dosier- und Fördertechnik GmbH v. the Netherlands). Dövlətin valyuta ehtiyatlarının qorunması məqsədilə tətbiq etdiyi sərt qaydalar, sahibkarlıq subyektlərindən daha yüksək məsuliyyət tələb edir. MMC tərəfindən valyuta vəsaitinin qaytarılması üçün beynəlxalq arbitraj və ya xarici ölkə məhkəmələrinə müraciət edilməsi barədə dəlillər təqdim edilməmişdir. Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan qərarında təqsiri istisna edən hal kimi göstərilən «subyektdən asılı olmayan səbəblər» dar mənada şərh olunmalıdır. Bu, fors major xarakterli halları, yəni fövqəladə və qarşısıalınmaz hadisələri, həmçinin şəxsin bütün lazımi tədbirləri görmüş olmasına baxmayaraq vəsaitin qaytarılmasının mümkün olmadığı halları əhatə edir. Hazırkı işdə alıcının ödəniş etməməsi ixracatçının nəzarəti xaricindəki fövqəladə hal deyil, xarici iqtisadi fəaliyyətin olan kommersiya riskidir. Yuxarıdakıları nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində İXMin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi tam mövcuddur. Valyuta vəsaitinin qaytarılmaması faktı Bank Respublika ASC-nin arayışı və Gömrük İdarəsinin təqdim etdiyi sənədlərlə sübuta yetirilmişdir. Lakin, məhkəmə qalıq məbləğə münasibətdə qeyd edir ki, protokolda qaytarılmamış vəsaitlərin miqdarı 9162.04 ABŞ dolları kimi qeyd edilsə də, həm Xaçmaz Gömrük İdarəsinin məktubu, həm də məhkəmə iclasında iştirak edən səlahiyyətli orqanın nümayəndəsinin izahatı ilə müəyyən olunur ki, 180 günlük müddət ərzində qaytarılmamış vəsait 2876.89 ABŞ dolları təşkil edir. Tənbeh növünün seçilməsinə gəldikdə, məhkəmə İXM-in 31-ci maddəsini rəhbər tutaraq, xətanın xarakterini, hüquqi şəxsin maliyyə vəziyyətini, yüngülləşdirici və ağırlaşdırıcı halların olmamasını nəzərə alır. İXM-in 483-cü maddəsinin sanksiyası valyuta vəsaitinin dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cəriməni nəzərdə tutur. Ədalətlilik və mütənasiblik prinsiplərini əsas götürərək, məhkəmə sanksiya həddi daxilində cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş valyuta vəsaiti 2876,89 ABŞ dolları məbləğinin 30 faizi miqdarında, yəni 863,067 ABŞ dolları məbləğində (qərar icra edilən günə manatın məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar