Məhkəmə qərarları › İş №3(5-97)-333/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-333/2026

21.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-333/2026 21.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Hadi Mircəlal Mirşamil oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil Zərərçəkmiş şəxs X2 vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, xx.xx.1977-ci ildə Salyan rayonu Çuxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Nərimanov rayonu, M.Nağıyev küç, 2, 24 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X8 tərəfindən Şəxs barəsində MN seriyalı ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-735/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 62140 manat borc məbləğini ödəməkdən yayınmış və icra məmurunun icra sənədinin icrası ilə bağlı qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də, Şəxs barəsində İXM-nin 528.1ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X8 protokolu müdafiə edərək, bildirmişdir ki, Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-735/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 62140 manat borc manat borc məbləğindən bu günə qədər olan borcundan heç bir məbləğdə ödəniş etməmişdir. Sadəcə borclunun paylı mülkiyyətində olan torpaq sahəsi 1860 manat məbləğində qiymətləndirilmiş və Salyan rayon İcra şöbəsində olarkən tələbkarın mülkiyyətinə özgəninkiləşdirilmişdir. Həmin vaxtdan sonra icra sənədi yenidən şöbəyə qaytarılmış, icra tədbirləri davam etdirilsə də, nəticəsiz qalmışdır. Borclu çağırışlardan yayındığından barəsində axtarış elan edilmiş, bugün şöbəyə gətirilərək barəsində protokol tərtib edilməklə məhkəməyə müraciət edilmişdir. Hazırda üzrsüz səbəbdən icra sənədini icra etmədiyindən protokolun təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, hazırda heç bir yerdə işləmir. Bir müddət ev alqısatqısında vasitəçilik etmiş və pul qazanmışdır. Lakin, 6 aya yaxın müddətdir ki, heç bir iş görmür və borc almaqla ailəsini dolandırır. Məşğulluq Xidmətinə müraciət etsə də, ona iş təklif edilməmişdir. Sözügedən evi satdıqdan sonra pul vəsaiti ilə borclarını bağlamışdır. Məhkəmə qərarından məlumatlıdır. Lakin, onun payına düşən 48 sot torpağın 1860 manata qiymətləndirilməsindən narazıdır. Həmin torpağın yenidən qiymətləndirilib borcun ödənilməsinə sərf edilməsini xahiş edir. İcra məmurunun çağırışlarından yayınmamışdır və ödəməkdən imtina etmir. Qeyd olunanları nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən müdaifəçi Vəkil Şəxs ilə oxşar mövqe ifadə vermiş, qiymətləndirici rəyi ilə razı olmadıqlarını, həmin ərazidə torpağın sotunun 1000 manat olduğunu, bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etdiklərini qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X2 nümayəndəsi və vəkili Nümayəndə bildirmişdir ki, Şəxs tələbkara olan borcunu uzun illərdir ki, ödəmir və qərəzli olaraq yayınır. Sözügedən torpaq sahəsinin 1/8 hissəsi qiymətləndirilmiş və tələbkarın xeyrinə özgəninkiləşdirilmişdir. Lakin, 2 ildən artıqdır ki, heç bir əlavə ödəniş ödənilmir. Bu səbəbdən protokolun təmin edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-735/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra il tarixli icra sənədindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzillə bağlı X12 adından cavabdehlər X9 ilə X11 arasında 11 saylı notariat kontorunda bağlanmış 18 iyul 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi və həmin mənzillə bağlı cavabdehlər X11 ilə Şəxs Cəmaləddin oğlu arasında bağlanmış 31 mart 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzillə bağlı Şəxs ilə X3 arasında bağlanmış 13 aprel 2021- ci il tarixli, AN-İ № ******* saylı alğı-satqı müqaviləsi etibarsız hesab edilməsi, Şəxs X2 xeyrinə 64000 (altmış dörd min manat) manat pulun tutulması, X1 Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi. ev 85, 88 saylı mənzillə köçürülməsi qət edilmişdir. Məhkəmədə tədqiq edilmiş “İcraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli, qərardan və həmin tarixli bildirişlərdən görünür ki, 2(103)-735/2023 nömrəli, xx.xx.2023-cü icra sənədlərinin Şəxs tərəfindən könüllü icra edilməsi barədə borcluya məlumat verilmişdir. Borclunun axtarışı haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Qiymətləndirici rəyindən görünür ki, borclu Şəxs məxsus torpaq sahəsi 1860 manat məbləğində qiymətləndirilmişdir. Hüquqi məsələlər «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-nin: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 528.1-ci maddəsinə əsasən, İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, inzibati xəta haqqında iş üzrə toplanmış materialları, icra sənədini, tərəflərin məhkəmə iclasında verdiyi izahatları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiq edərək, öz daxili inamı ilə qiymətləndirərək hesab edir ki, Şəxs əməlində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib elementləri mövcuddur və onun inzibati məsuliyyətə cəlb edilməsi üçün kifayət qədər hüquqi və faktiki əsaslar vardır. İşin materiallarından və tərəflərin izahatlarından müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən çıxarılmış və qanuni qüvvəyə minmiş icra sənədi üzrə borclu olan Şəxs üzərinə qoyulmuş borc öhdəliyini uzun müddət ərzində icra etməkdən yayınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, məhkəmə qərarlarının icrası bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmuru tərəfindən borcluya icraata başlamaq haqqında qərarlar və tələbin könüllü icrası barədə bildirişlər təqdim edilsə də, icra sənədlərində göstərilən tələblər bu günədək icra olunmamışdır. Borclunun bu davamlı hərəkətsizliyi, İXM-nin 528.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan inzibati xətanın obyektiv cəhətini təşkil edir. Barəsində icraat aparılan şəxs Şəxs, borclarını ödəyə bilməməsini iş tapa bilməməsi və əmlakının ədalətli qiymətləndirilməməsi ilə əsaslandırmağa çalışmışdır. Lakin məhkəmə bu dəlili üzrlü səbəb kimi qəbul etmir və mümkün halda qalan vəsaitin ödənilməsindən yayınmasına əsas vermir. Belə ki, şəxsin işlə təmin olunması üçün Dövlət Məşğulluq Xidməti mövcuddur. Şəxs iş axtarışı ilə bağlı rəsmi qaydada Məşğulluq Xidmətinə müraciət etdiyini qeyd etsə də, müvafiq sənədi məhkəməyə təqdim etməmiş, borcun ödənilməsinə cəhd istiqamətində aktiv mövqe nümayiş etdirməmiş, ümumi götürdükdə çalışmadığını, borc almaqla ailəsini dolandırdığını qeyd edərək, özünü müdafiə etməyə çalışmışdır. Lakin, məhkəmə bu dəlillərə tənqidi yanaşır. Qeyd olunanlar onun borcun ödənilməsinə laqeyd yanaşmasını və məhkəmə qərarlarının icrasına kifayət qədər məsuliyyətlə yanaşmadığını göstərir. 64 000 manatlıq öhdəlik qarşılığında uzun illər heç bir ödəniş edilməməsi onun islah olunmadığını və məhkəmə qərarlarına hörmətsizliyini nümayiş etdirir. Borcluya məxsus əmlakın dəyərinə münasibətdə isə məhkəmə qeyd edir ki, həmin xüsusat ayrı məhkəmə icraatın predmetidi və hazırkı işin daxilində qiymətləndirilməsi işin obyektiv cəhətini aradan qaldıran hal kimi qiymətləndirilə bilməz. Eyni zamanda, iş materiallarından göründüyü kimi, o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə tətbiq edilsə də, həmin qərardan nəticə çıxarmamış, islah olunduğunu göstərən hərəkətlər icra etməmişdir. İcra sənədi üzrə öhdəliyin uzun müddət ərzində icra edilməməsi əməlin davamlı və inadkar xarakter daşıdığını göstərir ki, bu da tənbeh təyin edilərkən nəzərə alınmalıdır. İnzibati tənbeh tədbirinin növünü və həddini təyin edərkən, məhkəmə İXM-in 31-ci maddəsinin tələblərini rəhbər tutur. İXM-nin 21-ci maddəsi inzibati tənbehin məqsədinin həm də şəxsin islah olunması və yeni xətaların qarşısının alınması olduğunu təsbit edir. Məhkəmə, İXM-nin 32-ci maddəsinin tələblərinə uyğun olaraq, Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və İXM-nin 33-cü maddəsinin tələblərinə uyğun olaraq, Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən etmir. Lakin, məhkəmə qeyd edir ki, Şəxs barəsində əvvəllər tətbiq edilmiş cərimə növündə inzibati tənbeh onun islah olunmasına və məhkəmə qərarlarının icrasına başlamasına kifayət qədər təsir göstərməmişdir. Qeyd olunur ki, həmin qərarın qüvvəyə mindiyi vaxtdan bir ildən artıq müddət keçdiyindən məhkəmə həmin xüsusatı məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə almır. Lakin, tələbkarın nümayəndəsinin məhkəmədəki çıxışları və tələbləri də göstərir ki, borclunun hərəkətsizliyi onların qanuni mənafelərini ciddi şəkildə pozmaqda davam edir. Bu, onun hərəkətsizliyinin sadəcə bir mülki öhdəliyin icra edilməməsi olmadığını, cinayət nəticəsində bərpa olunmalı olan ədalətin təmin edilməsinə birbaşa mane olduğunu göstərir. Bu da yekunda məhkəmə qərarının nüfuzuna təsir göstərir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyasının 6-cı maddəsi mülki işlər üzrə məhkəmə qərarlarının icrası mərhələsini də əhatə edir. Belə ki, icra olunmayan məhkəmə qərarı ədalətli məhkəmə araşdırması hüququnu pozmaqla, zərərçəkmiş şəxslərin hüquqlarına, yekunda isə dövlətə olan inama zərbə vurmaqla nəticələnir. Bütün bu halların məcmusunu, yəni törədilmiş xətanın davamlı və inadkar xarakterini, əvvəl tətbiq edilmiş tənbehin təsirsizliyini, tələbkarın hüquqlarının kobud şəkildə pozulmasını və borclunun islah olunmağa meylli olmamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbehinin təkrar tətbiqi qeyri-effektiv və qeyri-mütənasib olardı. Belə şəraitdə, İXM-nin 21ci maddəsində nəzərdə tutulmuş tənbeh məqsədlərinə nail olmaq üçün yeganə adekvat tədbir, onun cəmiyyətdən müvəqqəti təcrid edilməsini nəzərdə tutan inzibati həbs növündə tənbehin tətbiq edilməsidir. Qeyd olunanlara əsasən və İXM-nin 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 08 (səkkiz ) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 21 yanvar 2026-cı il tarixdən, saat 17:55-dən hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X6 Mərkəzinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim: Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar